Lənkəranda tanınmış publisist Etibar Əhədovun yubileyi keçirilib

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Lənkəran bölməsi və Ə.Hüseynov adına Vilvan kənd tam orta məktəbin birgə təşkilatçılığı ilə bu təhsil ocağının akt zalında yazıçı-publisist, Prezident təqaüdçüsü Etibar Əhədovun anadan olmasının 75, yaradıcılığının 50 illiyi qeyd edilib.

Tədbiri giriş sözü ilə məktəbin veteran müəllimi İltifat Məhərrəmov açıb. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra məktəbin müəllimi Afaq Mirzəyeva Hacı Etibar Əhədovun həyat və yaradıcılığı barədə ətraflı məlumat verib. Qeyd edib ki, E.Əhədov 22 noyabr 1948-ci ildə Lənkəran rayonunun Vilvan kəndində anadan olub. Lənkəran şəhər 1 saylı tam orta məktəbini (1966), Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini (1976) və Mətbuat İşçiləri Ümumittifaq İxtisasartırma İnstitutunun jurnalistika sənətkarlığı şöbəsini (1985) bitirib. 1967-1970-ci illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmət keçəndən sonra Lənkəran radio verilişləri redaksiyasının redaktoru (1971-1977), “Leninçi” (indiki “Lənkəran”) qəzetinin məsul katibi (1978-1990), redaktor müavini (1990-1992), redaktoru (1992-1993), “Lənkəranın səsi” qəzetinin baş redaktoru (1993-1995), Lənkəran Dövlət Universitetinin mətbuat və informasiya xidmətinin rəhbəri (2000-2017) vəzifələrində çalışıb. Hazırda “Aşkarlıq” qəzetinin (1995) təsisçisi və baş redaktoru kimi fəaliyyət göstərir. Müxtəlif şəxsiyyətlər və dövlət xadimləri, o cümlədən, Naxçıvanın Nehrəm kəndinin tarixi-etnoqrafiyası, Lənkəran rayonunun ayrı-ayrı kəndlərinin tarixi haqqında 60-a yaxın kitabın müəllifidir. Azərbaycan Jurnalistlər (1978) və Yazıçılar (1999) birliklərinin, Reklamçılar İttifaqının (1998) üzvü, “Qızıl qələm” media mükafatı laureatıdır.

Yubilyarın ömür yolunu əks etdirən videogörüntünün nümayişindən sonra məktəb kitabxanasının müdiri Şəfa Davudova şagirdlərlə birgə E.Əhədovun kitablarından ibarət sərgini və şagirdlərin ifasında ayrı-ayrı kitablar haqqında məlumatları təqdim edib.

Sonra söz Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Əliyevaya verilib. Ü.Əliyeva E.Əhədovun rayonun ictimai-siyasi həyatında fəal iştirakından söz açaraq ona Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun təbrikini çatdırıb və yubilyara Fəxri Fərman təqdim edib.

Daha sonra AYB Lənkəran Bölməsinin sədri, yazıçı Qafar Cəfərli çıxış edərək yubilyarın yaradıcılıq fəaliyyətini yüksək dəyərləndirib, ona yeni uğurlar diləyib.

Yazıçı-jurnalist Səyavuş Süleymanlı, kəndin ziyalılarından Elçin Əhədov, yazıçı-rejissor Ağalar İdrisoğlu, teleaparıcı Camal Mirzəyev, tədqiqatçı İldırım Şükürzadə, müəllim Şəfi Nəsirov və digərləri çıxışlarında E.Əhədovun istedadlı qələm sahibi olması ilə yanaşı, yüksək insani keyfiyyətlərindən söz açıblar.

Tədbir boyu məktəb şagirdlərinin ifasında yubilyara həsr olunmuş şeirlər səslənib, əsərləri əsasında hazırlanmış səhnələr, musiqi və rəqs nömrələri nümayiş etdirilib.

Sonda söz yubilyara verilib, E.Əhədov çıxışında uşaqlıq və gənclik xatirələrindən danışıb, doğulub boya-başa çatdığı Vilvan kəndinin ziyalılarına, tədbir iştirakçılarına, çıxış edənlərə, məktəb rəhbərliyinə və təşkilatçılara minnətdarlığını bildirib.

Yubiley mərasiminin sonunda şagirdlər “Azərbaycan” mahnısını xorla ifa ediblər.

Ağaddin BABAYEV,

Lənkəran

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir