“Dünya ABŞ Konqresinin fəaliyyətini, “Azadlıq Radiosu” isə Azərbaycanı araşdırır”…

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Robert Menendesin məhkəmə prosesi 2024-cü ilin may ayına təyin edilib. Əslində onun haqqında ilkin araşdırmalar 2022-ci ilin iyul ayında başladılıb. 2023-cü ilin oktyabr ayında isə rəsmi ittiham elan edilib. İstintaqın 2 il müddətində uzadılmasının səbəbi yeni detalların üzə çıxmasıdır. Proses təzə başlayanda prokurorluq Robert Menendesi Nyu-Cersidən olan 3 biznesmenlə korrupsiya əlaqəsinə girməkdə şübhəli bilmişdi. İttiham aktında qeyd olunurdu ki, senator və onun arvadı rüşvət kimi nağd pullar, qızıl külçələr, lüks avtomobillər, digər qiymətli əşyalar alıblar.

Qarşılığında ABŞ Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarına təzyiq göstərərək qanunsuz qərarlar verilməsinə vasitəçilik ediblər.

2024-cü ilin yanvar ayında isə yeni faktlar ortaya çıxıb. Menendes ailəsi indi də qiymətli daş-qaşlar almaq müqabilində xarici ölkələrdən olan qruplar üçün  “lobbiçilik etməkdə” təqsirləndirilir.

Əslində onun “xarici qruplarla” əməkdaşlığı üzrə faktlar da yeni deyil. Ermənipərəst, türkofob mövqeyi ilə tanınan Robert Menendes hələ 2022-ci ildə  erməni lobbisindən rüşvət almaq ittihamı ilə medianın gündəminə gəlmişdi. Amma həmin məlumat ABŞ-nin ümumi siyasi kursuna uyğun görünmədiyi üçün qapadılmışdı. Robert də bu variantdan faydalanıb vəziyyətdən çıxmışdı. İndi isə durum dəyişib. Menendesin ABŞ-nin marağına cavab verməyən qruplarla iş birliyinə girməsi üzrə faktlar tapılıb. Onun məhkəməyə çəkilməsi bu amillə bağlıdır.

İstintaq prosesi beynəlxalq media qurumları tərəfindən diqqətlə izlənilir. Menendesin daşıdığı vəzifə xarici siyasət sahəsini əhatə etdiyi üçün, onun istintaq prosesi barədə məlumatlar ABŞ sərhədlərini aşır. Bəllidir ki, Konqresdə xarici siyasət məsələlərinə məsul olan şəxslərin verdikləri qərarlar dünyaya təsir edir. Onların hər dəfə verdikləri bəyanatlar qlobal rezonans doğurur. Bu bəyanatlarda hansısa ölkələrin imicinə dağıdıcı zərbə vurulur. Ya da ki, hansısa ölkələri çəkib dağ başına qaldırırlar. İndi belə çıxır ki, ABŞ parlamentariləri hansısa ölkəni pisləmək, yaxud, öymək işini həm də rüşvət qarşılığında icra ediblər. Kimdən rüşvət alıblar, kimlər üçün “lobbiçilik ediblər”?

Media qurumları araşdırırlar, suallar verirlər, “siyahıdakı digər adlar” barədə ipucu tapmağa çalışırlar. Bilmək istəyirlər ki, ABŞ Konqresində xarici siyasət məsələlərinə məsul olan şəxslər “lobbiçilik” adına rüşvət alaraq hansı ölkələrin, xalqların taleyini qaraldıblar; hansı lüzumsuz ölkəni önə çəkərək dünyaya örnək göstəriblər? İnternet axtarış sistemlərindən görünür ki, qlobal ictimai rəydə tanınan media qurumları bu mövzuda 226 məqalə tirajlayıblar. Əksəriyyəti də suallarla doludur. ABŞ istintaq orqanları isə  medianı maraqlandıran faktları məharətlə gizlədirlər.

Əslində bu mövzu üzrə qapalı saxlanılan detalları əldə edib ictimailəşdirmək imkanı olan media qurumları mövcuddur. Məsələn, “Azadlıq Radiosu” informasiyanın mənbəyinə daha yaxındır. Çünki, təsisçisi və maliyyə mənbəyi ABŞ Konqresinə bağlıdır. Konqreslə sıx təmas halındadır. Yəni, Senatda, Konqresdə toplaşanların, qərar verənlərin, “lobbiçilik edənlərin” bir addımlığındadır. Marağı olsa, bu mövzudan hər gün yaza bilər. Gizlədilən informasiyaları tapıb ictimailəşdirər. Beləliklə, Konqresi yeni yanlış qərarlar verməkdən çəkindirə bilər. Amma yazmayıb. Acınacaqlı faktdır: “Azadlıq Radiosu”nun saytına diqqət yetirəndə bəlli olur ki, o, Robert Menendesin ittiham işi  mövzusunda bircə dənə də olsa, məqalə yayımlamayıb.

Hansı ki, bu mövzuda başqalarından daha çox yazmalıydı. “Azadlıq Radiosu”nun saytında, “Bizim missiyamız” bölümündə qeyd edilib ki, “Radio əməkdaşları əhalinin digər mediadan ala bilmədiklərini, senzurasız xəbərləri və açıq debatları təqdim edirlər”. Əlavə olunur ki, “Azadlıq Radiosu hər hansı mümkün təsir və maneələrə baxmayaraq, obyektiv jurnalistikanın ən yüksək standartlarını tətbiq etməyə çalışır, faktları olduğu kimi çatdırır”. Bəs Menendes mövzusuna yanaşmada niyə “obyektivlik”, yaxud, “faktları olduğu kimi çatdırmaq prinsipi” qorunmayıb? Bilmək olmur, ABŞ Konqresinin işinə kölgə düşəcəyindən ehtiyatlanıb, yoxsa öz imicinin korlanacağından çəkinib? Əgər eyni faktın bənzəri Azərbaycan parlamentində baş versəydi, yəqin ki, “Azadlıq Radiosu” 10-larla məqalə həsr edərdi.

Əslində Radionun səhifələrində Menendesin adı keçən məqalələr də vardır. Amma bu məqalələr Menendesin “rüşvət” və “lobbiçilik” fəaliyyətinə aid deyil. Türkiyəni,  Azərbaycanı pisləyən, Ermənistanı öyən bəyanatlara həsr edilib. Menendes “Erməni soyqırımını” tanımağa çağırış edib, “Azadlıq Radiosu” da onu tirajlayıb. Senatorun rüşvət məsələsinə gələndə isə, Radionun səsi batıb, eşidilməz olub. Yəni, “Azadlıq Radiosu” “missiyamız” bölümündə yazdıqlarının əksinə olaraq, qeyri-obyektiv, qeyri-peşəkar davranıb. Şəxsi maraqlarına uyğun olanda faktları qabardıb, marağına uyğun olmayan faktları isə gizlətməyə çalışıb.

Əgər Senatın Xarici Əlaqələr Komitəsinin sədri lobbiçilik adı altında rüşvət alıb, ayrı-ayrı ölkələrə qarşı yanlış bəyanatlar səsləndiribsə, o cümlədən, Türkiyəyə, Azərbaycana qarşı qərəzli kampaniyalar aparıbsa,  “Azadlıq Radiosu” da Menendesə ruporluq edibsə, nəticə çıxır ki, bu işə dəstək verib. Menendesin Konqresdə törətdiyi maxinasiyaları “Azadlıq Radiosu” informasiya məkanında təkrarlayıb. 

“Azadlıq Radiosu”nun Konqresdə, Senatda araşdırmalı olduğu, amma üzərindən keçdiyi mövzu təkcə Menendes olayı deyil. Bu gün dünya KİV-lərinin ABŞ Konqresini diqqətlə izləmələrinin əlahiddə bir səbəbi də vardır. Konqres Ukraynaya dəstək üçün ayrılmalı olan 61 milyard dollarlıq maliyə paketini təsdiqləmir. Hansı ki, Ukrayna Rusiya ilə savaşa sövq ediləndə silah tədarükünün və digər yardımın sürətləndirilməsi üçün ABŞ Prezidenti lend-liz proqramını təsdiq etmişdi. Ukraynaya fasiləsiz və limitsiz yardım vəd edilmişdi. İstənilən səbəb göstərə bilərlər, amma fakt odur ki, bu gün yardım kəsilib, Ukrayna çıxılmaz duruma düşüb. Statistik qurumlar qeyd edirlər ki, bu müharibə nəticəsində Ukraynanın mülki və hərbi heyət üzrə insan itkilərinin sayı 500 min nəfəri ötüb. Son zamanlar itkilərin sayı daha da intensivləşib. Çünki, Ukrayna ABŞ-nin vədlərinə inanıb, aldadılıb, köməksiz qalıb.

“Azadlıq Radiosu” Konqres üzvlərini sorğulaya, Ukraynanı aldatdıqları üçün tənqid edə  bilər. Ən azı, prezident Co Baydenin çıxışlarından sitatlar verə bilər. Bayden Konqresdə Ukraynaya yardım paketini əngəlləyən respublikaçıların faktiki lideri Donald Trampı “dəli” adlandırır. Tramp da Baydenə “xəstə” deyir ( https://oxu.az/world/638819 ). “Xəstə” ilə “Dəlinin” qarşıdurması Ukraynada yüz minlərlə insanın həyatını bitirir.  “Azadlıq Radiosu” isə bütün bu mövzulara göz yumur. Hansı ki, o, Konqresin orqanıdır. Hər kəsdən çox yazmalıdır. Niyə yazmır? Bilinmir. Fakt budur ki, “Azadlıq Radiosu” öz “missiyasını” yerinə yetirmir. Məramnaməsinin əksinə gedərək, obyektiv davranmır. Yalan danışır, faktları gizlədir. Belə çıxır ki, dünya  xalqları bir “Xəstə”nin, bir “Dəlinin” və onların əlində alət olan bir “Yalançının” əlində qalıb. 

“Azadlıq Radiosu” ABŞ-dəki Konqresdəki problemləri işıqlandırmır. Bəs nədən yazır? Radionun Azərbaycan redaksiyasının internet səhifəsinə baxanda görünür ki, əsas səhifədə bir gün üçün 21 xəbər yerləşdirib. Hamısı da Azərbaycana həsr edilib. Əksəriyyəti məhkəmə proseslərinə və məhbəs həyatına həsr edilmiş məqalələrdir. Radionun bu mövzuda təqdim etdiyi yazı başlıqları xüsusi hazırlanıb. Emosiyaları coşdurur, oxucuları Azərbaycan hüquq-mühafizə orqanlarına qarşı neqativ tonda kökləyir.

Diqqətlə yanaşanda görünür ki, ABŞ həbsxanalarında nə qədər əzazillik, qeyri-insani rəftar varsa, “Azadlıq Radiosu”  hamısının önünə Azərbaycan sözü artıraraq, Azərbaycanda olmuş hadisə kimi təqdim edib. Elə təəssürat yaranır ki, “Azadlıq Radiosu”nun əməkdaşları “Guantanamo” həbsxanasının harada yerləşdiyindən xəbərsizdirlər. 21 ildir ki, dünya mediası  “Guantanamo” həbsxanasından, ABŞ-nin bu həbsxanada insanlara verdiyi zillətdən yazır ( https://www.aa.com.tr/tr/dunya/abdnin-guantanamo-hapishanesi-kurulusunun-21-yilinda-yine-tepkilere-neden-oldu/2785622 ). Barak Obamanı da qınayırlar ki, “Guantanamo” mövzusunda yalan danışıb. Prezident seçiləndə bu ölüm düşərgəsini bağlayacağını vəd edib, sonda vədinə xilaf çıxıb. “Azadlıq Radiosu” isə bu faktın üzərindən sakitcə keçir. “Guantanamo” mövzusunu deyil, Azərbaycan həbsxanalarını müzakirəyə çıxarır.

Bütün bunlar səbəbsiz deyil. USAİD-in ermənipərəst rəhbəri Samanta Pouer, Konqresin ermənipərəst nümayəndəsi Robert Menendes Azərbaycana, Türkiyəyə qarşı hansı mövqeni sərgiləyirlərsə, “Azadlıq Radiosu” da eyni xəttən  çıxış edir. “Peşəkarlıq”, “Obyektivlik”, “Qərəzsizlik” şüarları gözdən pərdə asmaq üçündür.

Radionun yönləndiriciləri sifarişlə işləməyə o qədər aludə olublar ki, “redaksiya təəssübü” çəkməyi də unudublar. 2020-ci il noyabrın 11-də “Azadlıq Radiosu”nun Yerevan redaksiyası daş-qalaq edildi. Narazı şəxslər redaksiya ofisinə girərək avadanlığa xəsarət yetirdilər, əməkdaşları təhqiredici ifadələrlə aşağıladılar. Konqres faktın qabardılmasını məqbul saymadı. Müdafiə olunmaq üçün sifariş vermədi. Redaksiya da susdu. Redaksiyaya hücum edənlər barədə hansı ölçü götürüldü? “Azadlıq Radiosu”nun saytında bu barədə də heç bir məlumat yoxdur. Radionun məramnaməsində “obyektivlik” və “qərəszilik” deyəndə bunumu nəzərdə tutmuşdular?

Müşfiq Ələsgərli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir