Çağdaş ədəbiyyat. “Gecikmiş nəsihət”. İstedadlı yazıçı Rasif Əhmədovdan maraqlı bir hekayə…
Ey fələk, zülmün əyandır,bu necə dövri-zamandır ki işim ahü fəğandır, məni yandırma amandır, gözümün əşki rəvandır, ürəyim dopdoluqandır, hamı qəmdən bu yamandır ki, neçə əhli qələmlər, buraxıb canıma qəmlər, qarışıb dərd bəhəmlər, ürəyim indi vərəmlər…
Doğrudan da , əliəyrilərə, fırıldaqçılara, adamları aldadan, ona-buna atan nakəslərə əlacsız-əlacsız baxanda fələyin zülmünü də görürsən, dövri- zamanda haqları tapdanan kasıb-kusubların fəryadını da eşidirsən və mənəvi əzablara dözməyib vərəmləyib ölənləri də …
Böyük tikinti şirkətinin rəhbəri olan Talıb da məhz ürək vərəmlədən, adam çərlədənlərdən idi ki, axırda özü də eyni xəstəliyə tutuldu.
İndi isə nəzər salaq onun həyat hekayəsinə
Böyük imkanlara sahib olan Talıb elə harınlamışdır ki, tikintidə çalışanların haqqını mənimsəməkdən belə çəkinməyirdi. Bu işdə şəxsi heyətinə cəlb etdiyi qohumları da fəal iştirak edirdi. İxtisasca müəllim olan əmisi oğluna, vəkil olan bibisi oğluna, sürücü olan xalası oğluna, kənddə mollalıq edən dayısı oğluna şirkətin işlərini həvalə etmişdir ki, onlar da meydan sulayıb, at oynadırdılar.
İşçilərin haqqı tapdanırdı, neçə aydır əmək haqlarını ala bilmirdilər. Yüz yalan-hiylə ilə cüzi miqdarda “maaş” verərdilər ki, onlar da işlərini yenidən davam etməyə məcbur qalardılar. Sabahın ümidiylə…
Qarşıdan bayram gəlirdi. Səbri tükənən işçilər yenidən şirkətin həyətinə toplaşaraq neçə aydır yığılıb qalan maaşlarını tələb edirdilər. Talıb qohumlarını kabinetinə toplayaraq , etiraz edənlərlə necə davranmalı olduğunu müzakirə edirdi:
-Bu da işçilərə vəd etdiyimiz növbəti həftə. Bəs indi nə cavab verəcəyik?
Əmisi oğlu dedi:
-Ustaların etiraz etməsi fövqəladə hal deyil, Hər yerdə belə hallar baş verir və təbi ki, çıxış yolları da mövcuddur.
-Bəs, çıxış yolunu nədə görürsən?
-Müxtəlif bəhanələrlə vaxtı uzatmaqda. Bəzən , daha çox pul alacağını güman edən kəs üsyan etməyə meyilli olmaz.
Talıb üzünü vəkilə tutaraq:
-Bəs sən necə düşünürsən?
– Haqsıza haqlı deyib, bir çox günaha batmışam ancaq, yenə də sizə sadiqəm. Siz necə buyursanız elə də olacaqdır.
Cavabdan məmnun qalan şef mollaya baxdı:
-Biz onlara pul versək sənin də gəlirin azalacaq odur ki,
Hər hiyləvü bicliklə gir əlbəttə əbaya
Şad ol bu əməldən,
Əl çəkmə hiylədən
İmanı da versən,
Vermə pulu əldən…
Molla əlindəki təsbehi çevirərək:
-Bibioğlu, onsuz da bəzi qədirbilməzlər mənim də adıma qara yaxıblar guya;
Gündə bir fitva verib məxluqu çox aldatmışam!
Mən halalla haramı bir-birinə qatmışam…
-Indi mən üzümü onlara tutub deyirəm; a sizə qurban olum, tutaq ki, kimisə aldatmışam, deyək ki, lap belə, halalı haramla qatmışam, a başınıza dönüm, bununla fəlakət baş verməyib ki? Daha aləmə niyə car çəkirsən? Məni molla qiyafəsində görənlər ətəyimdə namaz qılır , əlimdən öpür bəs, sən niyə məni millətimin gözündən salırsan, a səni gözdən düşəsən. Bununla belə yenə dedi-qodulara fikir verən deyiləm, kin saxlayan da deyiləm. Hər dəfə fəhlələrin qarşısına çıxanda söyləmişəm ki; daha çox səbr edin ki, səbirli olmağı öyrənəsiniz. Görünür səbir kasaları dolub. Bir az boşaldarıq keçib gedər.
Xalası oğlu dedi:
-Burada mən də məsuliyət daşıyıram çünki, oradan-buradan usta tapıb tikintiyə gətirənədək dəridən-qabıqdan çıxmışam, donnan-dona girmişəm hətta, dədəmin də canına and içmişəm. Halbuki, dədəm eşidib bilsə ki, öz mənafeyimə görə onun məsum canına and içmişəm, başımda turp əkər. Özünüz də yaxşı bilirsiniz ki, neçə aylardı ki, şəxsən özümə gün ağlaya bilmirəm. Mən bura gələndə sınıq-salxaq 07 sürürdüm, indi yetmiş min manatlıq avtomobil idarə edirəm. Bu da onların gözünə girir;
Ortada keyf eyləyib mən hər mərama çatmışam..,
Amma elə deyil! Allah onların nəfsini kəssin! Axı, nə qədər arzularım var. Arzularıma çatmaq üçün deyəsən bu dəfə anamın canına and içməli olacam neynək, qoy elə olsun.
Qohumlarını dinləyəndən sonra Talıb məsləhət verdi:
-Çox sıxışdırmayın, şirin dillə vəziyyəti yoluna qoyun, elə edin ki, çox da zilə çıxmasınlar, di, gedib üzərinizə düşəni yerinə yetirin.
Qohumlarını ustaların üzərinə göndərəndən sonra oğlanlarını yanına çağırıb gileyli-gileyli söylədi:
-İşə düzələndə yalvarırdılar, indi verdiyimiz maaşa ağızlarını büzürlər. Hədlərini aşırlar, üsyan edirlər, üzümüzə ağ olurlar…
Böyük oğlu Çingiz ərköyün və çılğın idi, məsələnin nə yerdə olduğunu da bilirdi. Odur ki, atasının sözünü axıra qədər dinləməyib tikanlı-tikanlı danışdı:
-Dünən palçıqlı ayaqqabıyla , yamaqlı şalvarla kənddən gələnlər , bizim səliqəli geyimimizə, bahalı avtomobilimizə də tamah salırlar. Elə güman edirlər ki, dörd –beş ay zəhmət çəkməklə onlar da bunlara sahib olacaqlar. Lakin , belə zənn etməsinlər çünki, bu onların atasının şirkəti deyil, bizim atamızın şirkətidir. Odur ki, nə verirlərsə sakitcə qəbul edib allahına şükür elə!
Atası , əlini onun çiyninə qoyaraq:
-Afərin
, mənim oğlum! Əsil atan deyəni deyirsən
Olmaz ki, hər əmrə dəxalət
edə fəhlə
Dövlətli olan yerdə cəsarət edə fəhlə..,
-nimdaş əyin-başla şəhərə gəlib , təzə kastyumla , şəxsi avtomobillə kəndinə qayıtmaq istəyən kəndli əgər, özünün ağası olmaq istəyirsə qoy, elə öz tarlasında çalışsın. Necə deyərlər; “istəyirsən bal-çörək, al əlinə bel kürək!”. Kiminsə qapısında palçıq qarışdırıb, daş qoymaqla əlçatmaz xəyallar qurmaq olmaz.
Ortancıl oğlu Ruslan da atasının sözlərinə təkan verdi:
-Düz deyirsən, ata. Adam gərək şaddığından- şitlik eləməsin. Dünən pul tapıb kreditini ödəyə bilməyənlər məhz, bizim qapımıza üz tutmuşdular. Onların üzlərinə qapı açdıq, işlə təmin etdik, elə ki, əlləri çörəyə çatdı, başladılar ki; ay, o işin qiyməti budur, ay, bu işin qiyməti odur…-deyərək iddiaları daha da böyüdü. İndi görün özlərini necə aparırlar? Heç elə bil, dünən acından ölən bunlar deyimiş!
Talıb köks ötürdü:
Bu çərxi-fələk tərsinə dövran edir indi,
Fəhlə də özün daxili-insan edir indi…
Bayaqdan dinləyən kiçik Mehman hər üçünə etiraz etdi:
-İşçilərin pulunu vermək istəmirsiniz , üstəlik, onları borclu da çıxarırsınız, Niyə, bu ki, haqsızlıqdır!?
Çingiz acıqlı-acıqlı baxsa da atasına görə söz deyə bilmədi. Atası, olduqca sakit tərzdə oğlunu başa salmağa çalışdı:
-Bir çox məsələdən agah deyilsən, oğlum. Belədir ki, çətinliklə üzləşən hər bir kəs öz problemini qabardır. İnsanlar sosial varlıqdır və sosial problerlərlə üzləşməsi də qaçılmazdır. Odur ki, heç kimin dərdi bizə qalmayıb qoy, hər kəs öz başının çarəsinə baxsın. Buna görə sən niyə narahat olursan, mənim oğlum!? İkincisi də, mən şirkətin rəhbəriyəm, səhv ya düz, haqlı ya haqsız nə qərar versəm bilin ki, sizin üçün edirəm. Əgər siz , kiməsə mərhəmət göstərib əliaçıq olsanız inanın ki, acgözlər məharətlə istifadə edəcəklər. Odur ki, hər yoldan ötənə səxavət kisəsinin ağzını açmağınızı da məsləhət görmürəm.
Mehman tərəddüd etdi:
-Düz demirsən ata, tikintidə çalışanlar aclıqdan əziyyət çəkən kəndlilər deyil, onlar olduqca bacarıqlı, qabiliyyətli sənətkardılar. Onların gərgin zəhməti sayəsində kəndlər, şəhərlər abadlaşır, Vətən gülüstana dönür. Biz onların zəhmətinə layiqincə qiymət verməsək və onlarla yaxşı davranmasaq , onları yarımçıq və naşı ustalar, yalaq-yulaq adamlar əvəz edəcək, onda abadlaşan diyarımız da bərbad vəziyyətə düşəcək.
Çingiz dayana bilmədi:
-Atana ağıl öyrədəcəksən, a sonbeşik!?
-Əstafuruiiah! Atam ziyalı şəxsiyyətdir, o, məni sizdən daha yaxşı başa düşər. Mənsə təhsil ocağına yeni ayaq basıram və düşünürəm ki, elm, mal və sərvətdən daha üstündür. Elm həqiqəti öyrənir, qardaş, insan yalnız elmi, təfəkkürü ilə başqalarından fərqlənə bilər, siz isə mənə mərhəmətsizlik, əzazillik ruhunda tövsiyələr verirsiniz. Bəs, ədalət, vicdan! Bunlar harda qaldı?
Oğlunu dinlədikcə içində nələr çəkdiyini dodağının büzüldüyündən başa düşmək o qədər də çətin deyildi, lakin övladlarının qarşısında qürurunu da sındıra bilməzdi. Odur ki, Çingizlə Ruslana sual dolu baxışlarla göz gəzdirən Talıb, qəflətən Mehmana tərəf çevriləndə mülayim bir görkəm aldı:
-Nə fəlsəfə söyləyirsən, oğlum? Nəyi qoyub, nəyi axtarırsan? Heç bilirsənmi söhbət nədən gedir? Tanımadığımız, bizə yad olan, hərəsi bir kənddən gəlmış adamlar bizdən külli miqdarda pul tələb edir. Bəs, bu insafdandırmı? Hansı ədalətdən, hansı vicdandan bəhs edirsən?
Mehman razılaşmadı:
-Mən onlarla söhbət etmişəm. Onlar aylardır ki, öhdəsinə düşən işləri layiqincə yerinə yetiriblər və hər biri də öz zəhməthaqlarını tələb edirlər. Bu qədər zəngin yaşadığımız halda, ustaların haqqına göz dikmək sadəcə dəhşətdir, ata!
Dişləri bağırsağını kəsən ata; -“dəhşət, dəhşət..!” deyərək vurnuxdu: -dəhşət niyə olur, oğlum?-ona ağzını açmağa macal verməyib özü də cavabını verdi: – Dəhşət bilirsənmi nədir? Əfqanıstanda, Suriyada, İraqda törədilən qırğınlardır, axıdılan qanlardır. Şəhərlər dağıdılır, xarabalığa çevrilir, insanlar ölür, insanlar doğmalarını itirir, bax, dəhşət budur. Bizim çalışdığımız isə yalnız xoş güzəranımız üçündür, bunu başa düşməlisən.
Mehman , bu dəfə də hövsələsi daralan qardaşlarına məhəl qoymadan davam etdi:
-Biz də müharibə şəraitindəyik , ata! Bu gün burada zəhmətinin haqqını tələb edənlər Vətənimizin bütövlüyü üçün fədakarlıq göstərənlərdir. Sənin övladların ön cəbhəyə getməkdən qorxaraq isti evin bir guşəsinə sığındığı vaxt, onlar gözlərini qırpmadan özlərini odun-alovun içərisinə atırdılar. Bir gerçəkliyi dərk etməliyik ki, bugünki imkanlara, zənginliyə məhz, onların hesabına nail olmuşuq. Bu nöqteyi nəzərdən onlara hətta, minnətdar olmalıyıq, onları başa düşməliyik, incitməli deyilik.
Talıb :
-Sizə öyüd vermək mənim atalıq borcumdur. Başa düşürəm gəncsən, yeniyetməsən, ancaq hələ, öyrənməli olacağın çox şeylər var. Bizim daha çox pula ehtiyacımız var. Yer kürəsini bürüyən mürəkkəb vəziyyətdən, adamları narahat edən problemlərdən bəhs etməyin əbəsdir. Biz bu məsələni müzakirə etmirik.
Baxışından sanki, zəhrimar yağan Çingiz , çıxıb getmək istəyən qardaşına acıqlı-acıqlı dedi:
– Ağıllı ol, balaca, biz, çəkici bir zindana vurmalıyıq…
Onu ümumiyyətlə dinləmək istəməyən balaca isə;- nə vaxt ağıllı fikir yürütdün ki, qulaq asmadım? Mərhəmət qalmayan qəlbinizdə buz dövrü başlayıb, buzlar əriyəndə sizinlə həmsöhbət olmağına dəyər- deyərək otaqdan çıxdı.
Atası təəssüflə başını yırğaladı:
-Bax, bu olmadı.., bizi elə ittiham edir ki, sanki böyük bir cinayət etmişik, neyləyək..! Onunla ayrıca söhbət edəcəm, indi isə gedin ustaları işə cəlb edin, qoy, hərə gedib öz işini görsün.
***
Ustalar neçə aydır ala bilmədikləri maaşlarını israrla tələb edirdilər:
-Siz keçən dəfə söz vermişdiniz ki, gələn həftə pul verəcəksiniz, bəs, nə oldu, niyə sözünüzün üstündə durmayırsınız? Adamın dili ilə ürəyi gərək bir ola.
Digər usta:
– Biz də könül xoşluğu ilə süfrə açmaq istəyirik, ancaq hər dəfə ümidimizi qırırsınız, aldadırsınız, niyə? Məgər:
Yaşamaq istər isək, sırf avam olmalıyıq?
Atıb insanlığı tamamilə həvam olmalıyıq?
Onun yanındakı ağsaqqal həmkarına cavab olaraq:
-Əzab çəkmək biz binəvaların alnına yazılıb ay bala;
Tanrı hər yerdə pulu bir ürəyi səxtə verər,
Mərifət müftədi çün , kasıbi- bədbəxtə verər.
Bu vaxt müəllim onları sakitləşdirməyə çalışırdı:
-Gəlin bir-birimizi başa düşək, Talıb müəllim xaricdədir, inşallah, bu gün-sabah gələcəkdir və gələn kimi sizin məsələnizlə məşğul olacaqdır, buna əmin olun.
Cavan fəhlənin biri inadkarlıq göstərdi:
-Tutaq ki, xaricə gedibdir, kassanı da özü ilə aparıb? Zəng edin, xəbər verin qoy, seyfin qapısını açıb bizə pul versinlər.
Şefin xalası oğlu tez dilləndi:
-İş ondadır ki, unutqanlıq edib seyfin açarını da özü ilə aparıb. Xaricdə olduğuna görə telefonuna da zəng çatmayır.
Ağsaqqal:
-Ay bala, söz güləşdirməyin yeri deyil, qarşınızda dayanan bu insanlar sizdən borc istəməyə gəlməyiblər. Sizin şirkətdə çəkilən zəhmətin haqqını istəyirlər. Onları da başa düşün qarşıdan bayram gəlir, Novruz milli birlik, bolluq , bərəkət bayramıdır. Bu bayramda kimisə naümid qoymaq günahdır, bala!
Molla arsız-arsız gülümsəməklə cavab vedi:
-Yəqin ki, məni yaxşı tanıyırsınız, adım Məhərrəmdir. Ramazanla Novruz isə mənim qardaşlarımdır. Qoy, onların gəlişinə mən narahat olum, siz niyə narahat olursunuz?
Bayaqkı gənc özünü saxlaya bilmədi:
-Sən bizi ələ saldın, Allah da səni əldən-ələ salsın;
Ey tökən varlıların kamına şərbət novruz
Dövlətlilərlə quran məclisi-işrət novruz!
Səndə hər kəs sevinir, bəs niyə ancaq füqəra,
Çəkir övladını gördükdə xəcalət novruz!
Başqa bir usta iradını bildirdi:
- Sizin hər şəraitiniz vardır , bahalı avtomobiliniz, təmtəraqlı yaşayışınız, vaxtlı-vaxtında istirahətiniz və digər üstünlükləriniz .., ancaq , biz sizin sayənizdə çox nemətlərə tamarzı qalmışıq.
Bu məqamda Çingiz özünü saxlaya bilmədi:
-Kimə nə qalıb ki, biz kamfortlu həyatda yaşayırıq;
Əgər istəsəydi allah ki, sizi edəydi məqbul,
Bizə verdiyitək, əlbət sizə də verərdi pul-mul
Qardaşına baxaraq Ruslan da eyni tonda cavab verdi;
Asudə dolanmaqda ikən dövlətimizdən,
Azğınlıq edirsiz hələ də nemətimizdən,
Beylə çıxacaqsızmı bizim minnətimizdən?…
Cavan usta dərhal dilləndi:
-Minnət ilə behiştə getməkdənsə, minnətsiz cəhənnəm
daha yaxşıdır. Əgər, işlərimiz sizi qane etməyirsə bütün pulumuzu verin, gedib
başqa tikintidə işləyək.
Ağsaqqal üzünü Talıbın uşaqlarına
tutdu:
– Kəl qoşub cüt sürməyən çörəyin də qədrini bilməz, ay bala! Biz bu müddət ərzində vicdanla çalışmışıq, sizin də borcunuz boynumuza minnət qoymaq deyil, zəhmətimizin müqabilində dəyərləndirmək, qiymət verməkdir.
Şefin bibisi oğlu addımını ona tərəf ataraq:
-Əmi, biz də şüurlu adamlarıq və sözsüz ki, sizi də yaxşı başa düşürük, siz də bizi başa düşün, hal-hazırda əlimizdə pul yoxdur, olsaydı ilk növbədə sizə verərdik. O zaman siz də bizdən narazı qalmazdınız. Qoy, rəhbərimiz də gəlib çıxsın, sözsüz ki, maaş məsələsini birdəfəlik yoluna qoyacayıq.
Elə həmin vaxt arxa tərəfdən kimsə qarğıdı:
-Bayramımızı qara gətirənin bayramı qara gəlsin!
Çingiz hikkə ilə:
-Kişi qarğış eləməz əə, niyə qarğış edirsən?
Həmin fəhlə cavab verdi:
-Kaş, siz də bizim güzəranı yaşayaydınız, o zaman başa düşərdiniz ki, krediti və kammunal xərcləri ödəməklə yaşamaq necə olur.
Ruslan dedi:
-Qardaşım vallah, indiki vaxtımızda bütün dünya sosial fəlakətlə üz-üzədir.
Vəkil :
- Gəlin məsələni siyasiləşdirməyək –üzünü ağsaqqala tutaraq- əmi, yəqin ki, sizi eşidərlər, deyin əbəs yerə vaxt itirməsinlər, sabah imkan daxilində tapıb pul verərik. Gedib işinizlə məşğul olun.
Ağsaqqal üzünü ətrafındakılara çevirərək astadan söylədi:
-Uşaqlar.., yüzə dözən, yüz birə də dözər. Boş yerə çənə döyməyin xeyri yoxdur, gedib səhəri gözləyək, haydı.., iş başına …
***
Geri dönən qohumların üzündəki təbəssüm aydın görünürdü. Masanın ətrafında hərə öz yerini tutaraq , çiynindən ağır daşı atanlar kimi rahatlanaraq Şefə müjdə verdilər:
-Bu dəfə də xətasız-bəlasız yola verdik!
“Zəfər”lə qayıdan qohumlarına kiçik ziyafət təşkil edən Talıb, xəbəri eşitcək, masanın üzərindəki konyak şüşəsini əlinə götürüb qədəhlərə süzməyə başladı:
-Bəzi ağzıgöyçəklər bizi şantaj etməyə çalışır guya, neçə aydır ustalara pul verə bilmirik, sıxıntılara məruz qoyuruq, onları narazı salırıq, nə bilim, artıq-əskik danışanı işindən xaric edirik. Bir sözlə, ağızlarına nə gəldi yazırlar, haqqımızda xoşagəlməz şayələr səsləndirirlər. Belə olmasını istəmirəm, çünki, mənim də nüfuzum, ləyaqətim var. Belə dedi-qoduların qarşısını almaqda sizlərə çox güvənirəm.
Hər kəs süzülən qədəhlərin birini götürdükdə, molla cibindən təsbehini çıxararaq sözə başladı:
-Talıb müəllim, bizə güvənməkdə heç də yanılmamısınız. Buradakı qohumların hamısı sizin yolunuzda canlarını fəda edərlər çünki, siz buna layiqsiniz…-yerbəyerdən “elədir, tamam doğrudur, düpbədüz” kimi ifadələr səsləndi- elə ona görə də bu birliyimizi görənlər qibtə edirlər.
Talıbın sifəti ciddiləşdi, qaşlarını çataraq;- mənə heç kim qibtə edə bilməz, dayıoğlu!-deyəndə, qohumlar bir ağızdan,
“ doğrudur, düzdür, buna cəhd edənlər qələt edər, başını daşdan daşa döyər” –deyərək canfəşanlıq nümayiş etdirdilər.
Molla təmkinini pozmadan davam etdi:
-Bibioğlu, siz alicənab olmağınızla yanaşı həm də uzaqgörən, zəkalı insansınız. Heç kimə sirr deyil ki, bugünki günümüzdə hər vəzifə sahiblərinin arxalandığı, güvəndiyi bir mənbə var bu da istinad divarı tək dayaq olan qohumlardır.
Əlində qədəh tutan sürücü:
-Əlbəttə, qohum qohuma sığınar, qohuma dayaq olar. El ilə ağlayanın gözü kor olar!?
Əmisi oğlu dedi:
-Bütün bunlara rəğmən tikintidə çalışanlara da pisliyimiz dəyməyib. Adamları işlə təmin etmişik, onlara çörəkpulu veririk. Indiki vaxtda belə mərhəmət göstərmək hər kəsin işi deyil. Əfsuslar olsun ki, yenə də üzümüzə ağ olurlar, çörəyə təpik atırlar. Müəllim:
– Bizim təbiətimizdə ehtiram da var, səxavət də, ancaq, hər yetənə xoş üz göstərmək olmaz. Odur ki, haqqımızda nə deyirlər desinlər;
Olasan hər xeyrə bais, olma, ol bais şərə,
Etməsən imdad, etmə, et sitəm acizlərə
Talıb gülümsəyərək əlindəki badəni qismən qaldıraraq:
-Əhsən, əmioğlu!
Asudə burax bizləri öz halımız ilə,
Zəhmət çəkib iş görmüşük əqvalımız ilə,
Ruzi deşiyi açmışıq iğfalımız ilə,
Zidd isə də əqvalımız əməlimiz ilə…
Son cümlələri elə müəllimlə birlikdə tamamladı;
Bu gün yenə də sərvətü saman da bizimdir,
Tacir də bizim, bəy də bizim, xan da bizimdir!
–Odur ki, əzizlərim, içəyin elə öz sağlığımıza- deyərək badələri həvəslə başına çəkdilər…
***
Talıbın qələmini qırmışdılar, köşədə oturub pərişan-pərişan həyətə baxırdı. Xanımı çayı gətirib qarşısına qoydu və “-iç” dedi. Masanın bir başına keçib əyləşərək dinməz-söyləməz ərinin halına baxdı, bir il əvvəlki, çöhrədən əsər-əlamət qalmamışdı, qəmgin, tutqun, dalğın görünən sima heç də ona yaraşmayırdı. Natəvan bu arada ürəyindəkiləri dilinə gətirdi:
Eybimizi çulğalamışdı əda,
Hər nə gəlirdi
boşalırdı qaba,
Kim nə qanırdı-nədi zöhdü ziya?
Axx!.. Necə kef çəkməli əyyam idi,
Onda ki, övladi-vətən xam idi…
-Ah kişi.., qılıncının dalı da kəsirdi, qabağı da, indi nə qılıncın var, nə də vuran əlin! Eh.., kimin əvvəli, kimin axırı.
Darvazanın zəngi çalındı. Talıb halını dəyişmədən astaca ayağa durub qapıya tərəf getdi. Orada kor kişi və onun əlindən tutaraq məsum-məsum baxan azyaşlı oğlu dayanmışdı. Kişi qapının açıldığını hiss etdikdə dil tökməyə başladı:
-Salam, ey mərhəmətli insan. Bu çətin zəmanədə Allah heç kəsi sınağa çəkməsin. İllərdir dünya işığına həsrət qalmışam, həyat yoldaşım mənə və oğluma baxmaqdan xəstələnib yatağa düşdü. Müalicəsinə böyük ehtiyacı var. Ümid yerimiz yalnız, sizin kimi varlı , imkanlı insanlardır. Bizə kömək edin, Allah da sizin köməyinizdə durar.
Talıb ətrafa göz gəzdirərək qarşısında dayanan kor kişini təpədən-dırnağa süzüb dedi:
-Sənin ki, gözlərin görməyir,
nə bildin ki, mən varlıyam?
Kişi:
-Əlimdən tutaraq küçələri gəzdirən oğluma demişdim ki, harada hündür hasar, böyük darvaza gördünsə bil ki, orada varlı yaşayır. Həmin darvazanı döyəcəyik.
Qarşısındakı kişinin nuru sönmüş gözlərinə baxdıqca öz gözlərində qəzəb parladı və içindəki kinli, acıqlı hissləri biruzə verməyə başladı:
-Zənnin səni yaman aldadıb, yanlış ünvana gəlmisən, gedin buradan.
Bu zaman uşaq dilləndi:
-Əmi, lütfən bizə kömək edin, Allah xatirinə, nə olar!
Amansız baxışların sahibi isə onları başqa səmtə yönləndirdi:
-Atanı məscidə apar, orada sizə kömək edən tapılar, haydı.., gedin…
Onun təkidinə baxmayaraq nə ata, nə də uşaq yerindən tərpənmək belə istəmirdilər, qarşısında dayanmış adamın insafa gələrək yəqin ki, qəpik-quruş da olsa verəcəyinə ümid edirdilər. Ata və oğulun hərəkəti isə Talıbı daha da qıcıqlandırırdı. Nəhayət, dözməyərək kişinin sinəsindən yüngül toxunmaqla kənara itələdi və:
Bir dəfə fəqir olduğunu anla da zinhar,
Dövlətlilərin bişmişinə olma həvəskar,
Yoxsa yeməyə bir zadın, öl, canını qurtar!
Etmə bu qədər bizlərə azar, dilənçi!
Keç get qapıdan, ağlama zar-zar dilənçi…
deyərək qapını üzlərinə bağladı. Dodağının altında deyinə-deyinə köşəyə qayıtdı.
Natəvan:
-Kim idi? -soruşanda Talıb əyləşərək-
kim olacaq, kor dilənçi deyə cavab verdi.
-Nə deyirdi ki?
-Mən onları qapıdan rədd elədim, qoy, cəhənnəm olsunlar:
Çıxa canı ac qalanın gözünün bəbəklərindən,
Gedib işləsin, qazansın əlinin əməklərindən…
-axı bizim, hasarın o tərəfdəkilərlə nə işimiz var?
– Elə bilirlər xəzinə üstündə oturmuşuq, indi bizim özümüzə də kömək lazımdır.
…Çətinliyin nə olduğunu indiyədək bilməyən “xoşbəxt ailə”
hələ ki, ağrısız-acısız yaşayırdılar, hələ ki, “bədlik”, “tərslik” bu ailənin kefinə soğan doğramaq üçün qapılarını döyməmişdi. Lakin, yoldan keçən bir dilənçinin qapını döyməsi hər ikisinin də kefini pozdu. Nə qədər vəzifədəydi, böyük şirkətlər sahibiydi sayılıb seçilirdi, hörmət olunurdu, getdiyi məclislərin, ehtiramla yuxarı başına dəvət olunurdu, elə ki, müflis oldu, itirib –axtaran da olmadı. Barı, heç olmasa çörəkli etdiyi qohumları hərdən baş çəkəydilər, gəlib təsəlli verəydilər.., hələ ki, onlardan da səs-səmir yox idi.
-Hə, arvad.., yoxuşu qalxan hərə öz yükünü çəkər. Əvvəllər , “ kişinin vəzifəsi var”, “kişi böyük şirkətin sahibidir” deyə hörmətlə yad edərdilər. Vəzifədən düşmək, gözdən düşmək kimi imiş , heç itirib axtaran da yoxdur.
-Etibarsız zəmanədir kişi! Bir müəllim işindən olursa yenə, ona ölənə qədər elə “müəllim” deyə müraciət edirlər, vay o günə ki, vəzifəli vəzifəsini itirsin. O dəqiqə topa tuturlar, “öl, köpək oğlu, sənə bu da azdır…” deyib tənə vururlar.
Talıb bir qədər fikrə getdi. Sonra başını tərpədərək çənəsini ovxaladı:
-Düzdür, düz deyirsən…
Bizlər idik xəlqin inandıqları,
Piri-hidayət deyə qandıqları,
Nur görürlərdi qaranlıqları,
Bizdə idi cümlə qazandıqları…
Ardını Natəvan söylədi:
İndi adamlar deyəsən cindilər,
Cin nədi, şeytan kimi bidindilər,
Lap bizi ovsarladılar, mindilər,
Ay keçən əyyam, olasan indilər!
Talıb ayağa durdu və üzünü bu çətin günündə ona qəhmər çıxan ömür yoldaşına tutdu:
-Harada səhv etdiyimi indi-indi başa düşürəm. Birinci fürsəti əldən verdim, ikinci fürsəti əldən verməyəcəm. Vəzifəsini itirən adam, atdan düşüb eşşəklə gəzən adam kimidir, bu mənə yaxşı dərs oldu-sonra dönüb yavaş-yavaş evə tərəf addımladı.
Otağa daxil olan Talıb müvazinətini itirərək döşəməyə yıxıldı. Çox keçmədi ardınca içəri girən Natəvan qiyyə çəkdi:
-Buyy.., nə oldu ay kişi? –deyib onu tutub silkələyəndə Talıb sanki, dərin yuxudan ayıldı və gözlərini açaraq:
-Dayan.., dayan…-deyərək qamətini düzəltməyə cəhd etdi.
Natəvan əllərini çəkdi:- Qoy, həkim çağırım, gəlib baxsın.
-Heç kimi narahat etmə, hər şey yaxşıdır.
-Onda gedim su gətirim- deyib çıxdı və tez də əlində bir stəkan su ilə geri qayıtdı:
– Al iç.
Talıb suyu alaraq son damlasına qədər başına çəkdi və boş stəkanı ona qaytardı:
-Elə bil cəhənnəmi görüb qayıtdım, arvad. Bu nə olan şeydir, başa düşmədim.
-Elə demə, kişi, məni yaman qorxudursan. Pis şeyləri beyninə salma. Gəl, yerini hazırlayım yatıb dincələrsən, keçib gedər dedi və yatmaq üçün yerini hazırladı.
***
…Talıb gözlərini açanda özünü yadplanetlilərin ətrafında gördü. Bura – daşlı, qayalı, bir tərəfi uçurum olan böyük bir sahə idi. Buraya necə gəlib düşdüyünü hələ də anlamayan bəni-adəm onlardan soruşdu:
-Mən hardayam? Axı, necə oldu ki, gəlib buraya düşmüşəm?
Yadplanetlilər cavab verdi:
-Bura göyün yeddinci qatıdır. Adamlardan qaçmaq istəyirdin, əbədi həyat axtarırdın, biz də səni istədiyin məkana gətirmişik.
Talıb barmağını beyninə vuraraq:”- ey diliqafil, yəqin ki, mən cəhənnəm təşnəsi olan Yer kürəsindən qurtulmaq üçün əbədi həyatı yuxuda istəmişəm. Bunlar hər kimdirsə sağ olsunlar ki, istəyimi eşidib məni buraya gətiriblər, indiyədək qarış-qarış gəzdiyim Yer üzündə bu qədər boş sahə görməmişdim. Burada bütün istəklərimi, arzularımı zaman-zaman həyata keçirəcəyimi də düşünməliyəm”.
Bu vaxt yad məxluqun biri ona yaxınlaşdı:
-Sən , çox adamların haqqını yemisən, heç utanırsanmı, ölüb itirsənmi, əbədi həyatda yaşamağı da ağlından keçirirsən!?
“Əbədi həyat “ kəlməsini onların öz dilindən də eşidən Talıb, onun məzəmmətini də bal kimi qəbul etdi:
-Hər qəbahəti üzə vurmazlar, ağrın alım, hər şey pulun başında deyilmi?
Fəzalılar bir-birinin üzünə baxdılar:
- O
nədir elə?
Bəni- adəm barmağını bir –birinə sürtərək; Puldur da.., qadan alım, paradır, para..,
Adəmi adəm eləyən paradır,
Parasız adəmin üzü qaradır!
-Bizim diyarda hər şey pulun başındadır, səadət də, qəbahət də, sevinc də, məğlubiyyət də, zəfər də! Bir sözlə, pulun varsa padşah kimi yaşayırsan, yoxdursa, eşşək və öküz kimi əzab çəkirsən.
Talıbın sözləri onları da təəccübləndirdi:
-Yer üzündəki dava-dalaş, hərc-mərclik hamısı pula görədirmi?
-Əlbəttə!
-Demək, məsumları özünüzdən incik salmaqla, onların haqqını yeməklə dünyanı cəhənnəmə döndərdiniz. Nədən, onların özünüz kimi yaxşı yaşamasını istəmirsiniz?
Talıb güldü:
-Hamı xoş və firəvan yaşasaydı həyatın mənası da qalmazdı, qadan alım. Kiminin başında tac, kimisi ac-yalavac;
Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!
Qoy mən tox olum, özgələr ilə nədi karim,
Dünyavü cahan ac olur olsun, nə işim var?!
Yadplanetlilər onun boşboğazlıq etdiyini görüb sözünü kəsdilər:
-Bizə qəzəl oxuma, haramzadə! Əlinizə düşən neməti nədən bölüşmək istəmirsiniz?
Talıb: –Mən fəqət öz əmrimi samanlaram,
Xeyrim üçün aləmi viranlaram,
Mən nə cəmaət, nə vətən anlaram
Yansa vətən, batsa cəmaət belə!..
Başqa birisi barmağını ona tuşladı:
-“Para”dediyin zad səni yaman məst eyləyib. Dəbdəbəli malikanən, gözəl şəraitin var ancaq, ehtiyac üzündən qapını döyənləri əliboş yola saldın, imdad edən əllərdən vurdun.
Talıb həzm edə bilmədi:
–Bizdə yoxsullara və kasıblara münasibət ta qədimdən yəni, əcdadlarımızdan miras qalıb:
İnsan olanın cahü cəlalı gərək olsun,
İnsan olanın dövləti, mali gərək olsun,
Hümmət demirəm, evləri ali gərək olsun…
–hə, bəs necə!? Bizim mürəkkəb dünyadan yalnız bacarığı olanlar baş çıxarar, fərsizlərin bu meydanda nə işi var?
-Demək, xudbinlik sizin canınızdadır. Biz də bilirik ki;
Kim ki, insanı sevər, aşiqi –hüriyyət olur,
Bəli, hüriyyət olan yerdə də insanlıq olur!
Onların iradları Yer üzünün nadürüst bəndəsinin xoşuna gəlməyirdi, əgər belə olmasaydı acıqlı-acıqlı cavab qaytarmazdı:
-Məni, “xudbin”, “əzazil” deyərək təhqir etməyin. Mən, olduqca nüfuzlu, varlı bir nəslin nümayəndəsiyəm…
Tikmə, kənar ol, gözümə milləti,
Neynirəm milləti, milliyyəti,
Oldu başım dəng, dəyiş söhbəti,
Az söylə, millət belə, ümmət belə…
Onlardan biri Talıba daha bir addım yaxınlaşaraq:
-Ey Yer üzünün amansız və qaniçən, tamahkar və etibarsız sakinləri, sizə asudə ömür sürmək üçün fürsət, qarnınızın tox olması üçün nemət verildi, siz isə verilənlərə hərisliklə baxdınız! Dünya o qədər böyükdür ki, həm yaşamağınız , həm də öləndə dəfn olunmağınız üçün yetərincə bəs edər. Elə isə sizin istədiyiniz nədir, nədir sizləri qane etməyən? Ömrünüzü torpaqları zəbt etməklə, bir-birlərinizin qanını tökməklə keçirdiniz! Hələ ömrünüz qısadır belə bir-birinizə düşmən kəsilmisiniz, əbədi yaşasaydınız güman ki, Planetləri də bölüşdürməyə can atardınız!
Artıq Talıbın hövsələsi daralmağa başlayırdı:
-Mənə qarşı bu qədər kinli olduğunuzu bilməzdim, ancaq, inanın ki, söylədiklərinizin mənə heç bir aidiyyatı yoxdur, sizdən rica edirəm, milyonların qələtini ayağıma yazmayın;
Çeynənildi millətin neynim, hüquqi-əqidəsi?!
Ya ki, heç bir yerdə yoxdur hörməti, şəni, səsi…
Müxtəsər, çəkmə yanımda bir də vicdan namini,
Ac qalıb, zar ağlayan bikəs yetiman namini…
-qadan alım, qırılan qırılsın, ölən ölsün, mənim nəyimə gərəkdir, durub onların dərdini çəkməyəcəm ki? Siz mənə fürsət verin bu, kəndsiz, şəhərsiz biyabanda elə imarətlər tikim, elə şəhərlər salım ki, bacarığıma “bərəkallah” deyəsiniz. O zaman siz də pulun nəyə qadir olduğunu biləcək, onda olan cazibəni hiss edəcəksiniz .
Ona dedilər:
-İnsanların hiyləsindən, tamahından uzaq olmaq üçün onların gözünə görünmürük, sən isə gör nədən bəhs edirsən, məsləhətin də başına dəysin, naqis insan! Hiylə ilə iş görən möhnət ilə can verəcəkdir. Yer üzünün üzqarası da, vəhşiləri də sizsiniz.
Yad məxluq nifrin dolu baxışla onu süzərək üzünü didər yoldaşına tutdu:
Harda bir insan görürəm qorxuram,
Fikrini qan-qan görürəm qorxuram..
Talıb məsələnin qəlizləşdiyini görüb mütəəssir oldu; “- İnterneti kəşf edənin başına daş düşəydi, bunlar hər sirrimizə bələddir ki? Göyün yeddinci qatında olanlar əlimizdən dad eləyirsə gör, onda zavallı milət nələr çəkir?”
Xoşluqla əl çəkənə oxşamayan məxluqlar, Talıba yaxınlaşdıqca onu geri çəkilməyə vadar edirdilər:
-Siz çoxdan insanlıq çərçivəsindən çıxmısınız. Sizin kimilərin yaşamağa belə haqqı yoxdur.
Artıq, çıxış yolu qalmadığını başa düşən Talıb, bu dəfə yalvarmağa başladı :
-Ə, dininiz, imanınız olsun, yazığınız gəlsin, imkan verin vətənimə qayıdım. Atamın qəbrinə and olsun ki, qələt edərəm bir də buralara gəlməyi ağlımdan belə keçirmərəm.
Ona mərhəmət göstərmədilər:
– Din də,
iman da sənə qənim olsun, heç əyninə geydiyin bu libasa da layiq deyilsən – deyərək
əynindəki geyimini çıxarmağa çalışdılar. O, isə müqavimət göstərərək daha da geri çəkilirdi:
-Ə, yekə məxluqsunuz, niyə bu qədər zülm
edirsiniz? Mürdəşir sizdən daha insaflıymış , heç olmasa əynimdəkiləri dartıb
cırmayın.
Əl çəkməyən yadplanetlilər :- Sizin kimilərin yeri cəhənnəmə döndərdiyiniz həmin məkandır-deyərək onu alovun üstünə itələyib yoxa çıxdılar.
Talıb, alova düşməmək üçün, yamacdakı otdan, çayırlardan bərk-bərk yapışaraq xilas olmağa çalışırdı…
***
Elə bu vaxt, Natəvanın möhkəm dümsüyü onu yuxadan ayıltdı:
-Sən nə edirsən ay kişi, gah, üstümün örtüyünü çəkirsən, gah, saçımı yolursan, yuxuda kiminlə süpürləşirdin, hə..?
Kişi, işin nə yerdə olduğunu anlayanda qızardı və Natəvan yerindən qalxıb su gətirənə qədər yuxusunun təsiri altında qaldı.
Natəvan suyu içizdirdi:
-hə, özünə gəldinmi?
-Hə arvad, ömrümdə bircə dəfə yuxumda əbədi həyat axtarırdim ki, onu da gedib gördüm.
Natəvan gülümsədi:
-Məni elə yerlərə aparmazsan.
-Elə yaxşı ki, aparmadım, yoxsa səni də mənim günümə salardılar.
-Kim? Axı neynəyiblər ki, sənə?
-Yadplanetlilər! Onlar mənimlə vəhşi kimi davranırdılar.
Natəvan zarafatla:
-Gör necə zalım olublar ey.., yenə özümüzünkülərə min şükür. Ətini yesələr də sümüyünü atmazlar. Bir az puldan-zaddan təklif edəydin da!
-Ay rəhmətliyin qızı, pulun nə olduğunu onlar məndən soruşurdular. Çoxlu pulumun olduğunu uydurdum ki, bəlkə salamat buraxalar, onlar isə ; “dədənin goruna aparacaqsan, neyləyirsən o qədər varı- dövləti?” Sonra mənə elə bir dərs verdilər ki, indiyədək yaşadığım həyata nifrət etdim. Üzümə elə bir güzgü tutmuşdular ki, hətta, daş olan ürəyimin içi də görsənirdi.
Natəvan yenə zarafatla:
-Denən ki, ürəyimi kardoqramaya salıblar da .
-Hər şeyə zarafatla yanaşırıq, belə olmaz! Gör necə əzazil insanlarıq ki, məzlumların iztirablarını da duya bilmirik- Talıb bu sözləri deyib ah çəkdi:
Daş qəlbli insanları neylərdin ilahi?!
Bizdə bu soyuq qanları neylərdin ilahi?!
Gecənin bu vədəsində kişidən “ibrətamiz”sözləri eşidən arvadın üzünün ifadəsi dəyişdi:
-Ay kişi, “məzlumluqdur”, “quzğunluqdur” bunlar hardan düşdü yadına? Bəlkə, ustalar şikayət ediblər? Bəlkə, qapıdan əliboş yola saldığın dilənçi qarğış edib?
-Arvad, ağzımızı açanda qeyrətdən, rəğbətdən danışırıq, di gəl , bu izzətin, şərəfin, bu iltifatın mərhəmətin necə böyük savab olduğunu anlaya bilirikmi? Bax, üç oğlum var, bir çoxları da onların yaxşı şəraitinin həsrətindədir… –fikrini sona çatdırmamış Natəvan sözünü kəsdi:
-Halal zəhmətləri ilə qurduğu şəraitdir, kimin gözünə girir?
-Söhbət, elə halallıqla qurduğumuz şəraitdən gedir. Yağlı tikələri basıb yeyən də bizik, xoş güzəran sürən də, pulları sağına-soluna xərcləyən də…! Ancaq, elə ailələr var ki, yağlı tikələrə də, xoş güzərana da , sağa-sola xərclənən pullara da möhtacdır. Bəs, biz möhtac qalan millətimiz üçün nə etmişik? Bəli, biz beləyik, beş qazanırıqsa, on qazanırıqsa yenə Allaha təvəkkül etmirik.
Natəvan;”-yəni, bu bizim dünənki kişi deyilmi”- deyə düşünərək məəttəl qalmışdı.
Talıb isə davam edrdi:
-Daha içimizdə Vətən sevgisi, vətənpərvərlik hissi qalmayıb. Axı, bizim milyonlarımız vardı, biz , zəngin sərvətimizlə millətimizin sevgisini qazana bilərdik, bununla onlara qol-qanad verə bilərdik! Bunları etmədik, elə hey özümüz üçün əzizlədik, sığalladıq, bəslədik! Axırı nə oldu? Daha çox qazandıqca böyüklüyümüzü və gücümüzü də itirdik. Dilənçini qapımızdan qovduq, halal zəhməti ilə çalışanların qazancını mənimsədik, oğurladıq, yedik və doymadıq. Başa düşmədik ki, təkəbbürlə mənliyimizi unuduruq, vicdanımızı itiririk. Hamıya biganə qaldıq, hər kəsə laqeyd yanaşdıq…
Dilənçinin, zəhmətkeşin halına acıması Natəvanı daha da təəssübləndirirdi:
-Yuxuda sənə hansı tapşırığı veriblər, hə?… Sən deyildinmi “Məni ancaq, öz ailəm düşündürür, başqalarının dərdi mənə qalmayıb” deyən. Nə tez dinə-imana gəldin, hə? Başqaları kasıb yaşayırsa məgər, bizim günahımızdır;
Sənə nə, evin yıxılsın, füqəra üçün yanırsan?
Atan oğlu qardaşındır, nə də heç bir tanırsan?!
İki gözlərimdir pulum, kişi, bir məgər qanırsan!?
Onu vermək olmur axı hər yetim-filanə kişi!
–İndi sənin öz halına acıyan lazımdır, ay yetim! Gördünmü, neçə dəfə istədim həkim çağıram, razı olmadın, indi isə gecdir, yıxıl yat. Sabah səni mütləq həkimə göstərərik.
Səhər atanın vəziyyətindən narahat olan Çingiz və Ruslan müalicə üçün onu xarici ölkəyə aparmaq istədilər:
-Ata, özün bilirsən ki, səni canımızdan artıq sevirik, dırnağına tikan batarsa özümüzü məhv edərik. Sənsiz yaşamaq qaranlıq və əzablı günlərimizin başlanğıcı olar. Bunları bilə-bilə niyə bizə dərd verib pərişan edirsən? Axı, əlimizdə olan var-dövlətin hamısı sənin sayəndədir. Qoy olmasın dəryanın bir damlası, bununla sərvətimizin başı kəsirdə qalmayacaq təki, izn ver ki, səni həkimə aparaq, dərdini söyləsinlər, yoxsa, rahatlıq tapmarıq. Axı, sən olmasan bizim başımız böyüksüz qalar, həyatımız alt-üst olar.
Oğlanlarının narahatlığını başa düşən mərəzli ata onların acı çəkməyini münasib bilməyib özünü gümrah göstərməyə çalışdı:
-Sizin düşündüyünüz qədər xəstəhal deyiləm, mənim övladlarım, boş yerə həyəcanlanmayın! Siz elə xoşbəxt insanlarsınız ki, çöhrənizə ümidsizlik yaraşmaz. Bu həyat sizindir. Biz bu dünyaya şövqlə yaşayıb yaxşı dövran sürmək üçün gəlmişik, kədərlənib qəm yemək üçün deyil!
Yalnız təsəlli edici sözlərdən sonra övladlarının üzü güldü və inamla otaqdan çıxdılar.
***
Gördüyü yuxu varlığına necə vəlvələ salmışdısa o gündən gözünə kabuslar göründükcə şam kimi əriməyə başladı və o zaman anlamağa başladı ki, insanı, təkcə illər deyil, qüssə-kədər qocaldarmış. Son dəqiqələrinin yaşadığını duyunca kədərləndi. Bir dəfə ölümündən dönən Talıb, çalışırdı ki, həmin cığıra düşməsin lakin, bu yol özü onu çəkirdi. Dərindən nəfəsini çəkərək otağa göz gəzdirdi. Pəncərənin qarşısında dayanıb bir müddət həyətə tamaşa etdi. Tutqun və kədərli halda dönüb qələm vərəq götürərək övladlarına vəsiyyətnamə yazdı. Qatlayıb çarpayının üstünə qoydu. Daha sonra seyfə yaxınlaşaraq pullara həsrətlə baxdı:
Ah, səd ah, gedər ruhi-rəvanım dərəkə,
Mollalar hazır olur dəfnimə əldə çərəkə,
Səni varislərimə eyləyər onlar tərəkə,
Eşidən olsa, görər ki, çıxır ahım fələkə,
Baxaram qəbrdə həsrətlə, xəsarətlə, aman!…
***
…Cəhənnəmin qapısının ağzındaydılar. Vaxtilə şirkətində hərəsinə bir vəzifə verdiyi qohumları burada olsalar da , nədənsə heç biri yaxınlaşaraq ; “xoş gəlmisən Talıb müəllim” deyib ehtiram etmirdilər. Sonra özü də bunun cavabını soruşmağa cəhd göstərməyib ətrafdakı mənzərəni seyr etməyə başladı. Elə od yağırdı ki, əyinlərindəki kəfən də artıq, yanmağa başlayırdı. İnkir-minkir nə onları sorğu-sual etmir, nə də cəhənnəmin qapısından içəri buraxmayırdılar. Atəşdən əzab çəkənlər isə yalvarırdılar:
-Bizim buradakı əzablarımız sonsuzdur, xahiş edirik, cəhənnəmin mübarək qapılarını açın yansaq da külümüz orada qalsın.
Buna tələsməyən mələklər isə belə cavab verirdilər:
-Bizdən mərhəmət ummayın, qazanda bişirdiyiniz yeməyin dadına özünüz baxmalısınız. Zamanında gözləriniz bağlandı, qulağınız tıxandı və beyniniz nəşələndi, nə cənnəti, nə də cəhənnəmi düşünmədiniz. Dərd-sərini söyləyənləri eşitmək istəmədiniz, onları yüz kələk –filanla aldatdınız, rahatlıq vermədiniz, onlar da sizləri –“cəhənnəmdə yanasınız” deyə lənətlədilər. Bilin və agah olun, cəhənnəmin mübarək qapıları heç vaxt üzünüzə açılmayacaq və buradaca yanaraq külə dönəcəksiniz.
Əzablardan yaxa qurtarmağın mümkün olmadığını görəndə cəhənnəmin nə olduğunu o zaman anlamağa başladılar. Bu vaxt Talıbın bibisi oğlu –molla yaxınlaşaraq :-dayıoğlu, bura cəhənnəmin ən aşağı təbəqəsi-“Əsfəl”dir, münafiqlərin yeri buradır. Bura düşənlərə isə heç vaxt yardım edən tapılmaz –dedi…
***
Natəvan otağa gircək qıy vurub şivən qopardı, diz çöküb gözünün yaşını tökdü:
– Niyə özünə qəsd elədin, kişi;
Sən demədinmi sağlamam, yox bədənimdə bir mərəz?
Mən demədimmi cövhəri-nəfsinə hirs olur ərəz?
Sən demədinmi şəxsimə əl tapa bilməyir qərəz,
Ta ki, olundu imtahan, mən deyən oldu olmadı?
-Deyirdin, Əzrayıla da boyun əyməyəcəm, nə oldu, nə tez əyildin, hə? İndi bu tifillər sənsiz neyləyəcək, a mənim çökən dayağım, sönən işığım?!
Anasının səsinə tələm-tələsik gələn oğlanları əvvəlcə daş atıb başını tutsalar da atasının ovcundakı bükülü kağızı görəndə tez də sakitləşərək təsəlli verməyə başladılar:
-Artıq gecdir, ağlamağın yeri yoxdur, Allah səbrimizi versin! Uşaq deyilik ki, narahat olursan, birazdan evinə adamlar gələcək, get hazırlığını gör, necə vəsiyyət edibsə elə də əməl edəcəyik.
Qardaşlar anasını o biri otağa yola salandan sonra mərhumun ovcundakı kağızı açıb oxumağa başladılar:
“Övladlarım, məni bağışlayın ki, sizi də özüm kimi, pula, var-dövlətə həris böyütmüşəm. “Ağıllı insanın ağıllı da dostları olar, vaxtında müdrik addım atıb sizi ədnalıqdan, qabalıqdan çəkindirə bilsəydim, peşmanlıq dolu məktubu da yazmağa lüzum qalmazdı. Heyif ki, insan özünün səhvlərini xoşbəxt ikən deyil, bədbəxtlik gələndə anlayır.
Dünyanı gəzib-dolanmaq, təbiətin gözəlliyindən həzz almaq, insanlarla xoş münasibətlər yaratmaq, onlarla dostlaşmaq, çoxlarının ümdə arzusudur, lakin qanımıza hopan şöhrətpərəstlik, təkəbbürlük gözümüzü elə bağlayır ki, çoxlarının xoşbəxtliyini əlindən alır, arzusunu ürəyində qoyuruq.
Kasıblar Allahın yetirdiyi nemətlərə şükürlər etdiyi halda, varlılar daha artığına sahib olmağa çalışır. Dargözlük, hərislik, tamahkarlıq, qibtə elə güc gəlir ki, hər gördüyümüzü “mənə çatmalıdır” –deyib özümüzə tərəf çəkirik…
Bir vaxt Mehman mənə irad tutanda onu sərt məzəmmət edirdim, qınayırdım lakin, sonda dərk etdim ki, zamanında düşünməli olduğumuz elə işlər var ki, gərək yan keçməyək.
Bəli, var-dövlətə sahib olmaq , özünü cəmiyyətə əsilzadələr kimi tanıtmaq heç də “Böyük İnsan” demək deyil. Böyük İnsan –səfalətə alışanlar, həyatın əzablarını çəkənlər, onu çiynində daşıyanlardır. Biz isə onların haqqını yeyən, nəciblikdən, lütfdən, mərhəmətdən yüz addımlarla uzaqlaşan oğrularıq çünki, çirkin əməlimizlə onları gözüyaşlı qoymuşuq. Bu günahı heç, Allah da götürməz;
Bir dövrdə kim, sidqü səfa qalmayacaqmış
Bilməm belə dövranları neylərdin, ilahi!?
Məzlumların göz yaşı dərya olacaqmış,
Dəryaları, ümmanları neylərdin ilahi!?
Övladlarım, yaxşı şəraitimiz, var-dövlətimiz, pulumuz vardır ancaq, darvazadan çöldə yüzlərlə insan ehtiyac içərisində yaşayır. Hər yerdə yaxşı olmağa çalışın, yüksək mədəniyyət, xeyirxahlıq, alicənablıq nümayiş etdirərək səxavət boxçasının ağzını açın. İmkansızlara əl tutun, xəstəsi olanlara kömək edin, yıxılanın qolundan tutaraq onu ayağa qaldırın , ehtiyacı olanların qayğısına qalın.
Övladlarım, eşitdiyimə görə, “qiyamətdə ən çox həsrət o kəslər üçündür ki, haramdan var-dövlət əldə edib , onu övladına vəsiyyər .edər və övlad da irsi Allah yolunda ehsan edər. Bax o zaman, Allah varisi cənnətə, vəsiyyət edəni isə cəhənnəmə aparar”.
Burada vəsiyyət edən mənəm və bilirəm ki, yerim cəhənnəmdir lakin, siz öz mərhəmətinizlə cəhənnəmdə mənə verilə bilən işgəncələri azalda bilərsiniz.
Sonda sizdən bir istəyim də budur ki, qəbrimin üstünə daş qoymayın, deməsinlər ki; “-ata. ömrü boyu övladları üçün çalışdı-vuruşdu axırda başına daş saldılar”…
Çingiz vəsiyyətnaməni oxuyandan sonra etirazını bildirdi:
-Yox.., bizim imkanlarımız hüdudları aşa bilməz. Başqalarının dərdini biz niyə çəkməliyik? Axı, rəhmətlik sağlığında dəfələrlə söyləyirdi ki;
Hər nə versən ver, məbada vermə bir dirhəm zəkat,
Qoy acından ölsə ölsün, binəvaya vermə həyat.
Hər nə çəksən çək, qardaş, çəkmə düz mizanını,
Çəkmə sən millət qəmin, çəkmə, çək öz qəlyanını.
Ruslan dedi:
-Belə çıxır ki, rəhmətlik bizim hesabımıza cəhənnəmdə
öz cəzasını yüngülləşdirmək istəyir, hə? Sərvətdən kasıblara paylamaq onun
ağlına hardan gəldi? Zəhmətimizlə qazandığımız pulları niyə öz əlimizlə
yetim-yesirə verməliyik, hə?
Bu da sözdürmü, qazandığımız parələri,
Hey verək boğmalansın kəndlərin avarələri?
Bizlərə dəxli nədir, yoxdur əgər çarələri,
Qoy ağarsın füqəra gözlərinin qarələri!..
-xeyirxahlıq yaxşı işdirsə bəs, niyə sağlığında özün etmədin?
Mehman isə qardaşları ilə razılaşmadı:
-Məncə, xeyirxahlıq etməyin vaxtıdır. Əgər biz də atamız kimi sonda peşiman olmaq istəmiriksə gərək fürsəti əldən verməyək.
Çingiz:
-İndi bizim özümüzə kömək lazımdır, qardaşım-deyərək vəsiyyətnaməni cırıb atdı.
Bundan narahat olan Mehman dilləndi:
-Bəs, anama nə deyəcəyik. Axı, orada yazılanlara əməl etməyimizə söz vermişdik?
Ruslan isə onu tez sakitləşdirdi:
-Axı, niyə narahat olursan qardaşım. Özün də yaxşı bilirsən ki, rəhmətlik, əhlikefin biriydi, vəsiyyətnaməni də elə zarafatla yazıbdır.
Çingiz:
-Anama da belə deyərik: “Atam yazmışdır ki, qəbrimi dərin qazdırın və mümkün qədər tez dəfn edin, qəbrimin üstünə ən bahalı mərmər qoyun ki, sərvətimdə gözüm qalmasın…”
Ruslan:
-Vəssalam..! Burada çətin bir iş yoxdur, di götürün, əvvəlcə aparıb günahlarını yuyaq,sonra dəfn edək. Qoy, onu necə sevdiyimizi, necə hörmət göstərdiyimizi duyub ruhu şad olsun!
Ruslan:
-Elə isə haydı, ləngiməyin.., götürün! –yubanmadan mərhumu götürüb evdən çıxdılar.
İki qardaşının yanında əlacsız görünən Mehman, addımladıqca pıçıldayırdı: -İnsan, nadanlığı, nadürüstlüyü, nanəcimliyi və demək olar ki, özündən başqalarını narahat edən hər pis şeyi daha tez mənimsəyir, ancaq, yaxşı nə lazımdırsa öyrənmək istəmir. Cəhənnəmin astanasına çatanda isə içindəki insani hisslər oyanmağa başlayır, zamanında anlamadıqlarını dərk etməyə çalışırlar. Bu da artıq, gec olur.., çox gec..!
Yaxşı yaşamaq yox, yaxşı ölmək əsl Xoşbəxtlikdir!
Rasif Əhmədov
P.S. Müəllifin öz redaktəsnidə…