“Nəsillərarası mübahisələr böyük uçurumlara səbəb olur” YYSİB sədri, yazıçı-kulturoloq, ictimai xadim Aydın Xan Əbilov
“Əsrlərdir nəsillərarası mübahisələr böyük uçurumlara səbəb olur. Yaşlı yoxsa gənc nəslin daha ağıllı olması mübahisəlidir. Bu sualın cavabı isə məsələdən-məsələyə görə fərqlənir. İnsanlar yaşlandıqca müəyyən təcrübələr toplayır və bu təcrübələr də imkan verir ki, hər hansı bir məsələ və ya hadisə haqqında obyektiv fikir söyləsin. Amma bu o demək deyil ki, yaşlı nəsil nə deyirsə, o da olmalıdır. Həyatı boyu gördükləri, yaşadıqları əxlaq normalarını yaşlı olduqları üçün heç kimə diqtə edə bilməzlər. Əks təqdirdə keçmiş dövrdə baş verən qan düşmənçiliyi, azyaşlı qızların evləndirilməsi, oğlan uşaqlarının evdən buraxılmaması, gəlini yoldaşı öldükdən sonra öz qaynına ərə vermək və s. kimi absurd adətlərdən də söz açmalıyıq”. Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.
A.Əbilov bildirib ki, gənclik yeni qan, dəyişiklik, bəzən də radikallıq deməkdir: “Amma gənclik də özündən əvvəlki yaşlı nəslə arxa çevirməməlidir. Biz ortaq nəticəyə gəlməli, onu tapmalıyıq. Gənclər dəyişiklik istəyir. Həyatda olduğu kimi tarix də 30 ildən bir dəyişiklik istəyir. Bu hər 30 ildən bir yeni, gənc nəslin gəlməsi ilə bağlıdır. Bunun qarşısını almaq mümkün deyil.
Gəncliyə imkan yaratmaq lazımdır ki, tükənməyən enerjisini dövlətin gələcək inkişafına sərf etsin. Bunun qarşısını almağa çalışdıqda isə gənclik başqa mənfi məsələlərə yönələ bilər. Gənclərin fikirləri dinlənilməlidir. Hansı ki, Azərbaycanda sürətlə gəncləşmə siyasəti gedir. Bunun da müsbət nəticələrini görürük”.Müəllif: Səbinə Hüseynli