“Bu gün azyaşlı qız qətlə yetirilirsə…” – YYSİB sədri Aydın Xan Əbilovdan radikal çağırış
“Təəssüfedici haldır ki, namus-qeyrət və s. bu kimi bəhanələrlə son illərdə öz həyat yoldaşı, ana və bacısını, hətta gəlinini bıçaqlayan, başını kəsən, qətlə yetirən, yandıran şəxslərin sayı həddindən artıq artıb. Hansısa səbəbə görə Azərbaycan cəmiyyətində hələ də namus və qeyrət ifadələri yalnız qadınlara şamil olunur. Kişilər isə özündə heç bir günah görmür. Bu isə cəmiyyətdə, xüsusilə də yeni nəsil nümayəndələri arasında savadsızlığa gətirib, çıxarır”. Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Prezident təqaüdcüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.
Onun sözlərinə görə, bəzi mental dəyərlərin arxasında yatan əsl həqiqətləri və onun tarixini bilmədən gündəlik həyatlarında bəzilərinin bunlardan istifadə etməsi cinayətlərə səbəb olur: “Bir şəxsin qətlə yetirilməsi onlarla dövlət orqanı, yüzlərlə məhkəmə, hüquq-mühafizə orqanları və xəstəxanaların bu hadisəyə cəlb edilməsi və cinayət faktında iştirak edən hər iki tərəfin ailə və qohum-əqrabasının ciddi psixoloji sarsıntı keçirməsinə səbəb olur. İstər-istəməz fərdlərdə yaranan bu psixoloji sarsıntı cəmiyyətin özündə də gərginlik yaradır.
Statistikaya nəzər yetirdikdə, dəhşətli qadın ölümlərinin şahidi oluruq. Bunun qarşısının alınması üçün müəyyən zamana ehtiyac var. Bu cür cinayət halları bütün cəmiyyətlərdə baş verir. Hələ biz gizlədilən ailədaxili münaqişə və basqılar, az qala ölüm qədər dəhşətli olan təzyiqləri nəzərə almırıq və yalnız gün ərzində 5-6 qətl faktının şahidi oluruq. Dəfələrlə bununla bağlı dövlət orqanları müşavirələr keçirib, müəyyən əməliyyatlar aparılıb. Eyni zamanda cəmiyyətin ziyalıları bu məsələ ətrafından maarifləndirmə işləri aparırlar. Amma bu cür qətl hadisələri azalmır ki, azalmır. Baş verən qətl hadisələrinin bir çoxunda tərəflərin erkən yaşda nikaha girməyə məcbur edilməsi də vacib faktdır”.
Kulturoloq bildirib ki, qadın qətllərinin qarşısının alınması ilə bağlı maarifləndirmə işləri gücləndirilməli, ömürlük həbs cəzası tətbiq edilməlidir: “Eyni zamanda məlumdur ki, ölkəmizdə qanunla ölüm hökmü ləğv edilib. Lakin azyaşlı qızı zorlayıb, sonra isə qətlə yetirən şəxslər polisə müqavimət göstərən kimi, polis onu aradan qaldırmalıdır. Ümummiyyətlə hakimlər bu cür məsələlərdə qərar verərkən olduqca sərt olmalı və unutmamalıdırlar ki, bu gün bir azyaşlı qız qətlə yetirilibsə, sabahkı hədəf bizim ailəmizdən biri ola bilər”.
Səbinə Hüseynli

