18 yaşdan sonra kimsəsiz uşaqların taleyi necə olur? – YYSİB sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilovdan sərt açıqlama…

“Azərbaycanda bir çox sahələrdə olduğu kimi kimsəsiz, himayəsiz uşaqların dövlət, özəl uşaq sığınacaqları tərəfindən himayəyə götürülməsi son illərin ən böyük nailiyyətlərindən biridir”. Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, dövlət internat, uşaq evləri, sığınacaqlarla yanaşı özəl, qeyri-hökumət təşkilatlarının yaratmış olduğu kimsəsiz, himayəsiz uşaqlar üçün sığınacaq mərkəzlərini də inkişaf etdirir: “Bu şəbəkədə 10 minlərlə uşağın yaşadığı və təhsil aldığının şahidi oluruq. Bu müəssisələrin hər birinə dövlətin birbaşa maliyyə yardımı var, amma hamısına nəzarət etmək bir qədər çətindir. Özəl və dövlət internat məktəblərində son illər nöqsanlarla bağlı sosial şəbəkələrdə videolar paylaşılır. İctimai qınaqdan sonra müəssisələrin rəhbərləri dəyişilir, bəziləri bağlanır, hətta məsuliyyətə cəlb olunurlar. Bu qədər vətəndaşın, gənc nəslin yetişdirildiyi, böyüdüyü, təhsil aldığı pedaqoji təlim-tərbiyə müəssisələrində qüsurlar, nöqsanlar da var. Son illər çox böyük inkişaf da götürük. İndi yalnız dövlətin büdcədən gələn gəliri yox, həm də özəl fondlar, xeyriyyəçilər, sosial şəbəkələrdə tiktokerlər belə maliyyə vəsaiti axtarırlar. İnsanlar bayram, xüsusi günlərdə uşaqlara hədiyyələr də hazırlayıb verirlər. Bütün bunlar yaxşı cəhətlərdir”.
Ekspert bildirib ki, bu müəssisələrdəki insanların 18 yaşından sonra taleyi ilə bağlı cəmiyyətdə müəyyən həyəcanlı fikirlər gəzməkdədir: “İnternat məktəblərində yaşayan uşaqların əksəriyyəti, internat məzunları Sovet vaxtında xüsusi müəssisələrdə işləyirdilər. Fiziki məhdudiyyətli olanlar da işlə təmin olunurdu, yataqxanalarda yaşayırdılar. Sonra həmin müəssisələrin çoxu özəlləşdirilib satıldı, əvəzinə göydələnlər tikildi. Yataqxanaların çoxu özəlləşdirildi. Fiziki məhdudiyyəti olan əlil uşaqlar artıq o imkanlardan məhrum oldular. Heydər Əliyev fondunun rəhbəri Mehriban xanım Əliyevanın xüsusi təşəbbüsü ilə dövlət internat məzunları üçün Masazırda və şəhərin bir çox yerlərində hündür mərtəbəli binalar tikdi. Binaların altında onlar üçün iş yerləri yaradıldı. Hər bir internat məzun 1, 2, 3 otaqlı evlərlə təmin olundular. 18 yaşı tamam olmuş sağlam oğlan uşaqları əsgərlik xidmətinə gedirlər. Gələndən sonra evlənirlərsə, onların evlərlə təmin edilməsi asanlaşdırılırdı”.
“Sosial Xidmətlər Agentliyi tərəfindən də evsiz, himayədən kənar uşaqlar üçün müəyyən imkanlar yaradılır. Əlillər evlə təmin edilir. Bütün sadalananlar Azərbaycandakı hər bir internat məktəbini əhatə etmir. Onlarla bağlı dövlətin xüsusi proqramı var, proqram mərhələli şəkildə həyata keçirilir. İndi nəinki internat uşaqlarının, hətta universitet tələbələrinin işsizliklə bağlı böyük problemləri var. Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da iş yerləri qapadılır. Çünki fəhlə, işçi əvəzinə süni intellekt, robotlar, avtomatlaşma ona gətirib çıxardı ki, Beynəlxalq Valyuta fondunun prezidenti öz qeydlərində bildirir ki, dünyanın hər yerində insanlar 40% iş yerlərinin ixtisar olunması ilə qarşılaşa bilərlər. Dövlətləri, cəmiyyətləri, vətəndaşları buna hazır olmağa, yeni sahələrdə işlərini qurmağa çağırış edib. Əgər sağlam, evli, analı-atalı insanlarda bu problem varsa, internat uşaqlarında problem necə olar? Biz istərdik ki, internat uşaqları ilə bağlı xüsusi proqramlar olsun. Keçmiş SSRİ-də müsbət addım atılırdı ki, oranı bitirən uşaqların çoxu ya hərbi, ya da polis sistemində işə düzəlirdi. Azərbaycanda bir az fərqlidir. Elə silahlı qüvvələrin növləri var ki, oraya internatdakı oğlan uşaqlarının hazırlanması mümkündür. Məsələn, Fövqəladə Hallar Nazirliyi, Sərhəd Xidməti, Daxili Qoşunlar kimi bu tipdə olan güc strukturlarına məhz internat uşaqlarını cəlb etmək mümkündür. Beləliklə, onların arasında cinayətkarlıq, evsizlik, səfillik yayılmasın. Statistikaya görə, il ərzində 30-40% qız uşağı az dünyaya gəlib. Onların işi oğlanlara nisbətən daha rahatdır. Evlənib ikisi birləşib ev ala bilərlər. Azərbaycanda belədir ki, diplomu, evi olmayan oğlana qız verilməsi müşkül məsələyə çevrilib. Bütövlükdə isə dövlət bununla bağlı xüsusi proqramlar hazırlanmalıdır. O proqramlarda yalnız dövlətin büdcəsindən yox, özəl fondlardan, xeyriyyəçilərdən, qeyd etdiyim lazımi iş yeri ola biləcək xüsusi qurumlar internat uşaqlarını öz himayəsinə götürə bilər. Onları işlə və mənzillə təmin edə bilərlər”, – deyə o əlavə edib.

Söylü Ağazadə

https://sia.az/az/news/social/1122641.html?fbclid=IwAR2ErRDteUcqQ7gaOT2-sE5pwadc6g68YxAyTTW7PGL8bc2IR0cKyNwbjKQ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir