İlahiyyat İnstitutu varkən İlahiyyat kollecinə nə ehtiyac var? YYSİB sədri, ictimai xadim Aydın Xan Əbilov

“Azərbaycan İlahiyyat İnstitutu” publik hüquqi şəxsin yanında “Bakı İlahiyyat Kolleci” publik hüquqi şəxs yaradılır. Bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin müvafiq qərarını imzalayıb.

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib ki, Bakı İlahiyyat Kollecinə il ərzində 20-25 nəfərin qəbul edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Bakı İlahiyyat Kollecinin yaradılması xəbəri sosial şəbəkələrdə birmənalı qarşılanmayıb və əksəriyyət dini təhsil verən kollecin yaradılmasını müsbət qarşılamayıb, bəziləri bunu cahilliyin artmasına səbəb olan amil kimi dəyərləndirilib. Bəziləri qeyd edir ki, ölkədə bu qədər dini təhsilli şəxslər var, amma dini maarifləndirmə aşağı səviyədədir, cəmiyyətdə xurafat baş alıb gedir. Təbii ki, İlahiyyat Kollecinin yaradılması qərarını alıqşlayanlar da az deyil, bunun əhəmiyyətini vurğulayanlar da var. 

Amma bir sıra insanlar bildirirlər ki, ölkədə İlahiyyat İnstitutu olduğu halda İlahiyyat kollecini yaratmağın mənası yoxdur. Bəziləri iddia edir ki, söhbət dini maarifləndirmədən getmir, bu kolleci yaratmaqla kimlər üçünbsə iş yeri açılır. Görünür, kimisə ora direktor qoymaq istəyirlər, ona görə bu addım atılır. İctimaiyyət arasında belə söhbətlər dolaşır. Eyni zamanda çoxları deyir ki, bir tərəfdən elm və təhsil naziri deyir  pedaqoji yönümlü orta ixtisas təhsili müəssisələrini bitirənlərə iş vermirik, bu yandan da dini yönümlü orta ixtisas məktəbi səviyyəsində İlahiyyat Kolleci yaradılır. Bəzi mütəxəssislər deyir ki, orta ixtisas təhsilli din xadimlərinin də sabah özlərinə iş tapması çətinləşə bilər, odur ki, bütün gücü İlahiyyat İnstitunun fəaliyyətini genişləndirməyə vermək lazımdır. 

Aydın Xan Əbilov: “İlahiyyat İnstitutu olduğu halda İlahiyyat Kollecinə zərurət yox idi”

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri,  kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, Prezident təqaüdcüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilovun sözlərinə görə, təhsil sahəsində islahatların aparılması çox müsbətdir, amma bununla belə, kəmiyyətdən keyfiyyətə keçmə məsləsində ciddi problemlər var. A.X.Əbilov  qeyd etdi ki, müstəqilliyin ilk illərində Azərbaycanda mədrəsə tipli müəssiələr fəaliyyət göstərməyə başladı, bu sahədə o müəssisələrin geniş fəaliyyətinin şahidi olduq:“Əvvəllər dövlətin bu müəssisələrin fəaliyyətinə nəzarətinin zəif olması nəticəsində bir sıra problemlər yaşandı. İrandan, Ərəb ölkələrindən, başqa yerlərdən, eyni zamanda xristian dünyasından olan müəyyən adamlar mədrəsə, dini təhsil, ibadət ocaqları yaratmaq adı altında burada öz təsirlərini yaymaqla məşğul idilər. Burada onlar xüsusi şəbəkələr yaradırdılar, bu şəbəkələrin güclənməsi artıq dövlətimiz üçün təhdid yaratmağa başladı, hətta onlar siyasi hakimiyyət uğrunda mübarizəyə də iddialı oldular. Bu zaman artıq dövlət güclənmişdi və Prezident İlham Əliyevin rəhbərliyi altında din sahəsinə də çox ciddi nəzarət formalaşdı, artıq bu sahədə ciddi monitorinq nümunələri var. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, QMİ-nin, eləcə də əlaqədar dövlət qurumlarının səyləri nəticəsində bu şəbəkələr zərərsizləşdirildi.  Bu sahədə müəyyən sistem, nizam yaradıldı. 

Amma dini təhsilə gəlincə, bir məqamı deyim ki, ölkəmizdə İlahiyyat İnstitutu var və dini təhsil almaq istəyənlər burada oxuya bilərlər. Bu ali məktəbdə şərait var, istəyənlər oxuyurlar.

Dini təhsilin genişlənməsi məsələsi diqqət tələb edir. Bundan sui-istifadə halları ola bilər. Gizlin deyil, bir sıra hallarda qızların zorla başlarının bağlanmasını, onları dünyəvi məktəblərdən ayıraraq  mədrəsələrə, dini yerlərə cəlb edilməsini, qızlarla oğlanların ayrı-ayrı məktəblərdə oxumasını təşviq edənlər də tapılır. Bu da dini təhsilin gənclərə, formalaşan yeni nəslə mənfi təsirlərini ortaya qoydu. Sözsüz ki, Azərbaycan cəmiyyətinin sağlam fikirli əsas hissəsi buna qarşıdır. Biz dəfələrlə buna qarşı tənqidi fikirlər söyləmişik. Orta məktəblərdə ilahiyyat dərslərinin keçilməsini istəyənlərin məkrli planları həyata keçmədiyi üçün artıq yeni təkliflərlə çıxış edirlər”.

A.X.Əbilov qeyd etdi ki, vaxtilə ölkəmizdə Bakı İslam Univeristeti vardı və artıq onun fəaliyyəti yoxdur. Onun sözlərinə görə, bu ali məktəb fəaliyyət göstərdiyi dövrdə Azərbaycan dövlətçiliyinin tələblərinə cavab vermədiyi üçün bağlandı və burada da geniş ictimaiyyətin çağırışları nəzərə alındı. “Bundan sonra ölkədə İlahiyyat İnstitutu yaradılıb, necə illərdir fəaliyyət göstərir. Bu ali məktəbə dövlətin nəzarəti güclüdür, orada  ölkənin milli və dini dəyərlərinə cavab verən  ilahiyyatçıların, ruhaniləriun yetişdirilməsinə başlanılıb. Görünür, bu bizim bəzi dindarlara, dini təəssübkeşlərə azlıq edir və artıq onunla paralel fəaliyyət göstərməsi üçün İlahiyyat Kollecinin yaradılması gündəmə gətirilib. Hesab edirəm ki, İlahiyyat İnstitutu olduğu halda İlahiyyat Kollecinə zərurət yox idi. Buna nə ehtiyac var? Bir azdan da mədrəsələrin fəaliyyətinin genişləndirilməsini istəyəcəklər. Onsuz da bir çox sahələrdə olduğu kimi, bu sahədə də işsizlik mövcuddur. Bizim ölkədə dini təhsilli kadrlara nə qədər ehtiyac var ki? Hər addımbaşı Quran oxuyan, Yasin oxuyan mollaların kütləvi olduğu bir cəmiyyətdə gəncləri də bu işə sövq etmək nəyə lazımdır? Biz gəncləri dünyəvi, fundamental elmlərə, hərb sənəti, iqtisadiyyat, kənd təsərrüfatı, tikinti  kimi sahələrə yönləndirsək daha faydalı olar”-deyə A.X.Əbilov əlavə etdi. 

Əli TURABOV

https://baki-xeber.com/2391-ilahiyyat-institutu-varken-ilahiyyat-kollecine-ne-ehtiyac-var.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir