Qürur duyulan Prezident. İlham Əliyevə təbrik zəngləri gəlir. “Bu, hazırkı prezidentə ictimai dəstəyin səviyyəsini xeyli artırdı” – “Euronews”
“Bu, hazırkı prezidentə ictimai dəstəyin səviyyəsini xeyli artırdı” – “Euronews”
“Exit poll”un nəticələrinə əsasən, dünən Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində Prezident İlham Əliyev 93,9 faiz, Qarabağda isə demək olar ki, 100 faiz səs qazanıb.
Bu barədə “Euronews”un saytındakı materialda deyilir.
Qeyd edilib ki, bu, Azərbaycanın əvvəllər işğal olunmuş bütün torpaqlarını azad edib, ölkənin bütün suveren ərazisini tam nəzarətə götürməsindən sonra keçirilən ilk seçkilərdir: “Seçki komissiyası nümayəndələrinin sözlərinə görə, seçkidə fəallıq yüksək olub və səsvermənin ilk doqquz saatında səsvermə hüququna malik olanların 70 faizindən çoxu səs verib. Qarabağın tam azad edilməsi və müharibədə qazanılan qələbə hazırkı prezidentə ictimai dəstəyin səviyyəsini xeyli artırdı”.
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Euronews”a müsahibəsində qeyd edib ki, müharibə başa çatdıqdan və ərazi bütövlüyü təmin edildikdən sonra ölkə öz inkişafının yeni mərhələsinə qədəm qoyur: “İndi bizim işğaldan azad edilmiş ərazilərin sülh yolu ilə transformasiyası üçün tarixi şansımız var və son məqsədimiz Ermənistanla sülh sazişi imzalamaq, onunla münasibətləri normallaşdırmaqdır. Bu, bütün Cənubi Qafqaz regionunun transformasiyasına daha da böyük təsir göstərəcək”.
Onun sözlərinə görə, seçkilərdən sonra Azərbaycan daha da iqtisadi, sosial və siyasi inkişaf dövrünə qədəm qoyur: “Daha da dinc inkişafın təmin edilməsi hökumət və xalq üçün prioritet məsələyə çevrilir və ölkə qarşısında yeni iddialı məqsədlər, arzular dayanır”.
O da qeyd edilib ki, Qarabağ və ona bitişik ərazilər Birinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Ermənistanın dəstəklədiyi etnik erməni qüvvələrin nəzarətinə keçib: “Azərbaycan 2020-ci ildə Moskvanın vasitəçiliyi ilə atəşkəslə başa çatan altı həftəlik müharibədə Qarabağın bir hissəsini və əvvəllər işğal olunmuş ərazilərinin böyük hissəsini geri qaytarıb. 2023-cü ilin sentyabrında keçirilən birgünlük lokal antiterror tədbirləri ilə rəsmi Bakı separatçı qüvvələri məğlub edərək onları silahı yerə qoymağa məcbur edib. Separatçıların məğlubiyyətindən sonra 100 mindən çox etnik erməni bölgəni tərk edib”.
Qürur duyulan Prezident
Prezident seçkisi başa çatdı, xalq öz seçimini etdi.
Xalq cənab İlham Əliyevi növbəti dəfə Azərbaycan Prezidenti vəzifəsinə layiq gördü. Üstəlik, rekord səslə.
Hit.az vurğulayır ki, bu da gözlənilməz deyildi. Çünki İlham Əliyev tarixə Qarabağı işğaldan azad edən sərkərdə kimi keçib. Məhz onun qətiyyəti və uzaqgörən siyasəti nəticəsində Qarabağı tamamilə işğaldan azad edə bildik. Ali Baş Komandan İlham Əliyevin sayəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam şəkildə bərpa olundu.
30 ildir xəyalını qurduğumuz Xankəndi, Şuşa, Laçın, Xocalı, Kəlbəcər, Ağdam, Füzuli, Qubadlı, Zəngilan, Xocavənd, Ağdərə, Cəbrayıl bu gün azaddırsa, həmin ərazilərimizdə səs verə biliriksə, bunun səbəbkarı da şübhəsiz ki, cənab İlham Əliyevdir.
Azərbaycan xalqı ona qələbə bəxş edən, torpaqlarını düşmən işğalından azad edən güclü liderə yenidən etimad göstərdi. Bu, həm də İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin yeni uğurlar qazanacağına olan inamı göstərir. Çünki dövlət başçısımızın uğurlu daxili və xarici siyasəti özünün bəhrəsini verir. Buna görə də xalq bir daha onu seçdi.
Bu seçim həm də ordu quruculuğuna verilən önəm üçün idi. Çünki Ali Baş Komandanın Azərbaycan Ordusunu yenidən formalaşdırması, onu dünyanın ən güclü texnikaları ilə təchiz etməsini də xüsusi qeyd etmək lazımdır. Cənab İlham Əliyevin rəhbərliyi altında ordumuz dünyanın ən güclü orduları sırasındadır. Daima ən müasir silahlar və hərbi texnikalarla təchiz edilən Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusudur.
Bu, 44 günlük Vətən müharibəsində bir daha sübut olundu. Ordumuzun gücünü bütün dünya qəbul etdi. Heç şübhəsiz ki, Ali Baş Komandanın rəhbərliyi altında ordumuzun qüdrətlənməsi davam edəcək.
Xalq bu seçimi etməklə İlham Əliyevin siyasət ustası olması faktoru da çox böyük rol oynadı. Çünki vətəndaşlar Azərbaycan Prezidentinin dünyada durmadan artan nüfuzunu və gücünü yaxşı görürlər. İlham Əliyev son illərdə Azərbaycanı dünyanın ən sürətlə güclənən və inkişaf edən ölkələrindən birinə çevrilib. Üstəlik, dövlət başçımızın cəsur və müstəqil xarici siyasəti də hər birimizi qürurlandırır. Azərbaycanın heç kimdən çəkinməməsi və haqlı mövqeyini diqtə etməsi İlham Əliyevin yürütdüyü doğru siyasətin təzahürüdür.
Bu seçim həm də daxildəki sabitliyə və vətəndaşa verilən diqqət üçün idi. Hazırda region və dünya ölkələrinin hansı vəziyyətdə olduğunu hər birimiz çox gözəl görürük. Müharibələrin, iqtisadi tənəzzülərin olduğu belə çətin vəziyyətdə daxili sabitliyi qoruyub saxlamaq çox vacibdir. Prezident İlham Əliyev hər zaman sabitliyə və təhlükəsizliyə önəm verib. O, vətəndaşlarını qorumaq üçün bütün addımları atır. Biz bunu pandemiya dövründə də gördük. Ölkəmiz pandemiyanı ən az itki ilə keçirən ölkələrdən biri oldu.
Həmçinin, pandemiyadan sonra iqtisadiyyatı sürətlə inkişaf edən ölkələrin başında da Azərbaycan gəlir. Bütün bunlar atılan addımların son dərəcə düşünülmüş və doğru olduğunun əyani sübutudur. Bundan əlavə, maaşların, pensiyaların və təqaüdlərin də mütəmadi şəkildə artığını xüsusi vurğulamaq lazımdır. Dövlət vətəndaşın mənfəəti üçün lazım olan hər şeyi edir. Təbii ki, vətəndaş da bunu dəyərləndirərək, ona hər zaman diqqət ayıran Prezidentlə yola davam etmək istəyir.
Siyahını istənilən qədər uzatmaq mümkündür. Çünki cənab İlham Əliyev bütün sahələrə xüsusi diqqət ayırıb və bu da öz növbəsində inkişafa səbəb olub. Hər sahədə çalışan insanların İlham Əliyevə səs verməsinin də əsas səbəbi budur.
Reallıq budur ki, İlham Əliyev xalqın sevgisini qazanmış əsl liderdir. Xalqına arxalanan liderin isə zəfərləri daimi və tükənməz olur. Biz İlham Əliyev kimi Prezidentimiz olduğu üçün qürur duyuruq. Onun yenidən seçilməsi isə hər birimizi sevinirdir. Qarşıdakı illərdə də dövlət başçımız tərəfindən yeni uğurların və zəfərlərin müjdəsinin veriləcəyinə inanırıq! Yaşasın İlham Əliyev! Yaşasın Azərbaycan!
Pərviz
İlham Əliyevə təbrik zəngləri gəlir.
Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Prezident İlham Əliyevi seçkilərdə qalib gəlməsi münasibətilə təbrik edib.
Bu barədə Ş.Mişel öz “X” hesabında paylaşım edib.
Onun sözlərinə görə, həmçinin İlham Əliyevlə Avropa İttifaqı və Azərbaycan arasında əlaqələr və əməkdaşlıq barədə fikir mübadiləsi aparıb.
Fevralın 8-də Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
Qırğızıstan Prezidenti İlham Əliyevə prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbriklərini çatdırıb. Sadır Japarov dövlət başçısının rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının önəmini bir daha qeyd edərək, ölkəmizdə sürətli inkişaf proseslərinin getdiyini və beynəlxalq mövqelərinin daha da gücləndiyini vurğulayıb.
Qırğızıstanın dövlət başçısı ikitərəfli münasibətlərimizin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu ehtiramla qeyd edib.
Sadır Japarov Prezident İlham Əliyevə Azərbaycanın tərəqqisi naminə fəaliyyətində uğurlar arzulayıb.
Dövlət başçısı göstərilən diqqətə və təbrikə görə təşəkkürünü bildirib.
Telefon söhbəti zamanı Azərbaycan və Qırğızıstan prezidentləri ikitərəfli dostluq və qardaşlıq münasibətlərimizin bundan sonra da hərtərəfli inkişaf edəcəyinə əminliklərini bildirib və əlaqərimizin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.
***
Fevralın 8-də Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Emoməli Rəhmon İlham Əliyevi prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə təbrik edib, ona ölkəmizin inkişafı və xalqımızın rifahı naminə fəaliyyətində uğurlar arzulayıb.
Tacikistanın dövlət başçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin son illər bütün sahələrdə böyük nailiyyətlər qazanması və Azərbaycanın dünyada nüfuzunun daha da artmasının əhəmiyyətini vurğulayıb.
Dövlət başçısı göstərilən diqqətə və təbrikə görə minnətdarlığını ifadə edib.
Azərbaycan və Tacikistan Prezidentləri dostluq və qardaşlıq münasibətlərimizin bundan sonra da inkişaf edəcəyinə əmin olduqlarını bildirərək, əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.
“Azərbaycan Respublikasında yüksək səviyyədə keçirilən prezident seçkilərində inamlı qələbəniz münasibətilə Sizi – əziz Qardaşımı səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı bildirməkdən sonsuz məmnunluq duyuram” .
Bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev yenidən Azərbaycan Prezidenti seçilən İlham Əliyevə ünvanladığı təbrik məktubunda vurğulanıb.
Bildirilib ki, seçkilərdə İlham Əliyevin namizədliyinin əhali tərəfindən hərtərəfli dəstəklənməsi xalqın irəli sürdüyü strateji proqram və planlara sonsuz inamının əyani təzahürüdür.
“Bu, ilk növbədə, Azərbaycanın ərazi bütövlüyünün tam bərpası və tarixi ədalətin bərqərar olması, ölkənizdə bütün sahələrdə aparılan genişmiqyaslı islahatlar və böyük quruculuq işləri ilə bilavasitə bağlıdır desəm, əsl həqiqəti ifadə etmiş olaram. Bu gün Sizin – öz xalqının həqiqi müdrik liderinin, vətənpərvər və fədakar, görkəmli siyasi xadiminin rəhbərliyi ilə Azərbaycan dövləti şanlı zirvələri fəth edir və onun beynəlxalq arenada nüfuzu, etibarı getdikcə artmaqdadır. Heç şübhəsiz, Sizin bu yüksək vəzifədə fəaliyyətiniz dövlətçiliyin əsaslarının hərtərəfli möhkəmlənməsinə və cəmiyyətin müasirləşməsinə, əhalinin həyat səviyyəsinin daha da yüksəlməsinə, ölkənin sosial-iqtisadi inkişafının təmin olunmasına xidmət edəcəkdir. Əziz qardaşım, bu məqamda xüsusi qeyd etmək istərdim ki, son illərdə bizim ali səviyyədə fəal təmaslarımız və aramızda olan sıx qardaşlıq münasibətlərimiz, həyata keçirilən konkret layihələr və “yol xəritələri” qarşılıqlı faydalı əlaqələrimizə güclü təkan verir”, – deyə vurğulanıb.
Şavkat Mirziyoyev bildirib ki, Özbəkistan və Azərbaycan arasında çoxtərəfli əlaqələrin sürətli inkişafı ili elan edilən cari il ərzində daha on yeni sahə üzrə, o cümlədən kimya, neft-qaz, mədənçıxarma, energetika, elektrotexnika, zərgərlik, maşınqayırma, əczaçılıq, tikinti materialları və bank-maliyyə sahələrində əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş böyük planlar tam şəkildə həyata keçiriləcək.
“Əminəm ki, qəti siyasi iradəmiz və birgə səylərimiz sayəsində uzunmüddətli strateji tərəfdaşlığımız qardaş xalqlarımızın ümumi rifahı naminə bundan sonra da səmərəli şəkildə inkişaf edəcəkdir.
Heç şübhəsiz ki, Zati-alinizin gələcəkdə ölkəmizə həyata keçiriləcək səfəri mövcud potensialımıza və imkanlarımıza uyğun olaraq çoxşaxəli və dostluq əlaqələrimizi tamamilə yeni səviyyəyə ucaldacaqdır.
Hörmətli İlham Heydər oğlu, bu mühüm qələbə münasibətilə Sizi bir daha ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, tükənməz güc-qüvvət, ailə səadəti, ali dövləti fəaliyyətinizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və davamlı tərəqqi arzulayıram”, – deyə təbrik məktubunda bildirilib.
***
Tacikistan Prezidenti Emoməli Rəhmon da yenidən Azərbaycan Prezidenti seçilən İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
“Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Bu münasibətlə ən xoş arzularımı qəbul edin. Qardaş Azərbaycanın ali dövlət vəzifəsinə yenidən seçilməyiniz Azərbaycan cəmiyyətinin Sizə olan yüksək etimadının daha bir inamlı təsdiqidir və ölkənin ardıcıl sosial-iqtisadi inkişafına, həmçinin dövlətinizin beynəlxalq arenada nüfuzunun möhkəmləndirilməsinə yönəlmiş strateji kursunuzun xalqınız tərəfindən geniş şəkildə dəstəklənməsinin göstəricisidir.
Sizin Tacikistan-Azərbaycan dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin möhkəmlənməsinə və dərinləşməsinə sanballı şəxsi töhfənizi vurğulayaraq bu əlaqələrin gələcəkdə də hərtərəfli inkişafına marağımızı ifadə edirəm.
Əminəm ki, biz gələcəkdə də birgə səylərlə iki ölkənin çoxplanlı qarşılıqlı münasibətlərini inkişaf etdirəcəyik, xalqlarımızın rifahı naminə bu əməkdaşlığı yeni praktiki məzmunla zənginləşdirəcəyik.
Əziz İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və təşəbbüslərinizin reallaşdırılmasında yeni böyük uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və davamlı tərəqqi arzulayıram”.
***
Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda deyilir:
“Hörmətli İlham Heydər oğlu. Müstəqillik dövründə ilk dəfə ölkənizin bütün ərazisində keçirilən Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Səsvermə zamanı seçicilərin nümayiş etdirdikləri güclü dəstək cəmiyyətin birliyini və Sizin Azərbaycan xalqı arasında yüksək nüfuzunuzu bir daha çox aydın şəkildə təsdiq etdi.
İyirmi il ərzində Sizin qətiyyətiniz, yüksək siyasi mədəniyyətiniz, xalqınızın səsini eşitmək bacarığınız sayəsində dünyada rəyi ilə hesablaşılan güclü, müstəqil dövlət qurulmuşdur. İqtisadi tərəqqi və vətəndaşların rifahının yüksəlməsi, ölkənin suverenliyinin möhkəmlənməsi və beynəlxalq aləmdə rolunun artması haqlı olaraq Sizin adınızla bağlıdır. Belarusun timsalında Sizin ədalətli və bərabərhüquqlu dövlətlərarası münasibətlərin qurulmasına, təhlükəsizliyin, dialoqun və etimadın möhkəmləndirilməsinə yanaşmaları bölüşən etibarlı dostunuz vardır.
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı və dost Azərbaycan xalqının rifahı naminə bütün planlarınızı həyata keçirmək üçün tükənməz enerji arzulayıram.
Sizi qonaqpərvər Belarus torpağında salamlamaqdan həmişə məmnunam”.
***
Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro Azərbaycan Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə təbrik edib.
Nikolas Maduro bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımda deyilir: “Azərbaycan xalqını və onun yenidən seçilmiş Prezidenti İlham Əliyevi təbrik edirəm. Liderliyiniz, müdrikliyiniz və humanistliyiniz sayəsində nəcib xalqınızı inkişaf və tərəqqi yolunda irəliyə aparmaqda davam edəcəksiniz. Daha yeni zirvələrə doğru irəli! Yaşasın Azərbaycan!”
***
Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin:
“Möhtərəm İlham Heydər oğlu!
Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Sizin yenidən bu vəzifəyə seçilməyiniz Azərbaycan xalqı arasında malik olduğunuz böyük nüfuzu tam şəkildə təsdiqləyir. Əminəm ki, Sizin yüksək liderlik keyfiyyətləriniz Azərbaycan Respublikasının siyasi sabitliyinin qorunmasına və gələcək iqtisadi inkişafına töhfə verməkdə davam edəcəkdir.
Həştərxan vilayəti ilə Azərbaycan Respublikasını birləşdirən dostluq əlaqələrini yüksək qiymətləndirir, Sizə bizim regionla çoxplanlı qarşılıqlı faydalı əlaqələrin möhkəmlənməsinə göstərdiyiniz davamlı dəstəyə görə minnətdarlığımı bildirirəm.
Möhtərəm İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, səadət, əmin-amanlıq və Azərbaycan Respublikası naminə fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzu edirəm”.
***
Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov:
“Hörmətli İlham Heydər oğlu.
Azərbaycan Respublikasında keçirilmiş Prezident seçkilərində inamlı qələbəniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Səsvermənin nəticələri Azərbaycan xalqının Sizin dövlətçiliyin möhkəmləndirilməsinə və ölkənin sosial-iqtisadi inkişafına istiqamətlənmiş siyasi kursunuza yüksək səviyyədə etimadının və dəstəyinin göstəricisidir. Əminəm ki, bu mühüm hadisə Azərbaycan Respublikasının gələcəkdə də inkişafına və onun vətəndaşlarının rifahının yüksəldilməsinə kömək edəcəkdir.
Türkmənistan ilə Azərbaycan Respublikası arasında qardaşlıq münasibətlərinin səmərəli xarakterini qeyd etmək sevindiricidir. Əminik ki, bu münasibətlər gələcəkdə də inkişaf edəcək və iki ölkənin xalqlarının rifahı naminə dərinləşəcəkdir. Ölkələrimiz arasında mehriban qonşuluq münasibətlərinə şəxsi diqqətinizə və böyük dəstəyinizə görə Sizə minnətdarlığımızı bildiririk.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, səadət və dövlət başçısı vəzifəsində məsuliyyətli fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram”.
Fevralın 8-də Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə Azərbaycan Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Ersin Tatar prezident seçkilərində inamlı qələbə münasibətilə dövlət başçısını təbrik edib, ona Azərbaycanın inkişafı naminə fəaliyyətində uğurlar arzulayıb.
Prezident İlham Əliyev təbrikə görə minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın önəminə toxunularaq bu əlaqələrin gələcəkdə də genişlənəcəyinə əminlik bildirilib.
***
Bu gün Albaniya Prezidenti Bayram Beqay Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Bayram Beqay dövlət başçısını prezident seçkilərində qələbə münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Dövlət başçıları Azərbaycan-Albaniya ikitərəfli münasibətlərinin inkişafından məmnunluqlarını ifadə ediblər, əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliklərini bildiriblər.
***
Fevralın 8-də İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Neçirvan Bərzani prezident seçkilərində qələbə qazanması münasibətilə İlham Əliyevə təbriklərini çatdırıb, ona fəaliyyətində uğurlar arzulayıb.
Dövlət başçısı təbrikə görə minnətdarlığını bildirib.
Prezident İlham Əliyev və Neçirvan Bərzani keçirdikləri görüşləri məmnunluqla xatırlayaraq, bunun əməkdaşlığın genişlənməsi işinə xidmət etdiyini vurğulayıblar.

