“Baboş”a ev bağışlayan şəxsdən soruşmaq lazımdır ki, nə edib ki, ona birdən-birə ev bağışlayırsan?” – YYSİB sədri, ictimai xadim Aydın Xan Əbilov

“Həssas qruplar, şəhid və qazi ailələri, veteranlarımız, kasıb təbəqənin sayının çoxaldığı zamandayıq. Dünya iqtisadiyyatının böhran keçirdiyi, Azərbaycanda post-neft və post-pandemiya dövrünü yaşadığımız vaxtda həssas təbəqədən olan insanlara kömək etmək əvəzinə? özünü qız kimi aparan, “Baboş”izmlə məşğul olan şəxsə şəhərin ən prestij, həm xaricilərə, həm də gənclərə motivasiya ola biləcək bir yerində ev bağışlanması barədə informasiya yayılır. Bu, feyk, yalan da ola bilər. Doğrudursa belə, tənqid ediləsi, ictimai qınağa çevriləsi məsələdir. Sözsüz ki, insanların Konstitusiya hüququnu poza bilmərik. İstər “Baboş”, istərsə də digərlərinin… Həqiqətən də, mərhəmət xatirinə “Baboş”a mənzil hədiyyə ediblərsə, başqa məsələ. Amma yalançı reklam, informasiya çirkləndirilməsi, saxta xəbər naminə bu, ortaya atılıbsa, əlbəttə ki, qarşılığında məsuliyyət daşıdıqlarını bilməlidirlər. Bildiyim qədəri ilə, bundan əvvəl də “Baboş”a yalnız “Tik Tok”da oturduğuna görə çoxlu bahalı hədiyyələr göndərilirdi, hətta evi də təmir edildi”.

Bu sözləri Pravda.az-a açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, Prezident təqaüdcüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

O bildirib ki, “Baboş” və ona bənzəyənlərin yaratdıqları şəbəkə gənclərə, yeni nəslə müsbətə nəsə vermir: “Belə çıxır ki, biz illərdir, özümüzü öldürmüşük, bağçadan akademiyaya qədər oxumuşuq, indiyə qədər əlimizdə kitab, araşdırırıq, tədqiq edirik, ora-bura qaçırıq, karyera qurmaq üçün canımızı, sağlamlığımızı veririk, dövlətdən və ya digər iş yerlərindən aldığımız maaş 500 manatdır, amma şit-şit hərəkətlər etməklə, özünü qız kimi aparmaqla, kimlərinsə xoşuna gəlmək üçün “hacı xanım”, yaxud “hacı”lar axtarmaqla məşğul olan “Baboş”lar və digərləri rahatca həyatda hər şeyi qazana bilirlər. Bu nə həyat tərzidir? Gənclərə necə nümunə ola bilər? Bunu qəti qadağan etmək, qəti pisləmək lazımdır. “Baboş” deyəcək ki, mənim Konstitusiya hüququmdur, evi hədiyyə veriblər, qəbul etmişəm. Halbuki ev bağışlanan zaman dəqiqləşdirmək lazımdır ki, notariusda qeydiyyata alınıbmı? Maliyyə Nazirliyinə, İqtisadiyyat Nazirliyinə, Vergilər  İdarəsinə dövlət tərəfindən müəyyənləşdirilmiş ödəmələr edilibmi? Edilməyibsə, saxta xəbərdir. Yaxud da edilməyibsə, ortada cinayət faktı var. Bu, inzibati, yaxud cinayət xətaları ilə məsuliyyət tələb edən haldır. Fikrimcə, “Baboş”a ev bağışlayan şəxsi tapmalıyıq. Ondan soruşmalıyıq ki, “Baboş” nə edib, ona birdən-birə ev bağışlayırsan? Bəlkə, Qarabağda gedib qəhrəmanlıq göstərib sağlamlığını itirib, ya şəhid olub? Bəlkə, Azərbaycan üçün idmançı, mədəniyyət xadimi olaraq qeyri-adi iş görüb? Texniki yeniliklərmi gətirib? Belə insanlar utanmırlar? Yoxsa öz balalarını “Baboş”lara oxşatmaq istəyirlər? Bəlkə, özləri də “Baboş” sevərdirlər? “Baboş”ların “hacıları”dırlar, ya nədirlər ki, bu cür işlər görürlər? Deyəndə ki, üç kitabın elektronlaşdırılmasında bizə kömək edin, rəhbərlik etdiyim kitabxana.net-də yerləşdirək, o dəqiqə başlarına daş salırlar, şüvənlik çıxarırlar ki, acından ölürük, pul yoxdur. Amma “Baboş”lara real və ya virtual həyatda bahalı hədiyyələr, ev hədiyyə verirlər. Bu yaxınlarda başqa bir video da trend olmuşdu. “Baboş” özünəməxsus paltarları qaziyə göndərməklə bağlı video paylaşmışdı. Bu, birbaşa veteranları təhqir etməkdir, mənəviyyatımıza vurulan zərbədir. Buna görə də “Baboş” məsuliyyətə cəlb olunmalıdır. Amma nəyə görəsə dövlət qurumları hələ ki dinmirlər. Elə ki “Baboş” hansısa məmuru təhqir etməyə başladı, onda onu 10-15 gün cinayət məsuliyyətinə cəlb edirlər. Sonda yenə də azadlığa çıxır, öz hərəkətlərini davam etdirir. Belə tendensiyalar Azərbaycan cəmiyyətində, ümumiyyətlə, dünyada son vaxtlar tez-tez baş verir. Bunun qarşısını almaq üçün virtual, etik davranış normaları hazırlamağın vaxtı çatıb. Təəssüf ki, Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, digər qurumlar bununla bağlı heç bir addım atmırlar. Hər şeyi bizim kimi ekspertlərin üstünə atırlar. Belə olmamalıdır. Ekspertlərin beyin məhsulundan istifadə edib onları qabağa verib işlətmək, müəyyən proqramları, normativ aktları hazırlayıb Nazirlər Kabibetinə etmək lazımdır. Lazım gəlsə, Milli Məclisdə bununla bağlı qanun dəyişiklikləri etməliyik ki, bu cür hadisələr baş verməsin”.

Ekpsert “Tik Tok” və digər şəbəkələrin fəsadlarından da danışıb: “Təkcə “Baboş”u demirəm. Ümumilikdə, Azərbaycanda belə şəbəkələr var idi. Jurnalistlərin, sosioloji məsələlər üzrə eskpertlərin səyi, analizləri, tənqidləri nəticəsində üzə çıxarıldı. Aidiyyəti dövlət qurumları onlarla mübarizə aparırlar. Amma son xəbər yanğının üzərinə neft atmaqla problemi daha da alovlandırdı. İnternet əsrində yaşayırıq. İnformasiya bolluğunda insanlarımız bir çox məsələlərə sadə gözlə baxırlar. Lakin bunların arxasında mürəkkəb proseslər dayandığının fərqində deyillər. Son vaxtlar sərbəstlik verilən sosial platformalardan biri “Tik Tok” sürətlə inkişaf edir. 60-80% əhalini əhatə edən, orta nəslin, gənclərin və yeniyetmələrin istifadə etdiyi “Tik Tok” və burada gedən proseslər bizi də düşündürür. “Tik Tok”un müsbət və mənfi tərəfləri çoxdur. Burada insanlar öz düşündüklərini bölüşə bilirlər. Azərbaycan mətbəxi, siyasəti, ictimai düşüncəsi, elmi-texniki məsələlərlə bağlı həm ana dilimizdə, həm də müxtəlif dillərdə vizual materiallar paylaşılır. İstər-istəməz əhalinin marağına səbəb olur. Alternativ öyrətmə, öyrənmə, təhsil platforması kimi “Tik Tok”dan istifadə etmək olar. Bütün bunlarla yanaşı “Tik Tok” və digər platformalar informasiya çirklənməsinə də xidmət edən saxta, aldadıcı, yalan, reklam xarakterli məlumatlarla doludur. Bu isə bir çoxlarının brend kimi tanınmasına xidmət edir. Bəzi işbazlarla yanaşı bundan real həyatda sıxışdırılanlar, psixoloji, mənəvi təzyiqlərlə, şiddətlə, adət-ənənələrin təzyiqi ilə rastlaşan bir çox şəxslər də istifadə edir. Əvvəllər ictimai qınağın ünvanlandığı şəxslər var idi ki, onların çoxu bədən satmaqla məşğul idilər. Cinsi azlığın nümayəndələri, translar və s. bunlar şəhərin müxtəlif yerlərində yığışıb öz bədənlərini satırdılarsa, bununla normal insanları da öz sıralarına qoşa bilirdilərsə, bu, indi daha çox kütləvi informasiya vasitələrində, telekanallarda, əsasən də sosial şəbəkələrdə virtual forma alıb. “Baboş”lar, Bayram Nurlular kimi yüzlərlə gənc və özünü əks cinsin nümayəndəsi kimi göstərənlər insanların diqqətini cəlb edə biliblər. Təəssüf ki, informasiya çirklənməsi, qara pulların yuyulmasında belələrindən daha çox istifadə olunur. Çünki belələri real həyatda, cəmiyyətdə öz bacarıqlarını, peşəkarlıqlarını, yaxud hansısa sahədə uğur qazandıqlarını nümayiş etdirə bilmirlər. Real həyatda cinsi azlıqların nümayəndlərənin karyera qurmaqda çətinliklə qarşılaşdıqlarını görürük. Tək-tük müxtəlif sahələrdə çalışanlar var ki, onlar da daha çox virtual həyatda yeni nəslin “X” nümayəndələrinin etdiklərini real həyatda edə bilirlər. Qonşu Türkiyədə, Rusiyada baş verən proseslər bir daha sübut etdi ki, belə şəxslər qara, çirkli pullar, narkotik, silah, qadın alveri və digər qlobal şəbəkələrin təsiri altına tez düşə bilirlər. Türkiyədə ard-arda “Tik Tok” fenomenlərinin, blogerlərin həbsi bir daha sübut etdi ki, bu məsələ hazırda daha da aktualdır”.

Aytəkin Qardaşova

https://pravda.az/news/133491

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir