”Vaxtsız batan Günəş”. Gənc filoloq və yazar Xədicə Şəriflidən Qarabağ müharibəsi haqqında maraqlı bədii yazı
Soyuq bir qış gecəsi idi. Adəti üzrə əyləşdiyi yerdə gözlərini uzaqlara dikərək dərin fikrə getmişdi. Gözləmədiyi halda çalınan qapı zəngi onu xəyallarından ayırdı. Cəld qapıya yaxınlaşdı, açdı və qarşısında gördüyü mənzərədən sarsıldı . gözlərindən donub üzünə axan bir cüt göz yaşı iyirmi illik yolun bir anlıq göstəricisi idi.
Qızıl payız… Günlərdən bazar ertəsi. Günəş adəti üzrə yuxudan durub pəncərənin qarşısına gəldi. Payızın təbiəti necə gözələşdirdiyinə tamaşa etməyə başladı. Qızıl payız adı kimi hər yanı qızıla çevirmişdi. Yamyaşıl ağaclar artıq yavaş- yavaş saralır, ağacların budağına “əlvida!” deyərək torpağa qarışırdı. Ağacların canından can ayrılırdı. Bu vidanın onlara necə acı verdiyini bəlkə də biz bilmərik. Lakin, yenidən canlanmalı olduğunu, baharda yenidən o yamyaşıl yarpaqlarına qovuşacağını, gələcək bülbüllərə, qaranquşlara yenidən ev olacağını düşünəndə acını unudardı ağaclar. Insanlar kimi. Insanın canından can ayrılsa, acılar içində qıvrınar, kiməsə dərdini anlada bilməz. Qəhər boğazında yığılar, bu acı onu son nəfəsinə kimi incidər. Amma o yenə də nəyəsə və ya kiməsə görə yaşamağa davam edər. Həsrətlə dolu, acıdan, kədərdən quyuya düşmüş o gözlər bir ümidlə, sadəcə bir dəfə görərəm eşqi ilə bu qocaman dünyaya baxmağa davam edər. Ümidlər ən sonda ölər. Amma bilmirlər ki, ümidlər ölənə qədər insan dəfələrlə ölüb dirilər. Həyatın acımasız, keşməkeşli yollarında daşa-qayaya rast gələ-gələ, yolundan onları təmizləyə-təmizləyə davam edər yoluna. Günəşin özünü ağaca bənzətməsi hər nə qədər acı olsada, həyatın acımasız gerçəyi idi.
Insan başına gələnləri qar kimi bəyaz vərəqlərə düzəndə dolub durar. Axı, onun başına gələnlər axşamdan yağıb hər yeri bəmbəyaz edən qarın üstündə palçıqlı ayaqqabılarıyla gəzib iz buraxmış insanı xatırladırdı. Birdə qar yağar, tapdalanmış qarı yenidən bəmbəyaz edər ümidi ilə davam edir yazmağa. Bəlkə həqiqətən qar yağar, ya da bir günəş doğar. Elə bir günəş ki, o izləri əridər, qurudar və bir daha bəyaz qarın üzərinə iz düşməsinə icazə verməz.
May ayı idi. Günəş bu gün başverəcəklər üçün çox həyəcanlı idi. Axı aylardır bu gün üçün hazırlaşırdı. Nə zamandır üzərində işlədiyi layihəsini bu gün təqdim edəcəkdi. Qorxurdu biraz. Birdən layihəsini bəyənməzlər deyə qorxurdu. Eyni zamanda özünə inanırdı. Bacaracağına inanaraq bu yola başlamışdı. Dəfələrlə onu ruhdan salmağa çalışsalarda, çox yorulsada, əziyyətinin bəhrəsini görəcəkdi. Illərdir bir ağac əkib meyvəsini gözləyən bir bağban kimi həyəcanlı idi. Onun ağacı çiçək açmışdı və öz bağbanına meyvə verəcəkdi.
Hazırlaşıb evdən çıxdı. əlində bir dəstə kağızla harayasa tələsən bu qızcığazı görən hər kəs onun arxasıyca baxmağa davam edirdi. Səma kimi mavi kostyumu ona çox yaraşırdı. Sadə şəkildə bəzənmiş, dərya kimi uzun saçlarını açıb çiyinlərinə atmışdı. Günəş böyük binanın qarşısında dayanıb bir müddət sakitcə onu izlədi. Həyəcanını bir azda olsun basdırmaq üçün dərindən ah çəkib içəri daxil oldu. 52 nömrəli otağa yaxınlaşdı. Qapını döyüb içəri girdi…
Vaxt keçmək bilmirdi. Saatlar sonra otaqdan çıxdı. Yorğun görünürdü. Üzünə baxdıqda çox şey hiss olunurdu. Ehmalca əllərini çantasına aparıb telefonunu çıxardı. Ata-anasından o qədər zəng gəlmişdi ki… Cəld anasına zəng etdi. Ana həyəcanla telefonunu açıb danışmağa başladı. Günəş qədər anası, atası da həyəcanlı idi. Telefonun o biri tərəfindən atayla ana dayanmadan sualları verir, Günəş hələ də susurdu. Onlar qorxmağa başladılar. “Yoxsa, ilk gözağrılarının, çalışqan, ağıllı qızları Günəşin layihəsini qəbul etmədilər?”-deyə düşünməyə başladılar. Nəhayət, gözlədikləri o səs eşidildi. Günəş sevincli şəkildə layihəsinin qəbul olunduğunu ata-anasına bildirdi. Sevinclərinin həddi-hüdudu yox idi. Günəş ailəsi ilə sağollaşıb evə getmək üçün tələsdi. Binadan çıxanda o qədər sevincli idi ki, gözünə heçnə görünmürdü. Lakin, heç tanımadığı bir insanın onun arxasıyca necə baxdığını hiss etmişdi.
Hər şey dəyişdi. Artıq ah çəkərək daxil olduğu binaya layihəsini reallaşdırmaq üçün gedirdi. Yeni iş ortamı, yeni iş yeri, yeni kollektiv və yeni həyat. Artıq neçə həftədir ki, burada çalışırdı və çox mehriban bir kollektivi var idi. Hətta ilk dəfə bu binadan onun arxasında baxan o gənc oğlan belə kollektivin içərisindəydi. Birlikdə çalışırlar. Layihəni həyata keçirmək üçün bütün güclərini səfərbər etmişdilər. Hətta işdən sonra yorulmadan hansısa bir kafedə oturar, yemək yeyərkən, kofe içərkən layihə barədə danışardılar. Bir-birlərinə çox bağlanmışdılar. Hər işlərini birlikdə görər, demək olar ki, heç ayrılmazdılar.
Murad ailənin böyük oğlu idi. Bu yaşına çatana qədər nə əzab-əziyyət gördüyünü sadəcə anası bilirdi. Bir gün yol qəzasında Murad atasını və bacısını itirmişdi. 15 yaşından anasına özü baxırdı. Həm oxuyub, həm işləmək nə qədər çətin olsa da, anasını gözüyaşlı olmasını, oğlu ola- ola əziyyət çəkməsini istəmirdi. Beləcə, min bir əziyyətlə gəlib bu yaşa çatmışdı. Günəşi ilk dəfə şirkətdə görəndən sonra sanki ona yeni bir can gəlmişdi. Gözləri hər yerdə onu axtarır, hər gün onu görmək istəyirdi. Günəşlə bir şirkətdə, hətta eyni komanda da çalışdığını öyrəndikdə sevincini yerə- göyə sığdıra bilmədi. Murad Günəşi sevdiyini anladıqda, cəsarətini toplayıb sevgisini etiraf etdi. Artıq Günəş də onu sevməyə başlamışdı. Onlar birlikdə xoş günlər keçirirdilər. birlikdə yeni-yeni layihələr yaradırlar, iş həyatlarında irəli gedirdilər. Muradın anası da Günəşi çox sevirdi. Murad Günəşdən evdə o qədər danışırdı ki, cismən olmasa belə, ruhən Murad və anasının yanında yaşayırdı.
Zaman o qədər tez keçir ki… Sanki günlərdir gözlədiyin qatar sən vağzala çatmadan ötüb gedir. Indi arxasıyca qaç qatarın. Çata bilsən, nə xoş sənə…
Muradla Günəş evlənmişdilər. Çox xoşbəxt idilər. həm işdə, həm də evdə birlikdə olur, həyatlarını firavan keçirirdilər. bəzən balaca uşaq kimi davranar, bəzən olduqları yaşdan daha böyük olardılar. Bir-birini saf məhəbbətlə sevən bu gənclər həyatı dolu-dolu yaşamağı bacarırdılar. Dərd-qəmdən uzaq yaşamağı hər kəs bacarmaz. Insan gərək ən pis anında belə özünü, ətrafını xoşbət etməyi bacarsın. Muradla Günəş bunu bacarırdılar
Həyatın isti və gözəl yazı olduğu kimi, qızıl kimi payızı var. Bu payız bəzilərini sevindirsə də, bəzilərinin həyatına bir qaranlıq olub çökür. Çox sevdiyi payız Günəşin həyatına soyuqluq, qaranlıq gətirmişdi.
Müharibə başlamışdı. əli silah tutan hər kəs könüllü cəbhəyə yollanmışdı. “Vətənin bir qarışını mənfurlara vermərik!” deyən igid oğullarımız əlində silah gecə-gündüz vətənin keşiyində idi. Igidlərin arasında Murad da var idi. Müharibə başlayanda könüllü olaraq orduya yazıldı. Günəş onunla qürur duyur, eyni zamanda narahat olurdu. Axı müharibənin necə dəhşətli olduğunu bilirdi. Hər gün xəbərləri izləyir, demək olar ki, televizorun başından çəkilmirdi. Hər gün Allaha dua edər, gözləri yolda sevdiyini gözləyərdi.
Bir gün o şad xəbər gəldi. Müharibə bitmişdi. Torpaqlarımızdan mənfur düşmənləri çıxarmışdıq. Cəbhədə Vətəni qoruyan əsgərlər geri dönürdü. Bəziləri bayraq əllərində, bəziləri şanlı bayrağa bürünüb evinə dönürdü. Gözlərdə sevinc, qürur, kədər, həsrət, nisgil və daha saya bilmədiyimiz necə duyğu var idi. Hər biri insanın qəlbinə ifadə edə bilmədiyimiz şəkildə təsir edir. Axı insanların nə hiss etdiyini sadəcə özləri bilir. Günəş müharibə bitdiyi üçün hər gün şükür edir, sevinir, qürurlanır. Amma onun qəlbini acı bir hiss bürümüşdü. Muraddan bir xəbər yox idi. Gözləri yolda intizarla sevdiyinin yolunu gözləyir, lakin nə dirisindən xəbər çıxır, nə də ölüsündən. Bu həsrət, bu intizar Günəşin gözəlliyinə qara bulud kimi çökmüşdü. Dünyaya gözəllik saçan Günəşin qarşısını soyuq, qara buludlar almışdı. Zaman tez keçirdi. Saatları günlər, günləri həftələr, həftələri aylar, ayları illər əvəz edirdi. Günəş intizarla sevdiyinin yolunu gözləyir, lakin üstündən illər keçməsinə baxmayayaraq, hələ də bir xəbər yox idi. Muradsız keçən bu illər Günəşi şaxta vurmuş qızılgül qönçəsitək soldurmuşdu. Saçlarına bəyazlar düşmüşdü. Bu bəyazlar ilk dəfə yağmış qardənəcikləri kimi, əvvəl saçının bəzi yerlərini, daha sonra bütün saçını əhatə etmişdi. Bəzən Muradın geridönəcəyinə olan ümidi ölsə də, yenədə bu ümidlə yaşayırdı. Hər gün onu ayaqda tutan səbəb bir gün Muradının geri dönəcəyi idi. Artıq müharibə bitəli 20 il idi. 20 ildir ki, Günəş öz Muradına həsrət qalmışdı. Fəsillər dəyişir. Hava gah soyuq, gah isti olurdu. havanın istiliyi qəlbləri isidə bilmirdi, təəssüf ki. Günəşin qəlbini isidəcək tək şey geri dönən Murad ola bilərdi. Bəlkə də bir gün günəşin qəlbi isinəcəkdi. Nə bilmək olar? Bəlkə də indi…
Qapıda gördüyü mənzərədən duruxub qalmışdı. Sanki ürəyi dayanacaqdı indi. Heç vaxt bu qədər həyəcanlı olmamışdı. Heç onu ilk dəfə görəndə belə həyəcanlı deyildi. Çox vaxt keçmişdi. Amma baxışlar dəyişmirmiş. Deyəsən, dəyişən sadəcə zaman idi. Saçlarını ağarda-ağarda keçən bir zaman. Onu həsrətlə yollarda qoyan zaman. Ona iztirab, kədər, nisgil gətirən zaman dəyişmişdi. Gözünün qabağına onunla keçirdiyi vaxtlar gəlmişdi. Necə xoşbəxt idilər, necə gözəl həyatları var idi. Onların xoşbəxtliyini tamamlamayan tək şey övladlarının olmaması idi. Amma olsun. Axı onlar bir-birlərini sevirdilər. Bu xoşbəxt illərin arasına sadəcə 20 illik boşluq keçmişdi. Sevən insanların ayrı qaldıqdan sonra həyatlarına daxil olan boşluq. “Nə dəyişə bilərdi axı bu 20 ildə?” –deyə öz-özünə düşündü Günəş. Bir anlıq yenidən xoşbəxt yaşayacaqlarını düşündü. Bunun sevinci ilə gözləri doldu. Heç biri danışmır, bir-birlərinin gözlərinə baxaraq fikrə dalmışdılar. Onları bu düşüncələrdən ayıran qəflətən şirin balaca bülbülün cəh-cəhinə bənzəyən səs oldu.
“Ata!” deyib, Muradı səsləyən o səs. Bir anlıq dünya Günəşin başına fırlandı sanki. Nə xəyallar qurub, nə ümidlər bəslədiyi, sevdiyi insanın xəyalı ilə yanıb-tutuşan Günəşin iradəsizcə gözlərindən yaşlar axmağa başladı. Balaca qızcığazı qucağına alan Muradın artıq bir kəlmə söz deməsi belə mənasız idi. 20 illik həsrətinn səbəbini 3-4 yaşlarındakı balaca qızcığaz artıq çoxdan demişdi. Günəşin gözləri qapının kandarında dayanmış gözəl bir xanıma sataşdı. Qara uzun saçları çiyinləri boyu yana tökülmüş, badamı gözləri ilə ətrafı süzdükdən sonra başdan-ayağa Günəşi nəzərdən keçirməyə başladı. Donuq baxışlarıyla qadını süzən Günəş bir anlıq “Görəsən, onu məndən fərqləndirən nədir?” –deyə düşünərək dəhlizdəki güzgüyə baxıb, çox cavab tapdı bu sualına. Təmiz, saf eşqlə sevdiyi insanı müharibəyə yola salan bir qadın gördü güzgüdə. Həsrətlə hər gün yollarını izləyən bir qadın gördü. Illərin qar kimi bəmbəyaz etdiyi saçlarını, həsrətdən sanki quyuya düşmüş gözlərini gördü. O qadından çox fərqli olduğunu görüb sadəcə susdu. Illərdir sanki bu anı gözləyirmiş kimi, son dəfə sevdiyi insana baxıb bu kədərə tap gətirə bilmədi. 20 illik həsrətin acısını çıxarmağı düşünərkən, qarşısında gördüyü mənzərələrə tab gətirə bilmədi. Danışmadı. Araya girən 20 ilə baxanda danışmaq üçün çox şey vardı. Bəlkə oturub saatlarla çəkdiyi həsrətdən danışardı Günəş. Bezərdimi Murad? Əsla! Axı o, Günəşini məlahətli səsini dinləməkdən bezməzdi. Saatlarla danışsa, gözünü qırpmadan sevgi dolu baxışlarıyla dinləyərdi Günəşini. Amma bu dəfə Günəş danışmadı. Danışa bilmədi. Susdu. Hər zaman Muradıyla usanmadan danışan Günəş, Muradı səsinə həsrət qoyub susdu…

