“High Medical”: Elgün Şəfəqqətov adlı modern təbibdən təbabət məbədi…Ceyran Həsənova yazır
Şəkərli diabetlə və son günlər ayaq barmaqlarımda yaranan problemlə əlaqədar olaraq endokrinoloq Zemfira xanım ayaqlarımı dopler və barmaqlarımı rentgen etdirməyi tələb etdi. Açığı Topçubaşov adına Cərrahiyyə Mərkəzinə getmək istəmirdim. Orda insana qayğı göstərilmir, xəstələrlə çox kobud rəftar edilir, adı sığorta olsa da, açıq pul istənilir, müasir texnologiya ilə təminat zəifdir və s.
Yadıma düşdü ki, həmyerlimiz Hacı Elşad Şəfəqqətovun oğlu doktor Elgün Şəfəqqətov Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, 45 nömrəli məktəbin yanında özəl klinika açıb və Hacı Elşad qardaşım məni bir neçə dəfə həmin klinikaya dəvət edib. Açığı “gedəcəyəm” desəm də, utanırdım. Amma bu dəfə barmaqlarımın vəziyyəti yaxşı deyildi, getməyə məcburdum. Ona görə Hacıya zəng vurub bu istəyimi bildirdim. Hacı oğlu ilə əlaqə saxladı, dr Elgün özü zəng edib məni klinikaya dəvət etdi. Dərsdən sonra hazırlığım vardı , ona görə saat 18 üçün məni növbəyə yazdılar.
Klinika şəhərin gözəl və mərkəz yerlərindən birində- Nərimanov metrosu yaxınlığında yerləşir. Tibbi personal gülərüz, mədəni, mehriban insanlardır. Məni çox gözəl qarşıladılar. Dr. Elgün özü stomatoloq- implantoloqdur, “High Medical” adlanan həmin klinikanın təsisçisidir. Əlindəki işi bitirən kimi “Ceyran xanım hardadır?”- deyə qızlardan soruşdu. Çox yüksək səviyyədə , hörmət- izzətlə mənimlə görüşdü, həkim Xəyalə xanıma dəfələrlə tapşırdı, sonra öz pasiyentinin yanına getdi. Dopler və USM otağı yüksək səviyyəli, dünya standartlarına uyğun texnoloji vasitələrlə təmin edilib. Həkim Xəyalə xanım ayaqları dopler edərkən bütün incəlikləri mənə başa salaraq ekranda göstərdi. Şükür ki, ayaqlarda nə arterial, nə də vena damarlarda tıxanma, problem olmadı, kiçik kapilyar partlaması müşahidə olundu. Ən təhlükəlisi barmağımın birində iltihabi proses var.
Klinikada baxmayaraq ki, texnoloji təchizat yüksək səviyyədədir, qiymətlər normaldır, endirimlər də olur.
Mənə göstərilən tibbi xidmətə görə başda dr. Elgün Şəfəqqətov olmaqla, High Medicalın bütün personalına dərin təşəkkürümü bildirir, şərəfli və məsuliyyətli işlərində onlara uğurlar arzulayıram. Hacı Elşad qardaşıma belə ağıllı, mədəni, savadlı övlad yetişdirdiyi üçün minnətdarlıq edirəm.
P.S. Qeyd etməyi özümə borc bilirəm ki, keçən il dr. Aysel Məmmədova xanım da məni növbəsiz və ödəniş etmədən dopler müayinəsi etmişdi. Ondan da eyni qayğı, eyni hörmət, eyni savad görmüşdüm. Bölgəmiz öz həkimləri ilə respublikada həmişə sayılıb- seçilib. Nöqsanları deyəndə, yaxşı işləri də deməyi bacarmalıyıq.
Hə, onu da deyim ki, sonda klinikadan mənə hədiyyə olaraq çanta, təqvim, dəftər, qələm və fincan da verdilər.
Ceyran Həsənova, pedaqoq, publisit-bloqqər

