“Vətəndaşları insan hüquq və azadlıqları ilə bağlı gedən transformasiyalara hazırlamaq lazımdır” – millət vəkili Nizami Cəfərov və YYSİB sədri, ictimai xadim, yazıçı-kilturoloq Aydın Xan Əbilov
6.3.3. insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması;
“Azərbaycanda insan hüquq və azadlıqlarının qorunmasının strateji proqramı müstəqilliyimizin ilk illərində Ümummilli Lider Heydər Əliyevin zəkası ilə müəyyənləşdirilib və bu istiqamətdəki axtarışların miqyası genişləndirilib”.
Bu sözləri Editor.az-a vətəndaşların hüquq və azadlıqları, mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyadi rifahın artırılması ilə bağlı danışarkən millət vəkili Nizami Cəfərov deyib.
Onun sözlərinə görə, ölkəmizdə bütün milli xüsusiyyətlər qorunmaqla yanaşı, ümumbəşəri dəyərin yüksəldilməsi ən müxtəlif sahələr üzrə hər yerdə mühafizə olunur: “Lakin təbii olaraq dünyada insan hüquq və azadlıqlarının qorunması ilə bağlı müəyyən milli məqamlar da var.
Bizim xalqımızın uzun illərdir hüquqları pozulmuş, ərazilərimizə təcavüz olunmuşdur. Bu problem aradan qaldırıldı və Qarabağ məsələsinin həll olunması, Azərbaycanın ərazi bütövlüyünün qorunması və bundan sonra Azərbaycan xalqının vaxtilə itirilmiş torpaqlarına qayıtması Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının daha mükəmməl şəkildə təminatına əsas verdi.
Biz artıq məmnuniyyətlə deyirik ki, bütün sahələr üzrə Azərbaycan xalqın həyat şəraitini yaxşılaşdırmaqla bərabər, həm də onun hüquq və azadlıqlarının qorunmasını da təmin edir”.
Məsələ ilə bağlı Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov fikirlərini bildirib:
“Azərbaycan inkişaf etmiş dövlət olaraq modern dünyanın xarici qüvvələrinin marağında olan bir məkan sayılır. İstər-istəməz BMT, UNESCO, insan hüquqları ilə bağlı fəaliyyət göstərən beynəlxalq təşkilatların Azərbaycanla bağlı hesabatlarını oxuyuruq. Hesabatların böyük əksəriyyətində qərəzlilik olsa da bir çoxlarında həqiqətlər də öz əksini tapıb. İnsan hüquqları, bununla bağlı demokratik dəyərlər və insan haqları geniş, universal məhfumdur və daim inkişaf edib, təkmilləşdirilir. Azərbaycan da çalışır ki, bununla bağlı istər qanunvericilik səviyyəsində, istərsə də real mexanizmlər formasında dünyada insan dəyərləri ilə bağlı ən qabaqcıl texnologiyaları tətbiq etsin.
Maraqlıdır ki, qanunvericilikdə, qanuni aktlarda və siyasi rəhbərlik tərəfindən insan haqları ilə bağlı ortaya qoyulan iradə vətəndaşlar tərəfindən bəzən qəbul edilə bilməsə də, sonda ictimai dəyərə çevrilir. İnsan hüquq və azadlıqları sonsuz saydadır və bununla bağlı normalar da tez-tez dəyişir, inkişaf edir və genişləndirilir.
Sözsüz ki, vətəndaşları siyasi mədəniyyət və hüquq demokratiyası ilə bağlı gedən transformasiyalara hazırlamaq lazımdır. Bunun üçün KİV, sosial şəbəkələr və digər ictimai təsisatlar tərəfindən mütləq şəkildə geniş kütlələrə çatdırılmalıdır. Təəssüflər olsun ki, bu istiqamətdə aparılan maarifləndirmə işləri kifayət etmir.
Sosial və siyasi rifahın artırılmasında vətəndaş məsuliyyəti ilə yanaşı, insan hüquq və azadlıqlarının tam qorunmasının çox böyük önəmi var. Bununla əlaqədar olaraq da Azərbaycanda kifayət qədər işlər görülür. Lakin bu bəs etmir, çünki həyat yerində saymır.
Azərbaycanda insan hüquq və azadlıqları ilə bağlı proqramlar lazımi səviyyədə inkişaf edib. Eyni zamanda Azərbaycan bütün beynəlxalq konvensiya və müqavilələrə qoşulmaqla bir daha sivil inkişafı əsas götürərək, aparıcı ölkələrlə birgə əməkdaşlığa addımlayır”.
Səbinə Hüseynli, Editor.az
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.