Məktəblilər atasının avtomobilini icazəli ya icazəsiz sürərək “mələdir” və son nəticədə… – YYSİB sədri, ictimai xadim, yazıçı-kulturoloq Aydın Xan Əbilov

“Azərbaycanda yol hərəkəti mədəniyyəti, ümumiyyətlə ictimai nəqliyyatdan tutmuş fərdi avtomobilə qədər insanların sərnişin və sürücü olaraq yolda özünü aparmaq mədəniyyəti demək olar ki, illər boyu yaxşılığa doğru dəyişmir. Düzdür, son illər Azərbaycan Respublikasının İnzibati və Cinayət Məcəlləsində yol nəqliyyat hadisələri ilə bağlı, eyni zamanda hüququ olmadan özünün və valideynin nəqliyyat vasitəsinin idarə edilməsi ilə bağlı cərimələr sərtləşdirilib. Amma hələ də istədiyimiz yüksək keyfiyyətli yol və sürücülük mədəniyyətinə malik olmuruq. Son illər heç bir sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən yetkinyaşlı şəxslərin törətdiyi yol hərəkəti qəzalarının sayı və ağırlaşdırıcı formalarının kəmiyyəti get-gedə çoxalır. İllərdir bu yöndə maarifçilik işləri aparırıq. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi, sıravi polis əməkdaşları, kütləvi informasiya vasitələri tərəfindən bununla əlaqədar müxtəlif layihələr həyata keçirilir, maarifçilik işləri aparılır, təbliğat gücləndirilir. Amma sanki bütün bunlar daşa-divara dəyir”.

Bu fikirləri Herbiand.az-a Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, Prezident təqaüdcüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov bildirib.

Onun sözlərinə görə Azərbaycanda dünyanın heç bir yerində olmayan hadisələr baş verir:

“Təsəvvür edin, gənc insana və ya tələbəyə valideyni tərəfindən on minlərlə qiyməti olan avtomobil alınır. Onlar da həmin avtomobili xalqın dili ilə desək “mələdirlər” və son nəticədə kimsə yol hadisəsi törədir, piyadanın həyatına qəsd edir, onun sağlamlığına böyük ziyan vurur, ya da maşının özü ilə qəza törədərək işlək vəziyyətinə çox böyük zərbələr vurmuş olurlar. Bəs bunun qarşısını necə ala bilərik? Vaxtilə mən təklif etmişdim ki, biz Qafqaz və istiqanlı millət olduğumuza görə sürücülük vəsiqəsi 18 yaşında yox, 22 yaşından yuxarı şəxslərə verilsin. Onlarla sərt işlər aparılsın, sağlamlığı ilə bağlı yoxlama olsun, psixoloji vəziyyəti, qanında narkotik maddələrin olub-olmaması araşdırılsın. Həm də indi 50-60 manata gənclərə, hətta 16-17 yaşlı məktəblilərə sürücülük kursunu bitirən sənədi verənlər, eyni zamanda müəyyən hörmət əsnasında imtahandan kənarda hansısa formada kömək etməklə sürücülük vəsiqəsi verən rəsmi orqanlar ictimai nəzarətin altında olsunlar. Biz hələ də imtahansız hansısa bir day-dayın və ya pulun köməyi ilə həddindən artıq çoxlu sayda sürücülük vəsiqəsi alan vətəndaşların olduğu cəmiyyətdə yaşayırıq. Nə qədər kəskin olsa da bunu deməyə məcburuq. Yol polisi, imtahan götürən komissiyalar və qurumlar hələ də lazımı səviyyədə işləmirlər. Kimə gəldi, hətta xəstələrə, psixi cəhətdən anormal adamlara sürücülük vəsiqəsi verirlər. Bu yaxınlarda öz ailəsinin beş üzvünü qətlə yetirmiş Əhmədin sürücülük vəsiqəsi var, hətta taksi kimi işləyirdi. Tez-tez görürük ki, valideynlər sükan arxasında özləri oturanda qucağında kiçik uşaqlarını qoyub maşını sürməyə can atırlar. Hətta bunu çəkib digərlərinə də pis nümunə ola biləcək formada müxtəlif sosial şəbəkələrdə yerləşdirirlər. Eyni zamanda yuxarı sinif şagirdlərinin xüsusən məzun günləri, bayramlarda və ya öz sevgilisini görmək üçün valideynləri tərəfindən icazəli, ya icazəsiz maşın sürməsini tez-tez görürük. Onlar çox böyük yol-nəqliyyat hadisələri törədir, insanların həyatını cəhənnəmə çevirir və həyatlarına qəsd etmiş olurlar. Bu yaxınlarda bir məşhur bloggerin avtoqəzası və onun nəticəsində dostunun ölməsi və öz qolunun kəsilməsindən tutmuş yenə də tiktokerin pullu yolda saatda 200 km sürətlə maşın idarə etməsi və bunların da sosial şəbəkədə yayılması hadisəsini yadınıza salmaq istəyirəm. Blogger törətdiyi qəzada adam öldüyünə görə indi həbsdə olsa da digərlərini yalnız inzibati məsuliyyət cəlb edib sonra buraxırlar”.

Yazıçı-kulturoloq qeyd edib ki, bunlara qarşı sərt münasibət çox yaxşı nəticə gətirə bilər:

“Biz valideynlər, təhsil müəssisələrinin müəllim, pedaqoq kollektivini, ictimaiyyəti, kütləvi informasiya vasitələrini dəfələrlə çağırmışıq ki, insanlara, xüsusən də gənclərimizin tərbiyəsini pozan hallara yol verməsinlər. Bakı Dövlət Universiteti və digər universitetlərin qarşısında gedin baxın. Orada bahalı ciplər və digər markalı maşınlar görəcəksiniz. Bu maşınlar tələbə övladlarına ataları, anaları tərəfindən alınıb. Hacılar tərəfindən sevgililəri üçün müxtəlif şou-biznes nümayəndələrinə alınan avtomobillərin tez-tez reklam olunduğunu görürük. Dünyanın heç bir yerində görsənməyib ki, hələ heç nə oxumamış və birinci kursda olan tələbə artıq bahalı maşınla universitetə gəlir. Bu insan oxuyarmı, karyera etmək istəyərmi? Bu insan hansısa bir yenilik etmək istəyirmi? Əlbəttə, yox. Belə insanlarda kütləvi surətdə kütləşmə, idrakının bloklanması, şüurunun zəifləməsi gedir. Bu adamların böyük əksəriyyəti sonradan rüşvətxora, qanun pozuntusuna çevrilir, avtoşluq edir, ya da uyüşdürücü maddələrə otururlar. Azərbaycan valideynləri ciddi olun. 100 minlik maşın almaqdansa, bir maqazin, ev alın uşağa, onun gələcəyini fikirləşin. Bilin ki, onlar iqtisadi cəhətdən sosial problemlərini necəsə həll edə bilərlər. Eyni zamanda, dəfələrlə olub ki, uşaqlar öz atalarının avtomobilini və yaxud yaşı çatmayan amma maşın yuma məntəqələrində çalışan gənclər hansısa bir müştərinin maşınını götürür və bununla da qəza törədir, özünün və başqalarının həyatlarını risk altına atmış olurlar. Bunun nəticəsi olaraq da çox böyük problemlər yaşayırıq. Bir gəncin qəza keçirərək əlil olması dövlət qurumlarının və tibb müəssisələrinin yüklənməsi deməkdir. Bu, bizim verdiyimiz vergilər hesabına əlillik müavinəti alıb heç nəsiz bu həyatda ömrünü başa vurması deməkdir. Onun hər il xüsusi müəssisələrdə tibbi sığortanın hesabına müalicəsi deməkdir. Hələ həmin hadisələr zamanı yol polisinin, müstəntiqin, məhkəmənin, əgər ağırlaşdırıcı işdirsə, həm də təcili yardımın, xəstəxanaların, həkimlərin də bu işə cəlb edilməsini nəzərə alsaq, görəcəksiniz ki, çox böyük resurslar sərf olunur. Bunun qarşısını heç cür almaq olmur. Məncə, belə məsələlərə qarşı çox ciddi addımlar atmaq lazımdır. Cərimələrin artırılmasından tutmuş inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi, həbs edilməsi, verilən cəza illərini artırmaq nəinki həmin valideynləri, eyni zamanda bu hadisəni törətmiş uşaq və gənclərin özlərini qapalı müəssisələrə göndərib tərbiyələndirilməsi, maariflənmə aparılmasından tutmuş qanunvericilikdə müəyyən dəyişikliklərə qədər islahatlara getməliyik. Əks təqdirdə, heç də yaxşı bir nəticə ilə rastlaşmayacağıq. İnanıram ki, yaxın gələcəkdə hər kəs anlayacaq ki, həyata bircə dəfə gəlir və onu da nəqliyyata sərf etmək olmaz”.

Bəxtiyar CƏFƏRLİ

https://herbiand.az/post.php?id=49875

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir