Mütəxəssis danışır: uşaqlarda ən çox rast gəlinən anadangəlmə uroloji qüsurlar
“Peşəkar həkim” layihəsinin növbəti qonağı Mərkəzi Gömrük Hospitalının Uşaq cərrahiyyəsi şöbəsinin rəisi, uşaq cərrahiyyəsi və urologiyası uzmanı Dr. Vüsal Cəfərovdur. Müsahibimiz uşaqlarda ən çox rast gəlinən anadangəlmə uroloji qüsurlar haqqında suallarımızı cavablandırıb.
Arayış
Peşəkar uşaq cərrahı və uroloqu Vüsal Cəfərov 2009-cu ildə Azərbaycan Tibb Universitetini bitirib. 2011-2016-cı illərdə İstanbul Universitetinin Cərrahpaşa tibb fakültəsində uşaq cərrahiyyəsi və urologiyası ixtisası üzrə uzmanlıq təhsili alıb. O, Türkiyə Uşaq Cərrahiyyəsi Dərnəyinin üzvüdür. Qətər, Çexiya, Şimali Kipr Türk Respublikası da daxil olmaqla dünyanın bir çox ölkəsində keçirilmiş beynəlxalq konfrans və təlimlərdə iştirak edib.
Uzm. Dr. Vüsal Cəfərov uşaqlarda rast gəlinən böyrəklərin anadangəlmə inkişaf qüsurları, sidik axarındakı anadangəlmə darlıqlar, sidik kisəsi xəstəlikləri, xroniki qəbizlik, anal fistula və apseslər, sidik və nəcis qaçırmaları, təkrarlanan sidik yolları infeksiyaları, vezikoureteral reflüks da daxil olmaqla uşaq cərrahiyyəsi və urologiyasına aid bütün xəstəlikləri beynəlxalq protokollar əsasında müalicə edir.
Qeyd edək ki, həkim V.Cəfərov Azərbaycanda uşaqlarda vezikoureteral reflüksü laparoskopik üsulla əməliyyat edən yeganə cərrahdır.
Həmçinin həkim Dr. Vüsal Cəfərova yad cismin udulması, apendisit, bağırsaq keçməzliyi, mədə və bağırsaq qanamaları kimi problemlərlə bağlı da müraciət etmək olar.
-Uşaqlarda anadangəlmə uroloji qüsurların artımı müşahidə olunur. Bu nə ilə bağlıdır?
-Doğrudur, son zamanlar uşaqlarda rast gəlinən anadangəlmə uroloji qüsurların sayı artmaqdadır. Bu artımı həm kliniki olaraq təcrübələrimizdə müşahidə edirik, həm də dünyada aparılan araşdırmalar təsdiqləyir. Ümumi şəkildə dəyərləndirsək, əsas faktor kimi hamiləlik zamanı aparılan diaqnostik müayinələri qeyd edə bilərik. Müayinələr bu cür qüsurların aşkara çıxma sayının artmasına təsir edir. Məsələn, dopler müayinəsi zamanı ən kiçik uroloji qüsurları da aşkar etmək mümkündür. Həmçinin ətraf mühit amillərinin, hamiləlik yaşının da rolu var.
-Ən çox hansı anadangəlmə uroloji qüsurlara rast gəlirsiniz?
– Uşaqlarda böyrək genişlənməsi kimi tanınan hidronefrozu, vezikoureteral reflüks xəstəliyini, sidik axarı darlıqlarını, kriptorxizm – enməmiş xaya kimi problemləri qeyd edə bilərik. Bundan başqa, ləyən-sidik axarı sisteminin ikiləşməsi, sidik kisəsinin anadangəlmə qüsurları, peyğəmbər sünnəti kimi bilinən hipospadiya ilə də qarşılaşırıq.
-Peyğəmbər sünnəti el arasında yaxşı bir hal kimi qəbul olunur. Amma qüsur imiş?
-Bəli, uroloji qüsurdur. Sidik kanalının normal yerində deyil, cinsiyyət orqanının alt hissəsində sonlanması ilə nəticələnir. Bu da anadangəlmə inkişaf qüsuru sayılır. Bu uşaqlar ya aşağıya doğru, ya da oturaq şəkildə sidiyə çıxmalı olur. 6 ay – 1 yaş arasında əməliyyat göstərişdir. Əməliyyat olunmazsa, uşaqlarda həm psixoloji travma, həm də yanaşı başqa bir inkişaf qüsuru varsa, sonsuzluqla nəticələnə bilər.
-Qeyd etdiyiniz qüsurları bərpa etmək mümkündürmü?
-Adlarını çəkdiyim qüsurları əməliyyatla bərpa etmək mümkündür. Burada vacib məsələ diaqnozun vaxtında təyini və zamanında edilən müdaxilədir. Əgər uşaqda 2-3 ayında böyrək genişlənməsi aşkarlanıb əməliyyat icra olunarsa, böyrəkləri xilas etmək mümkündür. Əks təqdirdə, 8-10 yaşa qədər gecikərsə, bu zaman orqanları itirmək təhlükəsi qaçılmazdır.
Eləcə də əməliyyat göstəriş olan, lakin vaxtında cərrahi müdaxilə edilməyən sidik axarı reflüksü də böyrək itkisi ilə nəticələnə bilər.
-Hansı anomaliyalarda abort göstəriş olur?
-Bəzi inkişaf qüsurları var ki, tibbi olaraq həyatla uzlaşmır və bu kimi hallarda abort göstəriş olur. Məsələn, hər iki böyrəyin kistik olması, yaxud da, ümumiyyətlə, olmaması hamiləliyin süni dayandırılmasını zəruri edir. Eyni zamanda yanaşı başqa inkişaf qüsurları, məsələn, beyinlə bağlı anomaliyalar ola bilər ki, digər mütəxəssislərlə birlikdə aborta qərar verilməsi mümkündür.
-Bu cür uşaqlar dünyaya gələn kimi təcili əməliyyat olunmalıdır?
-Əməliyyatın vaxtı müayinələrdən sonra təyin olunur. Məsələn, elə anadangəlmə uroloji qüsurlar var ki, uşaq dünyaya gələndən ilk 24-48 saat içində cərrahi müdaxilə edilməlidir. Körpə ciddi bir böyrək genişlənməsi ilə doğulubsa, böyrəyin rahatlaması, sidik axarının bərpası üçün əməliyyat etməli oluruq. Sidik kisəsinin ekstrofiyası ilə doğulan uşaqları doğumdan 48 saat sonra əməliyyat etsək, daha uğurlu nəticə əldə edə bilərik.
-İndiyədək rast gəldiyiniz ən mürəkkəb anomaliya nə olub?
-İndiyə qədər rast gəldiyim ən mürəkkəb və nadir anomaliya kloaka ekstrofiyası olub. Bu anomaliyada sidik kanalı, bağırsaq və vagina eyni kanalda yerləşmiş olur. Biz əməliyyatla hər bir orqanı öz yerinə qaytarıb formalaşdırırıq. Bu, 9 saat çəkən mürəkkəb rekonstruktiv əməliyyatlardan biridir.
-Böyrək genişlənməsi nədir? Sadə şəkildə izah edə bilərsinizmi?
-Hirdonefroz, yəni böyrək genişlənməsi böyrək ləyəninin 4 mm-dən çox genişlənməsidir. Sidik böyrəkdə hazırlanır. Əgər sidik axarı dar olarsa, sidik böyrəkdə qalır və genişlənməyə səbəb olur.
-Tək müalicə yolu əməliyyatdırmı?
-Xeyr. Aşağı dərəcəli hidronefrozlar 1 yaşa qədər 75-80 faiz öz-özünə düzələ bilir. 10-15 faiz uşaqlarda isə bu problem ömür boyu davam etsə də, böyrəklərə zərər vermir. Lakin 3-5 faiz hallarda əməliyyat olunmazsa, böyrək itkisi ilə nəticələnə bilər. Bizim əsas işimiz məhz həmin 3-5 faiz xəstəni doğru seçmək və əməliyyat etməkdir.
-Bəs sidik axarı reflüksünün əlamətləri nələrdir?
-Öncə sidik axarı reflüksünü izah edim. Böyrəklərdə hazırlanan sidik axar vasitəsilə sidik kisəsinə yığılır, oradan isə xaric olunur. Əgər sidiyin bir hissəsi yenidən böyrəyə qayıdarsa, reflüks sayılır. Bu hal dəfələrlə təkrar olunarsa, xroniki böyrək çatışmazlığına səbəb olur. Vaxtında müdaxilə edilməzsə, ən sonda orqan nəqlinə ehtiyac yaranır.
-Hansı hallarda reflüks böyrəyin itirilməsi ilə nəticələnir?
-Gecikmiş hallarda. Sidik axarı reflüksünün əsas əlaməti təkrarlanan sidik yolları infeksiyasıdır. Odur ki, əgər övladınızda təkrarlanan sidik yolları infeksiyası varsa, ultrasəs müayinəsi zamanı böyrəkdə genişlənmə izlənilirsə, yüksək hərarət olursa, gecikmədən uşaq uroloquna müraciət etməyiniz tövsiyə olunur. Xüsusi müayinələr vasitəsilə reflüks təyin olunur. Əməliyyatın qapalı, yaxud da açıq üsulla icrasına isə cərrah qərar verir.
-Sidik axarı dardırsa, hansı şikayətlərə səbəb olur?
-Adətən, bel ağrılarına səbəb olur. Uşaqlar ağrıdan qıvrılır. Bu xəstələr zərbəyə məruz qalanda, məsələn, hətta top dəyəndə zərbədən böyrək ləyəni anidən yırtıla bilər.
-Sidik axarı dardırsa, əməliyyatla problemi necə aradan qaldırırsınız?
-Əməliyyatla sidik axarının dar hissəsi çıxarılır və normal hissədən böyrək ləyəninə tikilir.
-Enməmiş xaya haqqında da məlumat verərdiniz. Nə zaman əməliyyat olunmalıdır?
-Normalda iki cür – enməmiş və olmayan xaya problemi ilə rastlaşırıq. Hər iki halda uşağı 6 aya qədər əməliyyat etmirik. Xaya heç yoxdursa, qarının içinə baxırıq. 6 aya qədər gözləməyimizin səbəbi kişi hormonları ilə bağlıdır. Uşaqlarda 6 aya qədər kişi hormonları yüksək olur ki, bu da xayanın enməsinə müəyyən qədər təsir edir.
-Əməliyyat olunan uşaqlarda gələcəkdə cinsi zəiflik, yaxud da sonsuzluq problemləri yarana bilərmi?
-Əgər uşağın xayası yuxarıdadırsa, əməliyyatla düzgün şəkildə xayalığa endiririk. Doğru yanaşma ilə uşaqda gələcəkdə cinsi zəiflik, sonsuzluq kimi problemlər yaranmır. Hətta tək xaya ilə də normal, sağlam həyat yaşamaq mümkündür.
– Əməliyyat gecikərsə, nə ilə nəticələnər?
-Xaya inkişafdan tamam qala, öz funksiyasını itirə bilər. Yeniyetməlik yaşından sonra xərçəngə çevrilmək ehtimalı yaranır. Burulma riski, travmalara qarşı meyilliyi artır. Bu cür xayalar sadə bir zərbədən də fəaliyyətini itirə bilər. Həmçinin oğlan uşağında psixoloji travma da yaradır. Belə ağır vəziyyətlərə gəlib çıxmaması üçün vaxtında tibbi müdaxilə vacibdir.
Qeyd: Maraqlananlar Uzm. Dr. Vüsal Cəfərovla (055) 560-40-03 mobil nömrəsi vasitəsilə əlaqə saxlaya bilərlər. Həmçinin feysbuk, yutub və “usaq_cerrahi_vusal_caferov” instaqram hesabları ilə də həkimə elektron müraciət etmək olar.
Könül Cəfərli