“Biz danışdıqca vəziyyət düzəlmək əvəzinə pisləşir” – YYSİB sədri, yazışı-kulturoloq Aydın Xan Əbilovdan Ekoloji fəlakətlə bağlı SOS
“Azərbaycanda ən böyük problemlərdən biri də məişət tullantılarının daşınması və bununla bağlı əhali arasında maarifləndirmənin aparılmasıdır”.
Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.
O, bildirib ki, bir tərəfdən məmurları qınamaq olmur, çünki bütün məişət tullantıları üçün istər kağız, qida məhsulları, istər şüşə və plastik üçün ayrıca qutular qoyulur: “Hətta Almaniya şirkəti ilə birlikdə bahalı layihə də həyata keçirilirdi ki, məişət tullantıları çeşidlənib atılsın.Təəssüflər olsun ki, vətəndaşlarımız bunu etmirlər. Evdə istifadə etdiyi tullantıların çeşidlənməsinə fikir vermirlər. Supermarketlərdə satılan qara rəngli torbalardan istifadə edib, çeşidləyib hər bir məişət tullantısını qutulara boşaltmırlar. Eyni zamanda şəhərdə gəzəndə müxtəlif maşınlardan, avtobuslardan atılan məişət tullantılarını görürük. Şəhər küçələrinə, qarajlara, mənzildən kənar bütün yerlərə zibil atıldığını, yeyinti məhsullarının qalıqlarının, plastik torbaların qalıqlarının atıldığını biz nümayiş etdiririk. İllərlə bu barədə ekoloji mübarizə, maarifləndirmə aparılır. Tanıtım layihələri, tədbirlər həyata keçirilir. Amma heç nə dəyişilmir.
Azərbaycanı ekoloji cəhətdən tullantılarla çirklənmiş görürük. Siqaret kötükləri, saqqız, tüpürcək, məişət tullantıları, plastik qablar, enerji içkilərinin alüminium qutuları küçələrə atılır. Bakı, Bakı ətrafı yarımsəhra və səhra zonası sayılır. Burada küləklər ilin 300 günü əsir. Bu tullantılar bütün şəhərə, küçələrə düşür. Maşınların üzərindən keçdiyi bərk tullantılar toz halına gələnə qədər kiçilir, külək əsəndə nəfəsimizə gedir. Yağış və qar yağanda bunlar su ilə axıb kanalizasiyaya, yaxud təbii yolla su hövzələrinə qarışır. Ona görə də Xəzər dənizi ən çirkli dəniz-su hövzəsi sayılır. Çaylarımız tullantılarla doludur. İllər keçdikcə bütün bioresurslar, balıqlar, qurbağalar, su-quru heyvanlar aləmi, bitkilər məhv olur. Bu, həm şəhər, həm də kəndə aiddir”.
Sosioloq qeyd edib ki, şəhərdə kifayət qədər kiçik zibil qutuları da yoxdur: “Çoxlu bahalı zibil qutuları yerləşdirildi, amma insanlar onların çoxunu dağıtdılar. Situasiya getdikcə dəhşətli hal alır. Biz beynəlxalq ekoloji COP29 tədbirinə hazırlaşırıq. Hələ də rayonlarımızda zibillər maşınla yığılır, kanallara, küçələrin qırağına, zibilxanalara atılır. Rayonlara gedən zaman zibillərin yandırıldığının şahidi oluruq. Bircə Bakıda zibil yandıran müəssisə var. Digər rayonlarımızda zibil çölə atılır, külək əsəndə, yağış yağanda zibilliklərin yanından keçmək olmur. Zibilliklərdə kimyəvi maddələr torpağa qatılıb onu məhv edir. Azərbaycan hökuməti ekoloji tədbirlə bağlı xarici qonaqları qəbul etməklə yanaşı, çox yaxşı olar ki, mini zavodlar alıb bu məişət tullantılarının dönüşdürülməsi ilə bağlı layihələr həyata keçirsin.
Bölgə mərkəzləri, iqtisadi zonalarımız var ki, burada 15 zibil utilizasiya edən zavod salsaq, həm büdcəyə əlavə pul deməkdir, həm ekoloji vəziyyətimiz düzələr, həm də məişət tullantılarının sivil yolla yenidən dönüşdürülməsi, yandırılıb enerjiyə çevrilməsinə kömək edər. İnsanlar bu mənada həddindən artıq vəhşidirlər. Bizim təbiətə, şəhərlərimizə, Bakıya olan münasibətimiz ciddi hal alıb. Bu münasibət getdikcə pisləşir. Bununla bağlı tez-tez münaqişələr də yaşanır. Sanki biz danışdıqca vəziyyət düzəlmək əvəzinə pisləşir. Böyük tədbirlər zamanı bu məsələrlə bağlı ciddi mübarizə aparılır. Məişət tullantılarını zibil qutularına atmayan vətəndaşları cərimələyəndən sonra bir ara vəziyyət düzəlir. Əhalinin çox hissəsi zibilləri liftə, zirzəmilərə atıb özlərini ağıllı göstərirlər. Ümumiyyətlə, Azərbaycanda belə bir deviz var ki, əgər zibil atırsansa, deməli zəif adamsan. Zibili zibil qutusuna atan insana ən aşağı səviyyəli biri kimi yanaşırlar. Nə qədər ki, bu ibtidai münasibət dəyişməyib bu problem çətin həll olunacaq. İnanıram ki, yaxın gələcəkdə yeni nəsil bunu düzəldəcək. Artıq bəzi işartılarını görürük. Yuxarı nəsil də buna keçsə, lap yaxşı olar”.
Söylü AğazadəŞ
https://sia.az/az/news/social/1127288.html

