“Azərbaycanda ailə planlaşdırılması o qədər də reallaşmayıb” – Yazıçı-kulturoloqun sərt fikirləri
“Son 50 ildə bütün dünyada olduğu kimi Azərbaycanda da ailə planlaşdırılması məhfumu artıq intellektualların düşüncə məsulundan çox, reallaşan həyat hadisəsinə çevrilir. İnsanlar gələcək övladlarının taleyini düşünür, onların sosial problemlərinin həllindən tutmuş, təhsil, əxlaqi-mənəvi keyfiyyətlərə sahib olması fonunda mühüm addımlar atırlar. Təəssüflər olsun ki, dünyada dəb halını alsa belə, Azərbaycanda ailə planlaşdırılması o qədər də reallaşmadı. Bu proses sanki yalnız intellektuallar, varlı və orta təbəqə ailələrinə aid idi. Bu cür ailələrdə ən çoxu 3 uşaq dünyaya gəlirdi. Kənd yerlərində isə buna əməl olunmurdu”. Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.
Onun sözlərinə görə, kənd yerlərində ailə planlaması demək olar ki, sıfırdır: “Təcrübə göstərir ki, 4 və daha çox uşağı olan ailələrdə valideynlərin ya hər ikisi, ya da biri xəstə olur və ya psixoloji problemlər yaşayır.
Valideyn olaraq 2-3 uşağın düzgün yetişməsi üçün çalışa, əlindən gələni edə bilər. Amma bu say 3-4 uşağı keçdikdə ailə üzvlərini idarə etmək çətinləşir. Bu cür ailələrdə valideynlərin mütləq ki, birinin psixoloji vəziyyəti çox gərgin olur.
Televiziyada olan münaqişəli ailələrin də bir çoxu çoxuşaqlı ailələrdir. Bu cür ailələrə dövlət tərəfindən müxtəlif yardımlar edilir. Bir ailə öz uşağını saxlaya bilmirsə, maddi vəziyyəti buna imkan vermirsə və belə bir dövrdə 4-dən çox uşaq dünyaya gətirirsə, bu cür insanlar məsuliyyətsizdirlər. Hətta fikrimcə bu cür insanlar məsuliyyətə cəlb olunmalıdırlar. Çünki məhz 12 yaşlı qızlarını ərə verən, 10 yaşlı oğlanlarını dilənməyə vadar edən də belə insanlar olur”.
Səbinə Hüseynli
https://sia.az/az/news/social/1130068.html