“Yarım qalan məhəbbət…” Gənc filoloq və yazar Xədicə Şəriflidən Qarabağ müharibəsi haqqında növbəti oxunaqlı yazısı

1980-ci illərin axırları idi. Ermənilər əvvəl sovet, sonra isə Rusiya hərbi qüvvələrinin köməyi ilə Dağlıq Qarabağda separatçılıq fəaliyyətlərini genişləndirdilər. Onlar mənfurcasına müharibə elan etmədən Azərbaycana qarşı hərbi əməliyyatlara başladılar.

         Öz xain əməllərindən əl çəkmək istəməyən separatçılar əvvəlcə azərbaycanlıları öz doğma yurd-yuvalarından didərgin saldılar. Minlərlə insanın adına qaçqın və köçkün damğası vuruldu. Buz-bulaqlar, başı qarlı dağlar, laləli- nərgizli güneylərimiz yetim qaldı. Torpaqlarımızı sahibsiz görən mənfur düşmənlər ac qurdlar kimi torpaqlarımıza hücum etdilər. Torpaqlarımızı boş görüb orada qondarma “Dağlıq Qarabağ Respublikası” yaratdılar. Onların vəhşilikləri bununla bitmədi. Dayanmadan Dağlıq Qarabağın ətraf ərazilərinə hücum edirdilər. Rus hərbi qüvvələrinin köməyi ilə Xocalı, Şuşa, Laçın, Ağdərə, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarımız işğal olundu. Analarımız atalarımız gözüyaşlı oldu. Gəlinlərimiz, bacılarımız, qardaşlarımızın üzündəki gülüş itdi. O gülüşün yerini hər bir qəlbə dağ qoyan acı gözyaşları aldı. Xain ermənilər müharibəni hələdə davam etdirirdi. Belə qarışıq zamanlarda, xalq başsız və çarəsiz qalmışdı. Xalqı bir yerə yığacaq bir başçıya ehtiyac var idi. Nəhayət, ümumilli liderimiz Heydər Əliyev hakimiyyəti əlinə aldı, xalqı bir yerə yığdı, müharibədə müəyyən dönüş yarada bildi. İtkilərimiz çox olsada, 1994-cü ilin may ayının 8-də atəşkəs elan olundu. Amma müharibənin verdiyi itkilər, qəlblərdə buraxdığı ağrı-acı hələdə bitməmişdi. İllərlə dünyaya səsimizi duyurmağa çalışdıq. Səsimiz içimizdə boğuldu. Dünya bizi duymadı.

                                Uzanır danışıqlar, imzalanır sənədlər.

                                Xəritədə aləmə göstərilir sərhədlər…

                                Səsimizə səs vermir dünya başbilənləri;

                                Ümid sənədir ancaq, Azərbaycan əsgəri!

       Məğlubiyyət acısıyla yandıq tutuşduq. Dərdimiz dağ oldu, içimizdə alışdıq. Haray saldıq dünyaya, bəlkə bir gün duyarlar, bəlkə bir gün həsrət çəkən qəlblərə, yurd həsrətindən yanıb-tutuşan könüllərə məlhəm olarlar deyə. Lakin heyhat, nə duyan oldu səsimizi, nə dinləyən oldu bizi. Səsimizi özümüzdən başqa heç kəs eşitmədi. Harayımıza hay verən olmadı. İllərlə çalışdıq, çabaladıq, lakin bir nəticəyə gəldik: “ Türkün, türkdən başqa dostu yoxdur, demək”. Çarəni özümüz axtarmalı, özümüz tapmalıyıq. İllərlə dünyanın müxtəlif arenalarından dünyaya səsləndik. Qəbul olunan qərarlar kağız üstündə qaldı. BMT-nin neçə-neçə qətnaməsi yerinə yetirilmədi. Hamı torpağın bizim olduğunu desə də, üzümüzə gülsə də, “qaliblər mühakimə olunmur” şüarıyla hərəkət etdi. Erməniyə gözün üstündə qaşın var deyən olmadı. Qudurmuş ermənilər torpaqlarımızı talan etməyə başladılar. Milli sərvətlərimiz talan oldu, xaricə daşındı. O qədər qudurdularki, mədəniyyətimizədə əl atmağa başladılar. Azərbaycan xalçalarını öz adlarına çıxdılar. Mahnılarımızı, musiqilərimizi erməni mahnısı, erməni musiqisi kimi təqdim etdilər. Musiqi alətlərimizi özününküləşdirdilər. Balabana “duduk” deyib, dünyaya təqdim etdilər. Azərbaycan musiqisinin sədaları altında Şuşada yallı getdilər. Bütün bunlar göynətdi içimizi, təzələdi dərdimizi. Dərdlərimiz dağ oldu. Hayqırdıq səsimiz boğuldu. Kimsə haraya yetmədi, kimsə səsimizə səs vermədi. Nəmli gözlər yollara dikildi. Gözüyaşlı analarımız, həsrətdən beli bükülən atalarımız, onları öz doğma yurd-yuvalarına qaytaracaq ağ atlı igidi gözlədilər. Ümidlərini itirmədilər. Müharibədə şəhid olan oğullarımızın qisasını almaq üçün neçə-neçə Əlif, Çingiz, Aqil, Tofiq dünyaya gələcəkdi. Onlar böyüyüb bütün şəhidlərimizin qisasını alacaqdı.

         Qarabağdan çox-çox uzaqda dünyaya gələn neçə- neçə oğullarımız ürəklərində Vətən sevgisiylə böyüyürdülər. Evdə valideynləri, məktəbdə müəllimləri onlara Vətənimizin dilbər güşələrindən danışar, Vətənimizin hər bir qarışını onlara tanıtdırardılar. İgid oğullarımız eşitdikcə torpağımızın hər qarışına valeh olardılar. Müəllimlər həmdə Qarabağdan danışardı onlara. Belə gözəl yerin, gözəl torpağın mənfur düşmənlərimizin əlində olması onlara çox pis təsir edərdi. Bir qarış torpağımızın belə o mənfurların tapdağı altında qalmasına könülləri razı olmadı. Günlər, aylar, illər ötdükcə torpaqlarımızın işğal altında olması hər an onları narahat edirdi. Hər an onlarda Vətən sevgisi, Vətən həsrəti, düşmənə olan nifrət artırdı. Mənfur düşmənlərimizin bizə məxsus olan nəyisə özününküləşdirmələri vətənimizin hər bir vətəndaşını narahat edirdi. Qəhrəman oğullarımız hər gün daha da səbrsizləşir, işğal altında olan torpaqlarımızı işğaldan azad etmək üçün ön cəbhəyə atılmaq istəyirdilər. Qəhrəman oğullarımız  arasında Ceyhunda vardı.

         Müharibənin bitməsinə baxmayaraq onun qəlblərdə qoyub getdiyi ağrı-acılar hələdə davam edirdi. Torpaq həsrətinin, oğul itkisinin  qəlblərə acılar verdiyi bir vaxtda dünyaya gəldi Ceyhun. Əslən Qobustan rayonunun Sündü kəndindən olsa da, 1994-cü ilin 8 sentyabrında Bakının Mərdəkan qəsəbəsində anadan oldu. Gəlişiylə ailəsinə sanki bir ümid işığı oldu. Kiçik qardaşı Elnurla və dostları ilə birgə tez-tez müharibə oyunları oynayar, hər dəfə də fəallığı, liderlik qabiliyyəti  ilə seçilərdi. Anası onun vətənpərvər biri kimi böyüməsini istəyirdi. Rəna xanım istəyirdi ki, oğlu böyüyüb hərbçi olsun. Vətəninə daim xidmət göstərsin. Hər bir Azərbaycan vətəndaşı kimi anası Rəna xanım atası Etiqad kişi Ceyhunun gələcəkdə Vətənə xeyirli bir övlad olmasını diləyirdi. Onlar Ceyhunu bu ruhda böyüdürdülər. 2001-ci ildə Mərdəkan qəsəbəsində yerləşən Hacı Zeynalabdin Tağıyev adına 123 nömrəli tam orta məktəbin birinci sinifinə qəbul olan Ceyhun burada da özünü fəal, intizamlı, intellektual bir şagird kimi tanıdır. Müəllimlərinin və dostlarının sevgisini qazanır. Məktəbdə keçirilən idman və hərbi yarışlarda Ceyhun həmişə yoldaşlarından üstün idi. O ruhən və cismən bir döyüşçü idi. Bu xüsusiyyətləri onu hər zaman digərlərindən fərqləndirirdi. Elə buna görədə Ceyhun 2012-ci ildə orta məktəbi bitirdikdəm sonra  uşaqlığından bəri arzusunda olduğu, hərbiyə maraq göstərirdiyi üçün öz istəyi ilə DSX(Dövlət Sərhəd Xidməti)-nin akademiyasına qəbul olur. Hər zaman cəsurluğu, igidliyi, fəallığıyla demək olar ki, bir çox xüsusiyyəti ilə öz yoldaşlarından fərqlənərdi. 2016-cı il onun üçün həm kədər, həm sevinc ili oldu. İl başlar-başlamaz canından əziz bildiyi anası Rəna xanımı itirdi. Bu Ceyhunu çox sarsıtsada o anasının dəfnindən sonra yenidən akademiyaya qayıdıb, təhsilini davam etdirdi. Nəhayət, 2016-cı ildə DSX-nin hərbi akademiyasında təhsilini başa vurub “Leytenant” hərbi rütbəsi alır. Hərbi xidmətinə Dövlət Sərhəd qoşunlarının Yevlax, Qazax, Zaqatala sərhəd zastavalarında tağım komandiri olaraq başlayır. Lakin hər zaman Ali Baş Komandanın hücum əmrinin həsrəti ilə yanıb-tutuşan Ceyhun xidmət dostları ilə bərabər döyüş meydanına atılacağı günü gözləyirdi. Onun dostları arasında səsi ilə könülləri oxşayan bir igiddə var idi. Hər zaman öz səsi, xoş avazı ilə seçilən bu igid zastavaya gələn gündən Ceyhunla dostlaşmışdı. Xudayar Yusifzadə ilə Ceyhun Nəhmətovun dostluğu belə başladı. Hər iki igid Vətəni sevən, onu düşməndən azad etməkdən ötrü alışıb-yanan qəlbləri ilə yoldaşlarına da örnək idi.

        Bir gün ezamiyyətə gələn Ceyhun dost-tanışlarıyla, qonşularıyla görüşməyə gedəndə qonşuda gözəl bir qonaq gördü. Gördü və qəlbinə bir atəş düşdü. Nərgiz o gün Mərdəkana qohumlarına qonaq gəlmişdi. Bir-birini yaxından tanıyandan sonra gənclər bir-birilərinə könül verib nişanlandılar. İstəyirdilər ki, tezliklə həsrətə son qoyub, ailə qursunlar. Ceyhun yaxınlarını Nərgizin ailəsinə elçi saldı. Qızın və ailəsinin razılığı alındı. Lakin bu xoşbəxtlik uzun sürmədi. Müharibə xəbəri bu xoşbəxtliyə son qoydu.

       Ermənilərin Azərbaycan torpaqlarına qarşı qaldırdıqları ərazi iddiaları hələ də davam edirdi. Atəşkəsin elan olunmasına baxmayaraq pis xislətli ermənilər dəfələrlə atəşkəs rejimini pozurdular. Biz öz sülhsevərliyimizi qorusaqda, səbrimiz tükənmək üzrəydi. 2016-cı il aprel ayının 2-dən etibarən Şanlı Zəfərin ilk addımları atıldı. Atəşkəs rejimini pozan erməniləri hər dəfə cavab atəşi ilə susdursaqda, səbrimiz tükəndi. Hücuma keçdik və bəzi ərazilərimizi işğaldan azad elədik. Böyük qələbəmizin ilk başlanğıcı yəni Aprel müharibəsi 4 gün çəkdi. 4 günlük müharibədə Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Seysulan və Qazaxlar kəndləri işğaldan azad olundu. Cəbrayıl rayonunun Lələtəpə və Cocuq Mərcanlı kəndi, Goranboy rayonunun Gülüstan kəndi istiqamətində yollar, Tərtər rayonunun Madaqiz kəndi istiqamətindəki yollar işğaldan azad olundu. Lakin bu müharibə çox uzun çəkmədi. Biz yenədə sülhsevərliyimizi qoruyaraq müharibəni dayandırdıq. İşğaldan azad olunmuş ərazilərimizdə Azərbaycan bayrağı dalğalandı. Amma bütün bunlara baxmayaraq, ermənilər öz düşüncələrindən əl çəkmirdilər. 2020-ci ildə atəşkəsi dəfələrlə pozdular. Hər dəfə səbrli davranıb mənfur düşmənləri sülh yoluna çağırsaqda, onlar yenə də öz bildiklərini edirdilər. Amma bu dəfə nə Azərbaycan ordusu, nə də Azərbaycan xalqı bu edilən vəhşiliklərə göz yumdu. Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Ordusunun Ali Baş komandanı cənab İlham Əliyev 2020-ci il sentyabr ayının 27-dən etibarən qismən səfərbərlik elan etdi. Ölkədə həmin gündən etibarən komendant rejimi tətbiq olundu. Ceyhun öz döyüş yoldaşlarıyla müharibənin ilk günündən ön cəbhəyə atıldı. Onun dəstəsi döyüşlərdə göstərdiyi fəallıqla seçilirdi. Bir neçə rayonumuzun işğaldan azad olunmasında keçirilən döyüşlərdə Ceyhun öz dəstəsi ilə fəal iştirak edirdi.  Döyüşün ağır zamanlarında Xudayarın oxuduğu mahnılarıda onlara güc verir, onları döyüşdən-döyüşə ruhlandırırdı. Bu mahnıların sədası altında onlar birlikdə Zəngilan rayonu uğrunda döyüşdülər. Lakin döyüşlərdə Ceyhun dostlarını bir-bir itirirdi. Zəngilanda əziz dostu Xudayarı itirən Ceyhunun döyüş yolu Şuşaya qədər davam etdi. Zəngilan işğaldan azad olunmasına baxmayaraq, rayonun Ağbənd yüksəkliyi hələdə düşməninəlində idi. Ceyhunla birlikdə 20 Xüsusitəyinatlıya Ağbənd hündürlüyünü azad etmək üçün döyüş tapşırığı verildi. Onlar verilən tapşırığın öhdəsindən şərəflə gəldilər. Lakin düşmənin atdığı minaatan mərmisi onun vətən eşqi ilə döyünən qəlbini durdurdu. O 2020– ci il noyabrın 8-də qələbəmizi görmədən dünyasını dəyişdi. Lakin onun arzuladığı qələbə çox yaxında idi. Noyabrın 9-dan 10-na keçən gecə Ermənistan rəhbərliyi kapitulyasiya aktına qol çəkdi. Heyif ki, müharibədə Şəhid olan 2881 igid kimi Ceyhunda əbədi xatirəyə döndü. Bu xatirə yaxınlarının, onu bütün varlığı ilə sevən gözəl Nərgizin, eləcə də bütün Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq, gələcək nəsillərə, neçə-neçə Xudayarlara, Tofiqlərə, Arəstələrə və Ceyhunlara Vətən sevgisini, Şəhidlik məqamının ucalığını xatırladacaq.

     Nişanlısı Nərgiz Ceyhun haqqında xatirələrini danışanda belə demişdi: “Mən elə bilirdim ki, Ceyhun məni çox sevir. Lakin o məndən çox ana bildiyi Vətəni Azərbaycanı sevirmiş…”

       Allah Şəhidlərimizə rəhmət eləsin!

Xədicə Şərifli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir