“Nə siyahı görmüşəm, nə də ev bölmüşəm” – AYB I katibi, xalq yazıçısı Çingiz Abdullayev
Xəbər verdiyimiz kimi, Azərbaycan Yazıçılar Birliyi (AYB) tərəfindən 21 nəfərə ev verilməsi müzakirələrə səbəb olub.
“Qafqazinfo”nun məlumatına görə, həmin şəxslərin bir çoxunun katibələrdən, sürücülərdən, təsərrüfat içilərindən, bir sözlə, texniki heyətdən ibarət olduğu vurğulanır.
Məsələ ilə bağlı qurumun katibi Elçin Hüseynbəylinin “Anar müəllim kimi məsləhət bilibsə, evlər həmin şəxslərə verilib”, deməsi müzakirələri bir az da qızışdırıb.
AYB-nin birinci katibi Çingiz Abdullayev də mövzuya münasibətsiz qalmayıb. Ev bölgüsü ilə bağlı “Qafqazinfo”ya danışan Xalq yazıçısı Çingiz Abdullayev bunları deyib:
“Mən Bakıda deyildim, iki ay idi Almaniyada idim. Almaniyada tələbələrlə görüşlərdə iştirak edirdim. Bu məsələni mən Bakıda olmadığım halda, mənsiz həll ediblər. Nə siyahı görmüşəm, nə də ev verilənlərin adını. Ona görə xahiş edirəm ki, mənim adım çəkilməsin. Deməsinlər ki, Çingiz Abdullayev siyahı tərtib edib, ev bölüb, ev verib. Mən Bakıda olmamışam, baş verənlərdən də xəbərsizəm”.
“Anar müəllim kimi məsləhət bilibsə, evlər həmin şəxslərə verilib”.
“Qafqazinfo” xəbər verir ki, bunu “Report”a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyli deyib.
Onun sözlərinə görə, Yazıçılar Birliyinə 250 nəfər ev üçün müraciət edib və Anar müəllim kimi məsləhət bilibsə, evlər həmin şəxslərə verilib:
“Bu şəxslərin sırasında əvvəldən ev növbəsi gözləyənlər də, yeni müraciət edənlər də var”.
“Həmin ev bölgüsü prosesində iştirak etməmişəm. Düşünürəm ki, ev bölgüsü kimin evinin olub-olmaması prinsipi ilə aparılıb”, – deyə E.Hüseynbəyli vurğulayıb.
Qeyd edək ki, ötən həftə 21 nəfər yaradıcı adama ev verilib. Bu isə yazıçılar arasında narazılığa səbəb olub. Onlar iddia edirlər ki, ev bölgüsü obyektiv həyata keçirilməyib. Hətta 1-2 evi olan şəxslərə yenidən evlər verildiyi də səsləndirilən iddialar arasındadır.
Bakupost-un yaydığı siyahıya görə, ev alanlar arasında AYB sədri Anarın sürücüsü, bəzi katiblərin isə katibələri də var:
1. Əli – Təsərrüfat şöbəsinin müdiri;
2. Elmar – Təsərrüfat şöbəsinin işçisi;
3. Anarın sürücüsü;
4. Elxan Zal – evi var;
5. Ülviyyə Heydərova – jurnalist;
6. Arifə Əliyeva – Kadrlar şöbəsinin müdiri, AYB-dən üçüncü evi alıb;
7. Məlahət Qənbərova;
8. R.Aslanov;
9. Şəmsiyyə Camalova – İlqar Fəhminin katibəsi, evi var;
10. Aləmzar Sadıqqızı – ilk dəfə alıb;
11. Narıngül Nadir – evi var;
12. Şəfəq Sahibli – evi var;
13. Südabə Ağabalayeva – “Azərbaycan” jurnalının baş redaktoru;
14. Elçin Hüseynbəyli – evi var;
15. Firuz Mustafa – evi var;
16. Vaqif Əlixanlı – evi var;
17. Dəyanət Osmanlı – AYB-dən aldığı ikinci ev;
18. Xanəmir – evi var;
19. Ulucay Akif – evi var;
20. Güləmayıl Murad- evi var;
21. Gülxani Pənah – evi var.