Geosiyasət: İyirmi ildən çox “quzu”nu “qurd”a tapşırdıq…
“Sağalmaz xəstəlik hesab olunan xərçəngi yox edən və hətta öncədən qarşısını alan vasitə əslində çoxdan hazırlanıb, sadəcə qlobal dərman mafiyası nəhəng maliyyə maraqları naminə onun yayılmasının qarşısını hər yolla alır. Hətta o vasitəni hazırlayan tədqiqatçılar belə fiziki məhv edilir”.
Yəqin ki, doğruluğunu dəqiq bilməsək də, tibbin hər gün sürətlə inkişaf etdiyi, hətta insanın bütün orqanlarının yenisi ilə əvəz olunmasının mümkün olduğu reallıqda əsaslı məntiqə söykənən eyni məzmunlu fikirləri cəmiyyətdə hər birimiz eşitməkdəyik.
Hazırda təxminən 200 dövlətin olduğu dünyada 183 aktiv regional münaqişə var. Bu “Soyuq müharibə”dən sonrakı 30 il ərzində rekord göstəricidir. Orta hesabla hər dövlətin payına təxminən bir münaqişə düşür. Ancaq nəzərə alsaq ki, bura keçmiş “Qarabağ münaqişəsi” də aid edilib və bu münaqişə artıq sülhlə yekunlaşmaqdadır, o halda bəlkə də tarixdə ilk dəfə münaqişələrin sayında azalma olur. Bəs, artıq “dövlətlərarası pandemiya”ya çevrilən və “yoluxma” sayı hər gün artan bu münaqişələrin həlli üçün “vaksin” niyə tapılmır? Bəlkə də, regional münaqişələrin həlli vasitəsi də məlumdur, sadəcə müqəddəs sirr olduğuna görə yayılması qadağandır. Qadağandır ki, qlobal dərman mafiyası ilə yanaşı, silah mafiyasının da meqa maraqları təmin olunsun. Bu münaqişələr həllini tapacaqsa, hərbi büdcəsinə dünyanın bütün digər dövlətlərinin hərbi büdcəsindən də çox, 886 milyard dollar ayıran dövlət bu hərbi gücü nə üçün saxlasın?!
Siyasətdə “Qordi düyünü” anlayışı var ki, açılması mümkün olmayan düyünü nəzərdə tutur. Hazırda dünyada mövcud olan regional münaqişələrin hər biri ayrı-ayrılıqda bir “Qordi düyünü”dür və düyünün ucu fərqli dövlətlərdədir. O düyünləri açmaq və münaqişələri həll etmək üçün düyünü bağlayanlar bir yerə toplaşıb onun açılmasını müzakirə etməlidirlər. Ancaq keçən əsrin ortalarından “Yaxın Şərq düyünü” onu hazırlayanlar tərəfdən hər gün dolaşdırılır. Dolaşdırıldıqca da, sonda üz-üzə qalacaq yəhudi xalqı ilə ərəblər arasında uçurum dərinləşir, nifrət artır və düşmənçilik geriyə dönüşü olmayan istiqamətdə irəliləyir.
Çin-Tayvan düyününə də 40 ildir ki, kəsməkdən başqa çarə qoymayacaq həddə dolaşdırıblar. Hər birimiz bilirik ki, hər bir düyün ya bağlayanlar tərəfindən açılmalıdır, ya da ki, açılmayacaq səviyyəyə gəldikdən sonra isə bir gün mütləq kəsilməlidir. Sadəcə vaxtı keçmədən və lazımi yerdən kəsilməsi vacibdir ki, onun kəsilməsi bir işə yarasın.
Tam keçmiş “Qarabağ düyünü” kimi. O düyünü bağlayanlar iyirmi ildən çox toplaşıb onun açılmasını deyil, daha da dolaşdırılmasını və möhkəm sıxılmasını müzakirə etdilər. Ancaq günlərin birində o düyünün açılmayacaq həddə dolaşdırıldığını və onu açmaq məsuliyyətini öz üzərlərinə götürənlərin onu heç açmaq niyyətində olmadıqlarını anlayan Cənubi Qafqaz lideri İlham Əliyev, Makedoniyalı İskəndərin “Qordi düyünü”nü kəsdiyi kimi, “Qarabağ düyünü”nü tam uyğun zamanda və lazımi yerindən kəsdi. “Qarabağ münaqişəsi”nin hərbi həlli yolu yoxdur, yəni kimlər üçünsə müqəddəs olan bu “düyün”ün kəsilməsi mümkün deyil sindromunu qıran İlham Əliyev əslində bu yolla təkcə bir münaqişəni həll etmədi, həm də, regional münaqişə adlı “dövlətlərarası xərçəng xəstəliyi”nin müalicə üsulunu tapdı və tətbiq etdi.
Təbii ki, bunu qəbul etməyəcək və bununla barışmayacaq qüvvələrin olacağı da məlum idi. “Qarabağ düyünü”nün kəsilərək həll edilməsindən keçən üç il ərzində bununla barışmaq istəməyən bütün düyünçüləri Cənubi Qafqazın düyünsüz reallığı ilə barışdıra bilsək də, bir “fransız düyünçü”sü daşı ətəyindən atmaq istəmir. Düyünlənmiş kəndirin ucunu hamı buraxıb, bircə Fransa “kor tutduğunu buraxmadığı kimi” əlində qalan kəsilmiş kəndir parçasını havada hərəkət etdirərək bizə uğursuz hədə-qorxu cəhdləri etməklə məşğuldur.
O Fransa ki, biz 30 ilə yaxın müddətdə onun “Qarabağ düyünü”nün açılmasında iştirakına razı olduq. İndi bizə məlum olur ki, biz bu müddətdə sanki, “quzu”nu “qurd”a tapşırdıq. Bəlkə də, qüsurlu müqayisədir, amma Fransanın bu illər ərzindəki ikiüzlü siyasətini və hazırki “keçi tərsliyi”ni başqa cür izah etmək çətindir.
Ancaq bizə qarşı təşkil etdiyi bütün səlib yürüşlərini dəf etməklə, onun müstəmləkəçilik və casusluq cinayətlərini ifşa etməklə bu “keçi”nin həm saqqalının, həm də buynuzlarının ələ keçdiyi isbat oldu. Bəli, Azərbaycanla güc və zor dilində danışmaq olmaz! Azərbaycanda güclü xalq və güclü lider var, bunların vəhdətindən doğan “dəmir iradə” və “dəmir yumruq” var! Ermənistanı belə yola gətirən o güc həm ölkəmizi, həm də regionumuzu və ona yanaşmanı dəyişib. Əksini deyən Ermənistan Baş nazirinə “Qarabağ Azərbaycandır” ifadəsini tutuquşu kimi əzbərlədən regionun lideri İlham Əliyev, Qarabağın kimin ürəyi olduğunu Paşinyandan çox erməni olmağa cəhd göstərən Makrona çoxdan izah edib. Artıq nə ölkəmizdə, nə də regionumuzda heç nə əvvəlki olmayacaq! Bunu ya Makron anlamalıdır və səhvini düzəltməlidir, ya da Fransa anlamalıdır və yanlışını aradan qaldırmalıdır!
Xəyal Bəşirov , Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri

