“Son vaxtlar bu halların sayının artması cəmiyyəti qayğılandırır” – YYSİB sədri, ictimai xadim, yazıçı-kulturoloq Aydın Xan Əbilovdan kəskin mövqe
Gəncə şəhərində sosial şəbəkədən istifadə ilə bağlı qətl hadisəsi baş verib. Əli Allahverdizadə 22 yaşlı bacısı Pəri Allahverdizadəni “Instagram”dan istifadə etdiyi üçün bıçaqlayıb. Hərbçi olan Əli Allahverdizadə Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Mövzu ilə bağlı Herbiand.az-a danışan Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, Prezident təqaüdcüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib ki, son illər həyatımıza çox sürətlə daxil olan, ictimai platformaya çevrilən sosial şəbəkələr, mesencerlər, vatsapp kimi ümumi rabitə və ünsiyyət imkanları insanlarda çox böyük təəssüratlar, təsirlər və problemlər yaratmaqdadır:
“İnkişaf etmiş cəmiyyətlərdə bu platformalardan, informasiya kommunikasiya texnologiyaları alətlərindən ünsiyyət vasitəsi kimi biznesi inkişaf etdirmək, bir-biri ilə əlaqə qurmaq, müəyyən kritik anlarda özü haqqında məlumatları əlaqədar orqanlara və yaxud yaxınlarına çatdırmaq üçün istifadə edilir. Hətta alternativ təhsil, iş yeri, virtual ofis və universitetlər kimi istifadə olunur. Amma bizim kimi hələ də təhsilə lazımi qədər önəm verməyən və inkişaf etməkdə olan cəmiyyətlərdə daha çox digər məqsədlər üçün istifadə olunur. Cəmiyyətin özü 10-20 bundan öncəyə rəğmən daha açıq inkişafa meylli olaraq açıq saytlara girməyi ayıb saymamaq kimi düşüncələrə malikdir. Amma istənilən halda bölgələrimizdə, elə Bakının özündə də sosial şəbəkələr həm də müəyyən konfliktlərin qızışması və məlumat əldə etmək üçün imkanları rahatladıb. Bu baxımdan mesencerlər və ya mesajlaşmaq üçün digər saytlarda hansısa qadınların, kişilərin və hətta övladların gen-bol istifadə etməsi, müxtəlif məsələlərlə bağlı öz fikirlərini bölüşməsi, pul qazanmaq üçün cürbəcür oyunbazlıqlardan çıxması ona gətirib çıxardır ki, sosial şəbəkələr və virtual reallıqla bağlı kriminal hadisələrin də sayı artıq artır. İnsanların başının aldadılmasından tutmuş hansısa lotereyada udması, bank hesabına pul köçürülməsi kimi cürbəcür kriminal hadisələr, yaxın adamlarını sosial şəbəkədə görüb onun haqqında cürbəcür adamlardan məlumatlar alıb daha sonra mental dəyərlərə görə qonşunun, qohumun nə deyəcəyini, biabır olduğunu və qeyrət, namus məsələlərini qabardaraq, xüsusən də qadınlara qarşı şiddətin və cinayət hadisələrinin get-gedə çoxaldığının fərqindəyik. Artıq bununla bağlı hüquq mühafizə orqanlarında çoxlu faktlar var. Hətta bir neçə il əvvəl dəbə düşmüşdü. Kiminsə həyat yoldaşı digər bir kişi ilə gəzirdi və yaxud görüşürdü. Qaynana, qaynata və ya digər yaxınları onu tuturdu. Onu öldürürdülər və ya döyürdülər. Döyən zaman həmin adama qadın paltarı geyindirirdilər və sonra bunu videoya çəkirdilər. Hüquq-mühafizə orqanları bu hallara qarşı kəskin mövqe ortaya qoyandan sonra belə hallar azaldı. Amma indi biz artıq görürük ki, arvadını, qızını, gəlinini, xüsusən də bacılarını sosial şəbəkələrdə istifadəyə görə şiddət göstərən, öldürən və hətta başını kəsən qardaşların və digərlərin sayı getdikcə artmaqdadır”.
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri bildirib ki, buna qarşı ümumilikdə mübarizə aparmaq lazımdır:
“Başkəsmə hələ problemin həlli deyil. Əgər elə olsaydı, indiyə qədər həbs edilən insanlara görə digərləri qorxardı. Düzdür, bunun da təsiri var. Amma həmin insanlar qorxsaydılar belə cinayətə və oğurluq hadisələrinə getməzdilər. Amma biz görürük ki, bu belə deyil. İstənilən cəza hələ bu problemin həlli demək deyil. Problem sosial-ictimai düşüncədədirsə, bu düşüncəni, həyat tərzini və mentaliteti dəyişmək lazımdır. Əgər bu cinayət hadisələrində hərbçilərimizin adı hallanırsa, bu, cəmiyyətə ikiqat zərbədir. Çünki biz 44 günlük müharibədə qalib gəlmiş və 20 faizdən çox torpaqlarımızı geri qaytarmış hərbçilərə malik xalqıq. Cəmiyyətdə belə hadisələr olmamalıdır. Ancaq bu işlərdə heç kim bağışlanmaz. Fərqi yoxdur, məmursan, sadə insansan və ya hərbçisən. Çalışmaq lazımdır ki, bu cinayət faktını törətməyəsən. Bu cinayətə aparan yolu kəsmək, səbəbləri aydınlaşdırmaq və insanları maarifləndirmək lazımdır. Ən azı həmin adamla bütün ünsiyyəti kəsmək kimi formatlar var. Bu qədər variantlar olduğu halda hansısa qardaş öz bacısını, yaxuq kişi öz həyat yoldaşını belə cəzalandırırsa, onun özü də cəzalandırılacaq. Çünki Azərbaycan hüquqi dövlətdir və qayda-qanunları var. Hər bir insan öz hərəkətlərinə görə məsuliyyət daşıyır. Çalışmaq lazımdır ki, qanunlar çərçivəsində belə problemlər həll olunsun”.
Yazıçı-kulturoloqun sözlərinə görə, bir ailədə iki nəfər üzv hansısa hərəkətlərə görə bədbəxt olur:
“Sosial şəbəkələr olsa da, olmasa da, hər hansı bir hərəkəti edən şəxslər həmişə olub və bundan sonra da olacaq. İnsanlar öz hərəkətlərinə fikir verməli və nəzarət etməlidir ki, kimlərinsə qınaq obyektinə və onlara qarşı kəskin addım atmasına səbəb olmasınlar. Son vaxtlar bu halların sayının artması dövlət orqanlarını və cəmiyyəti qayğılandırır. Amma hələ ki, bununla bağlı ümumi universal mübarizə yolu tapa bilməmişik. Digər cəmiyyətlər artıq bu mərhələni keçdilər. Avropa cəmiyyətində hər bir fərdin özünəməxsus qorunma mexanizmi var. Üstəlik, onlar elə hərəkətlər eləmirlər ki, digərlərini də qıcıqlandırsınlar. Nəzərə almaq lazımdır ki, müharibədən çıxmış xalqıq. Müəyyən iqtisadi və sosial problemlərin həlli ilə bağlı mübarizə aparırıq. Belə bir vaxtda insanları qıcıqlandıran hər hansı hərəkəti etmək olmaz. İctimai psixoloji vəziyyətdə insanları qıcıqlandıranlar, anlamalıdırlar ki, həm yaxınları tərəfindən, həm də ictimaiyyət tərəfindən cəzalandırıla bilərlər”.
Bəxtiyar CƏFƏRLİ