“Rusiyaya göndərilib, amma müalicə üçün xəstəxanaya yerləşdirilməyib ki, “ayıbdır, el nə deyər?”” – YYSİB sədri Aydın Xan Əbilov
“Biz bununla bağlı dəfələrlə dövlət orqanlarına, kütləvi informasiya vasitələrinə də müraciətlər etdik ki, Azərbaycan cəmiyyətində nəsə baş verir və bu nəsə düzgün şey deyil. Bu qara hadisələrin, təsirlərin axırı heç də yaxşı nəsə vəd vermir. Dünən 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun törətdiyi dəhşətli qətl bir daha kompleks halda bu məsələlərə toxunulmasını tələb edir. Adamın psixoloji problemi var, ruhi əsəb dispanserinə yerləşdirilməlidir, amma yerləşdirilmir. Üstəlik, belə adama işləmək üçün lisenziya verilib, sürücülük vəsiqəsi ilə təmin edilib. Ata və ananın məsuliyyətsiz addımları, el içində “dəli” adlanan, bir şəxs üçün ev də alınıb. Cibinə pul da “basılıb”. Əlavə olaraq maşın da alıblar ki, taksi işləsin. Rusiyaya göndərilib, amma bir müalicə üçün xəstəxanaya yerləşdirilməyib ki, “ayıbdır, el nə deyər, xalq nə deyər?” Bunun axırı o idi ki, ailənin bu qədər üzvü qətlə yetirildi, ailə, nəsil biabır oldu. Cəmiyyətdə, dövlət qurumlarında və bu məsələni eşidən hər bir kəs dəhşətli psixoloji sarsıntı halları keçirdi”.
Bu sözləri Pravda.az-a açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, Prezident təqaüdcüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.
O bildirib ki, bu qədər məsələlər elə-belə yetişmir: “Orta məktəbdə tərbiyəmizdə buraxılan boşluqlar… Elm və Təhsil Nazirliyinin layihələrinə baxın. Mənasız-mənasız, xaricdə heç effekt verməyən “layihələr”. Azərbaycan məktəblərində milyonlarla pullar “qrant” adı altında silinib. Elm və Təhsil Nazirliyinin İctimai Şurası hara baxır? Mədəniyyət Nazirliyi və digər qurumlarda “İctimai Şura” adı altında əyləşənlər bilinmir ki, hansı sahənin adamlarıdır. Ekspertlər yerinə gedib “İctimai Şura”da ancaq özlərinə qrant verməklə məşğul olanlar hara baxırlar? Yaxşı, dövlət qurumları pisdir, bəs bu ictimaiyyət nümayəndələri, jurnalistlərimiz, mediamız hara baxır? Ümumiyyətlə, cəmiyyət hara baxır? Hanı ağsaqqallar, ağbirçəklər, təriflədiyiniz ailə dəyərləri? Niyə bunlar böhran içindədir? Niyə iflas oldu? Niyə insanlar bir-birilərini qırırlar? Ailə qururlar, dağılır. Niyə tərəflər ailə yükünün məsuliyyətini dərk etmirlər? Niyə gənclərimiz işləmək istəmirlər? Niyə hamı 1 manata taksi sürücülüyü edib yüngül həyat tərzi keçirir? Son vaxtlar artıq açıq narkotik maddələrin satışı ilə məşğul olan saytların adı, “Telegram” ünvanları divarlara yapışdırılır. Hamı bunu görür, hamı da bilir ki, nədir. Məktəblərin yanında baş verir, heç kim də bununla məşğul olmaq, reaksiya vermək istəmir. Təkcə Daxili İşlər Nazirliyi məşğul olmamalıdır, artıq daxili təhlükəsizlik komitəsi, sadaladığımız bütün dövlət qurumları ciddi məşğul olmalıdır. Əks halda, onların da evinə yaxınlaşacaq, öz ailələri, övladları bu bəlaya mübtəla olacaqlar. Fikir verin, Əhməd sıravi bir şəxs deyildi. Atası ona ayrıca ev ala, pul verə bilirdisə, deməli, bunlar varlı ailənin nümayəndələridir. Hələ bu kimi insanların sayı get-gedə çoxalır”.
Aydın Xan Əbilov problemdən çıxış yollarını da sadalayıb: “Çıxış yolu varmı? Əlbəttə, tənqid etmək, problemləri göstərmək asandır. Sadaladığım dövlət qurumlarının işinin yüksək səviyyədə qurulması, öz işində olmayan məmurları həmin dəqiqə işdən çıxarmaq, valideynlərin məsuliyyətini daha da artırmaq, bu tipli hadisələr törədənlərin valideynlərini də cinayət məsuliyyətinə cəlb etmək, eyni zamanda İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə müəyyən dəyişikliklər etmək lazımdır. Əslində, kompleks yanaşılası məsələdir. Sahə polis müvəkkili hara baxırdı? Bəs sahə xəstəxana həkimi? Uşaq həkimi? Əsgərlik xidməti zamanı Əhməd kimi insanları qeydiyyata alan və yoxlanış aparan həkimlər, tibbi komissiyalar hara baxırdılar? Məgər bunlar bilmirdilər? Ya da Əhmədin taksi xidməti göstərdiyi şirkət nümayəndəsi məsuliyyətə cəlb ediləcəkmi? Belə insanların sayı get-gedə çoxalır və çoxalacaq da. Baş verən hadisələr gənclərimizi məhv edir. Sağlam gənclik yetişdirmək üçün ailə institutumuz kifayət qədər güclüdürmü? Ata-analarımızın intellekti çatırmı? Tədqiqat müəssisələri işləyirmi? Səhiyyə Nazirliyinin böhran qrupu varmı? TƏBİB Əhməd kimi gənclərin sağalması ilə bağlı icbari sığorta ilə pulsuz müalicələr edirmi? Məsələyə kompleks halda yanaşılmasa, nə qədər danışsaq da, tənqid etsək də, mənası yoxdur. Çünki bu, artıq Azərbaycan cəmiyyətinin böyük probleminə çevrilib”.
O əlavə edib: “İllərdir, həyəcan siqnalı çalırdıq ki, Azərbaycanda yeni nəslin tərbiyələnməsində əxlaqi, mənəvi, psixoloji yetkinləşməsində böyük problemlər var. Amma təəssüf ki, çox az ictimai təsisatlar buna fikir verirlər. Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi bu yöndə müəyyən işlər aparsa da, çox böyük boşluqlar var. Elmi və metodoloji yanaşma, demək olar, səthi idi. Bu və digər dərəcədə adlarını sadaladığımız bir çox qurumlar, sadəcə, özlərinə yaxın QHT-lərə, layihələrə pul paylamaqla işlərini bitmiş hesab edirdilər. Amma gördüyümüz kimi, uşaq bağçasından tutmuş ta ali məktəblərə qədər, yəni 25 yaşa qədər gənclərimizin mənəvi inkişafı ilə bağlı sistematik, elmi heç bir iş aparılmırdı. Bu da ona gətirib çıxartdı ki, artıq nəinki dünənki dəhşətli faciə, həm də bu tipli problemlər cəmiyyətimiz qarşısında aşılması çətin olan böyük sunamiyə çevrilib. Elə dünən də eşitmişik ki, ər arvadın başını kəsib… Nə baş verir? Azərbaycan cəmiyyəti dünyanın azsaylı toplumlarındandır ki, burada mənəvi, əxlaqi tərəflərlə yanaşı, etnik və milli, mental dəyərlər, ailə bağlarına, insanların bir-birinə hörmətini, xüsusi qayğını təbliğ edirdi. Amma son vaxtlar dünyadan gələn mənfi tendensiyalar, istər kompüter və mobil oyunlardakı ölüm hallarının adiləşdirilməsi, istərsə də sosial media, internet, kütləvi informasiya vasitələrində qətllərlə bağlı çox dəhşətli, ağır fəsadlar verə biləcək olayların işıqlandırılması, hətta bunun sənətə gətirilməsi, teleserialların qəhrəmanlarının narkotik satan, qətl törədən, ailəsini dağıdan insanlardan olması, sosial şəbəkələrdə bu tipli əxlaqsız insanların başımızın üstündə gənclərimizin mənəviyyatını məhv etməsi, hətta televizyalarda, sosial verilişlərdə belə bu tipli insanların, ekspert, yaxud iştirakçı kimi gəlib “qəhrəman”a çevrilməsinin axırı, əlbəttə ki, belə olmalı idi”.
Aytəkin Qardaşova, https://pravda.az/news/139956

