Prezidentin uğurlu dövlət idarəçiliyi strategiyasının nəticəsində formalaşan çağdaş mədəniyyət siyasəti

Azərbaycan dövlətçiliyinin davamlı inkişafı, şəffaf, demokratik və peşəkar dövlət qulluğunun formalaşdırılmasına yönəlmiş modemləşmə xətti idarəetmə münasibətlərində vətəndaşın fərqli aspektdən çıxış etməsinə, onunla vəzifəli şəxslər arasındakı münasibətlərin keyfiyyətcə yeni müstəviyə keçməsinə şərait yaradan və müasir kadr siyasətinin mahiyyətini müəyyənləşdirən dəyərlər sistemi formalaşdırmışdır. Prezident İlham Əliyevin uğurlu dövlət idarəçiliyi strategiyasının nəticəsində formalaşan inkişaf modeli səmərəli kadr siyasətinin və peşəkar dövlət qulluğunun da zəmini olmuşdur.
Müasir və güclü dövlətin, səmərəli, demokratik və şəffaf idarəetmənin formalaşdırılması istiqamətində aparılan ardıcıl islahatlar ölkədə vətəndaşa yönümlü dövlət qulluğu modelinin formalaşdırılmasına, dövlət qulluğunun “cəmiyyətə, xalqa xidmət” mənasını qazanmasına, milli kadr siyasətinin əsas istiqamətlərinin, müasir dövlət qulluqçusunun zəruri xüsusiyyətlərinin müəyyənləşdirilməsinə səbəb olmuşdur. Milli-mənəvi dəyərlərə bağlı, dövlətini və millətini sevən, müasir və yaradıcı təfəkkürlü, geniş dünyagörüşlü, peşəkar kadrların dövlət qulluğuna cəlb olunması, həmçinin kadr potensialının, insan resurslarının intellektual bazasının yenilənməsi və genişləndirilməsi üçün mühüm tədbirlər keçirilmişdir. Respublikamızda kadr siyasəti peşəkarlıq, müasirlik, milli ideologiya və milliliklə ümumbəşəri dəyərlərin optimal vəhdəti, xalqa xidmət kimi meyarlar üzərində qurulmuşdu. Son dövrlərin təyinatında da bu hal özünü qabarıqlaşdırır.
Prezident İlham Əliyevin 14 aprel 2023-cü il tarixli Sərəncamıyla Adil Qabil oğlu Kərimli Azərbaycan Respublikasının mədəniyyət naziri təyin edilmişdir. Adil müəllim böyük bir sahə olan mədəniyyət Nazirliyinə rəhbərlik etdikdən sonra strukturda köklü dəyişiklik nəzərə çarpmadadır. Belə ki, Adil müəllimin diqqət mərkəzində vətəndaşın durması, dövlət xidmətləri sahəsində vətəndaş məmnunluğunun xüsusi önəm daşıması, vətəndaşa yönümlü peşəkar xidmətin göstərilməsi onun əsas istiqamətlərindəndir. Adil müəllimin gündəlik iş prinsiplərinə bələd olduqca onun “dövlət qulluğu xalqa xidmətdir” prinsipi ilə işlədiyinin, dövlət orqanının nümunəvi kadrı olaraq əsas xüsusiyyətlərini isə siyasi iradəyə əsaslanan “hər bir dövlət məmurunun öz xalqına xidmət etmək vəzifəsi” ilə müəyyənləşdirdiyinin şahidi olursan.
Adil müəllim adıgedən vəzifəyə təyin olunandan bu sahədə köklü islahatların aparılması, gündəlik işini günün tələbləri səviyyəsində qurması, heç şübhəsiz, cənab Prezidentin kadr siyasətinin düzgün qurulmasını aksiomlaşdırır. İcra edilən əməli işlər göz önündədir.
Məlumdur ki, milli mədəniyyət tarixinin araşdırılması, təşəkkülü və təbliği Ulu Öndər Heydər Əliyevin fəaliyyətində önəmli yer tuturdu və bu ənənə indi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Eyni zamanda, milli mədəniyyətin təbliği beynəlxalq münasibətlərin tənzimlənməsinə, diplomatiyaya da xidmət edir.
Son dövrlər bütün sahələrdə olduğu kimi milli-mənəvi dəyərlərimizin qorunması, mədəniyyətimizin xarici ölkələrdə təbliği və tarixi abidələrin bərpası sahəsində əhəmiyyətli layihələr həyata keçirilməyə başlanılmışdır. Son dövr mədəniyyət salnaməsini vərəqlədikcə ürəkaçan mənzərə ilə qarşılaşırıq. Mədəniyyət obyektlərinin, ilk növbədə kütləvi nümayiş məkanları olan teatr və muzeylərin yüksək səviyyədə təmir-bərpası, ölkənin müasir inkişafını təcəssüm etdirən yeni mədəniyyət ocaqlarının yaradılması bu sahəyə göstərilən yüksək diqqət və qayğıdan xəbər verir. Dövlət başçısının da qeyd etdiyi kimi, mədəniyyət sahəsində böyük investisiya proqramları reallaşdırılıb, paytaxtda və regionlarda bir sıra mədəniyyət mərkəzləri, teatr binaları, sərgi salonları, rəsm qalereyaları, muzeylər istifadəyə verilib, habelə, mövcud mədəniyyət obyektlərinin müasir standartlara uyğun təmiri, maddi-texniki bazasının gücləndirilməsi, muzey fondlarının komplektləşdirilməsi və ekspozisiyaların zənginləşdirilməsi istiqamətində bir sıra irihəcmli layihələr həyata keçirilib. Bütün bunlar ölkə başçısının Azərbaycan mədəniyyətinə, incəsənətinə və bu sahədə çalışanlara verdiyi yüksək dəyərin göstəricisidir. Bu sevgi Prezident İlham Əliyevin fikirlərində bir daha öz təsdiqini tapıb: “Azərbaycan xalqının çox zəngin mədəniyyəti, tarixi vardır. Biz haqlı olaraq öz mədəniyyətimizlə fəxr edirik. Bu gün Azərbaycan dünyada öz mədəniyyəti, musiqisi, tarixi ilə tanınan bir ölkədir”.
Həmçinin bu gün Azərbaycan dünyada mədəniyyətlərarası və sivilizasiyalararası dialoq mərkəzidir. 2008-ci ildə Prezident İlham Əliyev tərəfindən irəli sürülən mədəniyyətlərarası dialoqa dair “Bakı prosesi” regional təşəbbüsdən beynəlxalq platformaya çevrilib. Ölkəmizdə mədəniyyət sahəsinin ahəngdar inkişafının təmin edilməsi, heç şübhəsiz, dövlət başçısının bu sahəyə yüksək diqqət və qayğısının nəticəsi, eyni zamanda, milli-mədəni intibah amalının əbədi yaşayacağının təminatıdır.
Yeri gəlmişkən, 20 sentyabr 2023-cü il tarixində cənab nazir Adil Kərimlinin müvafiq əmri ilə Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinə direktor təyin olundum. Uzun müddət müvafiq sahədə çalışdığımdan, cənab nazirimizin bu qərarını şəxsimə göstərilən böyük etimad olaraq qəbul edirəm. Bildirirəm ki, mənə göstərilən yüksək etimadı əməli işimlə doğruldacaq, dövlət və dövətçiliyimizə nümunəvi xidmət göstərəcəyəm.

Leyla Qadir qızı Məcidova
Tarix üzrə Fəlsəfə doktoru,
Lənkəran Dövlət Universitetinin baş müəllimi,
Lənkəran Tarix – Diyarşünaslıq Muzeyinin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir