“Əgər kimsə 40 qəpik verib nəqliyyatdan istifadə edirsə…” – YYSİB-nin sədri, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov
“Azərbaycanda ictimai nəqliyyatla bağlı problem hər zaman aktual olub”. Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.
Onun sözlərinə görə, hər yeni nəsil bununla bağlı öz etirazını bildirib: “Vaxt keçdi, 20 ildən sonra yenidən həmin nəsil mühafizəkar fikrə qayıtdı ki, mental dəyərlərdə qadın və hamilə qadınlara, uşaqlı analara, uşaqlara, qocalara mütləq həm ictimai nəqliyyatda, həm növbədə, həm də digər yerlərdə yer vermək lazımdır. Bir tərəfdən biz liberal dəyərləri qəbul edirik, qadın-kişi rollarının bərabərliyindən danışırıq, digər tərəfdən ədalət prinsipini həmişə önə çəkirik. Əlbəttə, yeni nəslin nümayəndələrinin fikirləri bu mənada məntiqlidir. Əgər kimsə 40 qəpik verib nəqliyyatdan istifadə edirsə, nə üçün yerini qadına və yaşlı qadına verməlidir? Bizim fikrimizcə, yaşlı adamlar mütləq oturmalıdır, onlara yer verilməlidir. Amma evdə otururlar, liftlə hərəkət edirlər, öz şəxsi nəqliyyatlarında hərəkətsiz qalırlar. Fiziki hərəkət olmadığına görə insanlarımızda kökəlmə, ürək-damar xəstəliklərinin yayılması və tez ölüm halları geniş yayılıb. Hamilə qadınlara da ictimai nəqliyyatda və imkan olan yerlərdə ayaq üstündə qalmaq, fiziki hərəkətlərlə öz sağlamlığını qorumaq tövsiyə olunur”.
Sosioloq sözlərinə əlavə edərək deyib ki, niyə bizim aidiyyəti dövlət qurumları və nəqliyyata cavab verən qurumlar ictimai nəqliyyat vasitələrini lazım olan qədər gətirmir ki, 50 nəfərlik avtobusa, metro vaqonuna 150 nəfər əlavə olunur, bu da problem yaradır: “Bu hallar insanların həm nəqliyyatdan istifadəsində, həm də digər məsələlərdə etirazına səbəb olur. Digər tərəfdən də bu, vicdan, etik, mental dəyərlər məsələsidir. Bəziləri kəskin ictimai qınaq edirlər. İnsanlara ictimai nəqliyyatda kiməsə yer verməsini tələb etmək olmaz. Bu, Azərbaycanda sadəcə etiket normasına çevrilib. Dəyərlərə də hörmətlə yanaşmaq lazımdır. Kimsə yer vermək istəmirsə, yaşlı qadınlar kimi söyüb, təhqir etmək düzgün deyil. Bu məsələdə ehtiyatlı olmaq lazımdır. Son illər görürük ki, gənclərlə yaşlı nəslin arasında çox konflikt olur. Yaşlı nəsil çalışmalıdır ki, bu konfliktlərə girməsin. Ümumi götürdükdə hər bir vətəndaş azad, sərbəstdir. Hamının hüququ, haqqı var. O hüququ da pozmaq olmaz”.
Söylü Ağazadə

