“İkili adlar şəxsiyyətin ikiləşməsi deməkdir” – YYSİB sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilovdan aktual mülahizələr…

“Hər hansı millətin nümayəndəsi onun adı, soyadı, atasının adının sonluğu ilə tanınır”. Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

O, bildirib ki, bu adlar tarixən müxtəlif səbəblərə görə həm ictimai-siyasi, tarixi, həm də sosial-mədəni, etnik və məişət hadisələrinə görə formalaşıb: “Azərbaycan xalqı uzun müddət həm İran imperiyası, həm də Ərəb imperiyasının təsiri altında olub. Yunan-Roma mədəniyyətinin izləri, daha sonra Sovet dövrü, dünyaya çıxandan sonra Avropa və qardaş Türkiyənin təsiri ilə müxtəlif vaxtlarda yeni doğulmuş körpələrə, hətta adlarını dəyişən şəxslərə bu xalqlardan gələn sözlərlə yanaşı milli sözlərdən ibarət milli adlar qoyublar. Bu adlar da bizim xüsusiyyətimizi özündə gizləyir.

Adların yaranması, formalaşması ilə əlaqədar folklorumuzda, tarixi kitabələrdə çox maraqlı nüanslar var. Ən yaxını “Kitabi-Dədə Qorqud”dakı adqoyma mərasimidir. Əvvəl də bu tipli mərasimlər olub. Qədim şərqdə və Azərbaycanda müəyyən yaşa qədər adqoyma olmayıb. Yaş keçəndən sonra yeniyetməlik dövründə qızların gözəlliyi, xarici, daxili görüntüləri, əl işlərinə uyğun onlara müxtəlif adlar qoyulub. Məsələn, Ceyran, Maral, Gülnisə və s. adları misal göstərmək olar. Oğlanlara göstərdikləri igidliyə görə adlar verilib. Daha çox dindən gələn adlar, fars və ərəb dilindən gələn sözlərdən ibarət adlar qoyulub ki, onların taleyi uğurlu olsun. Adqoyma mərasimləri ilə yanaşı adın seçilməsi də maraqlı mərhələdən keçib. Əvvəl qədim adlar çox qısa, bir, iki, üç hərfdən ibarət olub. Sonralar dinin – İslam dininin təsiri ilə müxtəlif, mürəkkəb adlar qoyulmağa başladı. Məhəmməd Peyğəmbər, İmamlar və İslam tarixində məşhur olan Xəyyam, Tusi və s. adları göstərə bilərik.

Son vaxtlar adlarla bağlı Azərbaycan Respublikasının qanunvericilik aktları qəbul edilib. Milli olmayan adlar qəbul edilmir. Yad dillərdən gəlmə və mürəkkəb tərkibli, iki və üç sözdən ibarət adlarla bağlı mübahisələr var. Hətta bir qadın oğluna üç sözdən ibarət ad qoymuşdu, məhkəmədə məğlub oldu, Avropa məhkəməsinə qədər getdi. Avropa məhkəməsi də Azərbaycanın bu məsələ ilə bağlı obyektiv işini təsdiqlədi. Bir tərəfdən valideynlər istədiyi adı uşaqlarına qoymaqda sərbəstdirlər. Digər tərəfdən isə qanunvericilik aktları varsa, milli adlardan istifadə etmək lazımdır”.

“Adların inkişafı ilə bağlı ən maraqlı proses Sovet dövründə C.Cabbarlı, R.Rza və digər şair, yazıçıların əsərlərindən başladı. Yaşar, Azad, Anar, Sevil adları yazıçıların gətirdiyi adlar idi. Digər məsələ də keçmişdə qalan adların təzə nəslə qoyulmasıdır. Məsələn, Məmmədhəsən, Tükəzban Kiçikbacı, Kiçikqız, Kiçikxanım kimi adlar yeni nəsil tərəfindən qəbul edilmir. Bu məsələni həll etmək üçün iki variant var. Rəsmi surətdə baba adı verilirsə, ikinci ad götürülür. Məsələn, mənim böyük oğlumun adı Hidayətdir, anasının və babasının arzusu ilə qoyulmuşdu. Eyni zamanda biz ona Ayxan da deyirik, daha çox Ayxan kimi tanınır. Oğlum 18 yaşı olandan sonra biz ona təklif etdik ki, istəsə, Ayxan adını rəsmiləşdirək. O, dedi ki, xeyr, belə yaxşıdır. Problemin bir həlli budur. İkincisi isə yeni nəslin gələcək taleyini müəyyənləşdirən milli adlardan ibarət adlardır. Bu, gözəl ənənədir, onu davam etdirmək lazımdır. Xaricilər də görsün ki, azərbaycanlı deyəndə Aydın, Ayxan, Anar, Tural, Günel, Gülər kimi adlar yada düşür. İkili adlar şəxsiyyətin ikiləşməsi deməkdir. Adlar tək olsa, daha düzgün olar. Digər məsələ isə soyadların -ov, -yev, -ova sonluqlarının qalmasıdır. Gənc nəslin soyadları -lı, -li, -lu, -lü sonluğu ilə yazılır. Soyadlar yazılarkən sənədlər avtomatik milli yazılmalıdır. Bütün sənədlər proqram təminatı ilə -ov əvəzinə -lı⁴ ilə dəyişməlidir” – deyə sosioloq əlavə edib.

Söylü Ağazadə

https://sia.az/az/news/social/1124414.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir