Yazarlarla bəzi qərəzli TV-lərin davası qızışdı: məsələyə YYSİB sədri, ictimai xadim, yazıçı-kulturoloq Aydın Xan Əbilov qarışdı…

Bədii əsər tənqidinə görə telejurnalistə cəza vermək doğrudur? – ATV-nin iş üsuluna reaksiyalar…

TV-lərdə elə olaylar baş verir ki, bəzən cəmiyyət ona reaksiya verməli olduğu halda susur, bəzən də ictimaiyyətin rəy bildirməməsi tələb olunduğu halda az qala hamı bir ağızdan o isə münasibət bildirir. 

Məlum olduğu kimi, xalq yazıçısı Çingiz Abdullayev “ATV” telekanalını məhkəməyə verməyə hazırlaşır. Buna səbəb bir müddət əvvəl “ATV” telekanalının efirində yayımlanan “Xəbərin olsun” verilişinin aparıcısı Kubra Məhərrəmovanın Çingiz Abdullayevin əsərlərini “zir-zibil” adlandırmasıdır.

Məsələ ilə bağlı bizim.media-ya açıqlama verən “ATV” telekanalının mətbuat katibi Ozal İbrahimli bildirib ki, hadisə ilə bağlı aparıcı Kübra Məhərrəmovaya ciddi xəbərdarlıq edilib:

“Sözügedən ifadənin səsləndiyi verilişdən dərhal sonra kanal rəhbərliyi aparıcılar və redaksiya heyəti ilə iclas keçirib. Qeyd edilən ifadəni işlədən aparıcıya rəsmi şəkildə ciddi xəbərdarlıq edilib”.

ATV-nin məhz bu məsələyə görə aparıcıya cəza verməsi azad mətbuatçılıq, efir azadlığı prinsipləri nöqteyi-nəzərindən nə dərəcədə düzgündür?

Bu arada millət vəkili Etibar Əliyev mətbuata açıqlamasında aparıcını müdafiə edib. O qeyd edib ki, aparıcı Ç.Abdullayevi təhqir etməyib: “Əslində Kübra xanım Çingiz Abdullayevə qarşı nalayiq ifadə işlətməyib. 

Aydın Xan Əbilov: “…Aparıcının cəzalandırılması düzgündür”

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri,  kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, Prezident təqaudcüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, aparıcının davranışı özü mətbuat azadlığına ziddir. “İndi haqqı çatdı-çatmadı, istənilən adam yazıçıları, şairləri, sənət adamlarını, müğənniləri söyməklə öz piarını qurmaq, özünü tanıtmaq istəyir. Təsəvvür edin ki, dünya şöhrətli, detektiv əsərlər ustası, dünyada 100 milyondan çox kitabı satılmış Çingiz Abdullayev hara, hansısa “Xəbərin olsun” şou-beznes verilişinin aparıcısı hara? Görün Azərbaycan ictimai-humanitar düşüncəsi nə günə düşüb ki, televiziyada yenicə işə düzəlmiş, kimlərinsə sayəsində bu sahəyə gəlmiş qızcığazlar o boyda ustad yazıçının əsərlərinə “zir-zibil” deyir. Məncə Audivizual Şura belə məsələlərə ciddi reaksiya verməlidir. Torpaqlarımızı qaytarmışıq. Bəs Azərbaycan insanının əlindən gedən əxlaqını, mənəviyyatını geri qaytara bilərikmi? Çox təəssüf ki, TV-lərdə belə xoşagəlməz hallar çox olur. Biz sosial verilişlərdə tez-tez oluruq, orada da həyatın dibində olan, əxlaqsız, arvadından xəbəri olmayanlar, ərini atıb onunla-bununla gəzənlər tanınmış ekspertlərin, yazıçı və vəkillərin üstünə elə çığırıb-bağırırlar ki, aparıcılar da onlara müdaxilə edə bilmir. Sanki onlar 30-40 ildir bizim yerimizə Azərbayana xidmət edirlər, bizə söz deməyə haqları çatır”- deyə qeyd edən A.X.Əbilova görə, Azərbaycanda çoxdan mənəviyyat və əxlaq müfəttişliyinin yaradılmasına ehtiyac var, o müfəttişlər televiziyada özünü apara bilməyən, Azərbaycanın milli dəyərləri sayılan insanlara qarşı hansısa “zir-zibil” tipli sözü işlədən şəxslər barədə aidiyyəti qurumlara müraciət etməlidir. Ç.Abdullayevin ermənilərə qarşı mübarizə apardığını və Azərbaycan həqiqətlərini  yaydığını deyən A.X.Əbilov bildirdi ki, yazıçının əməyini qiymətləndirmək lazımdır. Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi olaraq K.Məhərrəmova barədə məsələni araşdırıblar və AYB-nin onunla bağlı bəyanatına qoşulublar: “Bəyanat qəbul etdik, bildirdik ki, bu cür insanlar vaxtında cəzalandırılmalıdır. Efirlər onlara qadağan edilməlidir. Necə ola bilir ki, hər hansı bir xoşagəlməz hərəkət edən şəxsi məşhər ayağına çəkirlər, amma görkəmli ədəbiyyat adamının əsərlərinə   “zir-zibil” deyənlər gen-bol reklam olunur? Bu kanalda onun verilişlərinin sayı çox olacaq, ATV-dən çıxarsalar belə başqa kanallar ona qucaq açacaq. KİV-lər, yaradıcı insanlar belə hallara qarşı barışmaz olmalıdır. Hesab edirəm ki, aparıcının cəzalandırılması düzgündür. Bu kimi halların qarşısı vaxtında alınmalıdır ki, başqaları da görkəmli şəxsiyytlərin əsərlərini təhqir etməyə qalxmasınlar”-deyə A.X.Əbilov əlavə etdi.

Azər Həsrət: “…Burada dəhşətli bir şey yoxdur” 

Media eksperti Azər Həsrətin isə məsələyə mövqeyi belə oldu: “Hər şeydən əvvəl onu demək istəyirəm ki, hörmətli Çingiz Abdullayevin ATV-ni məhkəmə ilə  hədələməsi, bu yola əl atması heç də məqbul sayıla bilməz. Əlbəttə, onun hüququdur, bir söz deyə bilmərik. Amma ictimaiyyət önündə olan, özəlliklə də dünyada əsərləri çap olunan bir yazıçı, eyni zamanda AYB-nin bir rəsmisi, əlavə olaraq da başqa ictimai fəaliyyətləri ilə həmişə göz önündə olan şəxs kimi Çingiz Abdullayev məhkəmə yolu tutmamalıdır. Bu, məsələnin birinci tərəfi. İkinci tərəfdən də, aparıcılar ifadələrinə diqqət yetirməlidirlər. Bu onun üçün lazımdır ki, birincisi, təmsil etdikləri, yaxud efirində tamaşaçı önünə çıxdıqları televiziya kanalının nüfuzuna xələl gəlməsin, ikinci bir tərəfdən, özləri də özlərini təhlükə altına qoymasınlar. Bu baxımdan, həmkarımızın ifadəsi şəxsən mənə görə məqbul deyil, televizya kanalının da ona xəbərdarlıq etməsi, tənbeh tədbiri görməsi də birbaşa televizyanın özünün etik davranış qaydaları ilə tənzimlənməsi məsələsidir. Yəni onlarda bu cür ifadələrin açıq efirdən səsləndirilməsi məqbul sayılımır, sayılmadığılna görə də jurnalist, aparıcı buna görə cavab verməlidir. Bəzən olur, biz media təmsilçiləri emosiyalara qapılırıq ifadələrimiz həddindən artıq sərt olur, yaxud da cızığından çıxır. O zaman təbiidir ki, xəbərdarlıq da edilə, cəza da tətbiq edilə bilər. Amma bir daha qeyd edirəm ki, Çingiz Abdullayvin məhkəmə perspektivi haqda danışması yerinə düşmür…Düzdür, hüququdur, amma onun kimi adamlar bu cür ifadələrə dözümlü yanaşmalıdır”

A.Həsrət hesab edir ki, o, üzrxahlıq tələb edə, polemika aça, etik çərçivədə cavab verə bilər, bunlar mümkündür, amma məhkəmə seçimi düzgün deyil: “Kimin ağzından bir ehtiyatsız ifadə çıxacaqsa durub onu məhkəməyəmi daşıyacaqsınız? Bu düzgün deyil. Televizyanın aparıcını cəzalandırmasına gəlincə, burada dəhşətli bir şey yoxdur. Bu təbiidir ki, daxili qayda-qanunlar, qəbul olunmuş etik normalar aşılırsa cəzalandırmaq olar. Məhkəmə haqda danışmağa isə heç gərək yoxdur”.

Tural Turan: “Zir-zibil sözü hüquqi kontekstdə təhqirdirmi?” 

O, detektiv janrını “zir-zibil” adlandırıb…” Şair Tural Turan hesab edir ki, bu məsələ ciddi araşdırmalıdır: “İstənilən halda təhqir yolverilməzdir, amma təhqirin də dərəcə meyarı olmalıdır. Fikrimcə, bu məsələ hüquqi kontekstdə araşdırılmalıdır. Mən də Çingiz Abdullayevi yazıçı kimi qəbul etmirəm. Çünki detektiv janrının peşəkar ədəbi janrlara dəxli yoxdur. Amma bu o demək deyil ki, yazdıqları zir-zibil adlandırılmalıdır. Zir-zibil sözü hüquqi kontekstdə təhqirdirmi? Bu məsələ də ciddi araşdırma mövzusudur”.

https://baki-xeber.com/1206-bedii-eser-tenqidine-gore-telejurnaliste-ceza-vermek-dogrudur.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir