Boşanmaların səbəbi sosial şəbəkələrdir?! – YYSİB sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilovdan sərt açıqlama

“Azərbaycanda sosial məişət problemi olaraq boşanmanın böyük bir problemə çevrilməsini artıq hərkəs bilir. Onsuz da biz həmişə tərifləyirdik ki, Azərbaycanda ailə dəyərləri,milli mental dəyərlərimiz o qədər güclüdür ki ,ailələrin dağılmasının qarşısını alır. Amma dövran dəyişir, zəmanə öz diktələrini yeridə bilir”.

Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov qeyd edib.

Onun sözlərinə görə, demokratiya, bir çox texnologiyalar Azərbaycana gətirilib, yaşam tərzləri də ölkəmizdə oturuşmağa başlayıb: “Bunlardan biri də insanların fərdiliyinin qabardırılması, ailələrin dağılması, nikahların pozulması, ictimai nikah və s. bununla bağlı məsələdir. Bunlar artıq konkret olaraq cəmiyyətin qarşısında böyük problemə çevrilməkdədir. Nikahların dağılmasının bir neçə səbəbi var, səbəblərin hamısı subyektiv və obyektiv problemlərlə bağlıdır. Biz birbaşa deyə bilmərik ki, ailə dəyərlərinin böhran içində olması, iqtisadi vəziyyətdə, sosial və mədəni məişət həyatımızda baş verən kataklizma son illərin mənəvi əxlaqi dəyərlərinin aşınması və s. bunlardır ? Yoxsa sosial şəbəkələrin təsiri ilə bağlı ailələr dağılır”?

A.Əbilov bldirib ki, bu ailələrin nikahların pozulması, ailələrin dağılması əslində internetin inkişafına qədər də güclənmişdir. Eyni zamanda statistik məlumatlardan da məlum olduğu kimi, keçmişdə bir çox ailələrin sosial şəbəkələri belə yox idi: “İndi sosial şəbəkələri istifadə etməyən şəxslər arasında da sıx bu böhran görülür. Əlbəttə sosial şəbəkələrin də təsiri var, eyni zamanda klassik televiziyanın, mətbuatın, saytların, internetin, serialların ailə dəyərlərimizin aşınmasına, gücləndirilməsinə məruz qalmasında xüsusi təsiri var. Biz bunları unutmamalıyıq, amma bu dünyada baş verən prosesdir. İnsanlar qadın və kişi yox, insan hüquqları ilə bağlı fikirlər irəli sürür. Eyni zamanda bildirirlər ki, hərkəs dünyaya bir dəfə gəlir və əgər alınmırsa niyə evləndiyi şəxslə öz ömrünü çürütməlidir? Son zamanlarda statistik nəticələri əldə edəndə görürük ki, daha çox erkən nikahlar və vaxtından əvvəl evləndirilən, yaxud tez yaşda ərə verilən insanlar arasında nikahın pozulması ilə yanaşı, həm də oturuşmuş övlad sahibi olan şəxlər arasında da nikahların pozulması halları çoxalıb”.

Müsahibimiz qeyd edib ki, bəzi hallarda boşanmalar məqsədli boşanmalardır: “Məsələn, bizim məcburi köçkünlərimiz var ki, onlar Qarabağa qayıdışla bağlı dövlət proqramında nələrisə əldə etmək, hansısa sosial müavinət, dövlətdən pensiya almaq üçün, kağız üzərində boşanırlar. Amma real nikahların pozulmasını da tez-tez şahidi oluruq. Burada həm yaş faktoru, iqtisadi, sosial vəziyyət, işsizlik, həm də insanları xaricdən gələn təsirlərə daha tez düşməsi özünü göstərir. Lakin boşanmaların artması cəmiyyətin təhsilə, elmə, mədəniyyətə, yüksək əxlaqi dəyərlərə, dinin gözəl tərəflərinə sayğısızlıqı, soyuq münasibətindən də irəli gəlir.
Əvvəllər toya çox böyük bir hazırlıq gedərdi, bir il ərzində nişanlanma olardı bu insanlar bir-birləri ilə tanış olardı, eyni zamanda toydan sonra uşaq dünyaya və çiləsi çıxana gələnə qədər ailələr və qohum-əqrəba təzə evlənənlərə xüsusi nəzarət olardı. Təmtəraqlı toylar, qadın, kişi, nişan, paltar kəsdi, xına kimi mərasimlər ona görə təşkil olunardı ki, gənclər və onların valideynləri bilsin ki, yeni bir ailə qurulur və bu ailələrin təməli möhkəmdir, bu ailəyə ictimai nəzarət var. Əslində, psixoloqlar, müasir ailəşünaslar da deyirlər ki, ilk bir və üç il çox önəmlidir münasibətlərdə”.

Kulturoloqun fikrincə, münasibətlər vərdişə, qarşılıqlı hörmətə çevrilir və uşaq bağlantısıyla əvəz edilirsə ailələrin dağılma şansı demək olar ki 80% azalır:

“Təəssüflər olsun ki bu dəyərlərin hamısı pozulub. Bizim mental dəyərlərdən gələn bilgə institutu belə nikahların pozulmasının qarşısını alırdı, nikahların daha möhkəm olmasına təsir göstərirdi. Biz o dəyərləri də məhv elədik və ailə, böhran mərkəzləri, ailə psixoloqları yoxdur, məktəb psixoloqları işləmir və hərkəs mənəm-mənəm deməklə çox müqəddəs olan ailə dəyərlərini məhv edə bilirlər. Son vaxtlar insanlar arasında münasibətlərin açılışması ailə kənarı münasibət, ailəyə xəyanət kimi faktorlar boşanmağa səbəbdir. Bütün bunlar əvvəllər gizli olurdusa, çox az bilirdisə indi sosial şəbəkələrin, internetin inkişafı ona gətirib çıxardır ki, bu barədə hərkəs məlumatlı olur. İnsanlar evləndiyi və boşandığı zamanda da video, şəkil çəkirlər. Daha sonra isə sosial şəbəkələrində bunu yerləşdirirlər və hər kəs bilir ki, kim haçan evlənib, boşanıb, ailədaxili şiddət, daxili problem varmı? Biz səbəb, günah subyekti, obyekti axtarmaqdansa, bu, dəyərlərin böhran içində olması ailə bağlantısının zəiflənməsi ilə bağlı səbəbləri öyrənməli, profilaktik tədbirlər görməli, KİV, televiziya, internet, hətta tiktokerlər belə ailələrin təbliği möhkəm olmasıyla bağlı təbliğat, təşviğat və digər təsiredici informasiya, məlumat paylaşması etməlidir. Yoxsa biz Avropada yaşanan ailə böhranı ilə üzləşəcəyik.

Düzü, Avropadakı ailə böhranı artıq səliqə-səhmana salınıb; nihaglar pozulsada, ailələr boşansa da ən önəmlisi uşağa görə insanlar biri-birinin hikkəsini bir kənara qoyur, hörmətlə yanaşırlar. Hətta dost olaraq qalıb uşaqların evləndirir və digər həyatlarında başqa bir həyat yoldaşı olsa da, yenə də o münasibətləri qırmırlar. Təəssüflər olsun ki, bizdə bunların heç biri yoxdur. Biz nə avropalılar kimi o dəyərləri götürmüşük nə də ki, milli-mənəvi şərq dəyərlərini saxlaya bilmişik. Bu problemlər get-gedə çətinləşir statistik olaraq ailələrin dağılmasının sayının artdığını görürük”.

Sevilin Abbasova

https://sia.az/az/news/social/1123277.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir