İsrail-Fələstin-Livan münaqişəsi: yeni müharibədə köhnə iz. Bir güllə ilə neçə hədəf: qalib İrandır, Rusiyadır, yoxsa?!
Oktyabrın 7-də etibarən İsrail ilə HƏMAS arasında genişmiqyaslı hərbi toqquşmalar davam edir.
Qeyd edək ki, Fələstinin Qəzza zolağına nəzarət edən HƏMAS və “İslami Cihad” silahlı birləşmələri İsrailə qəfil hücum ediblər.
Əməliyyat zamanı hər iki silahlı qruplaşma İsrailin cənub ərazilərində yerləşən Askelon, Sderot və bəzi şəhərləri raket atəşinə tutmaqla yanaşı həmin şəhərlərə müxtəlif yollarla sızmağı bacarıblar.
İsrail mediyasının məlumatlarına görə, HƏMAS və “İslami Cihad”-ın hücumu zamanı xeyli sayda İsrail hərbçisi və mülki şəxs həlak olub. Bununla yanaşı, ölkənin Askelon və Sderot şəhərlərində bir neçə əsgər, o cümlədən qadınlar və uşaqlar daxil, bir sıra mülki sakinlər fələstinli silahlılar tərəfindən əsir götürülərək Qəzzaya aparılıb.
Buna cavab olaraq Təl-Əviv HƏMAS və “İslami Cihad”-a müharibə elan edib. İsrail silahlı qüvvələri ölkəyə sızan hər iki silahlı birləşmənin dəstələrini zərərsizləşdirmək üçün əks-hücum əməliyyatlarına başlayıb və Qəzza zolağı ətrafında xeyli miqdarda hərbi texnika və qüvvə cəmləyib.
Eyni zamanda İsrail Hərbi Hava Qüvvələri HƏMAS və “İslami Cihad” silahlılarının Qəzza zolağında yerləşən qərargahına və hərbi infrastrukturuna zərbələr endirir.
Ərəb mediyasının məlumatına görə, İsrail qırıcılarının intensiv hücumu nəticəsində qarşı tərəfdə də çox sayda dinc sakin həlak olub.
İsrail və HƏMAS arasında müharibənin bir müddətdən çox davam edəcəyi, xüsusilə bu müharibəyə İran İslam Respublikasının himayə etdiyi Hizbullahın da qoşulacağı, eləcə də müharibənin Suriyaya sıçraması ehtimal olunur. Bu ehtimalın özünü doğruldacağı təqdirdə Yaxın Şərq qan gölünə çevriləcək. Bu isə daha çox Tehran və Moskanın maraqlarına xidmət edir.
İran İsraillə qarşı proksi müharibə aparır
İran İslam Respublikası Yaxın Şərqdə geniş nüfuz sahibidir və İraq, Suriya, Livan, Yəmən, Bəhreyn, eləcə də Fələstin məsələsinə gəlincə, hətta həlledici təsirə malikdir. Məhz İranın bu ölkələrdə xeyli sayda silahlı birləşmələr mövcuddur.
İran İraqda “Həşdi-Şabi”, Suriyada “Fatimiyyun və Zeynəbiyyun”, Livanda Hizbullah və Yəməndə Ənsurrulah hərəkatına birbaşa ideoloji, hərbi-siyasi və maliyyə dəstəyi verir. Fələstində sünni məzhəbli HƏMAS və “İslami Cihad” da bu siyahıya daxildir.
Məhz Fələstində hər iki silahlı birləşmənin İranın nəzarətində olması, habelə onları silah-sursat və maliyyə ilə təmin etməsinə dair kifayət qədər əsaslı sübutlar var.
HƏMAS-ın bəzi rəhbərlərinin bəyanatları, həmçinin İran mollarının fətvaları İsrailə qarşı son hücum əməliyyatlarının arxasında İranın dayandığını sübut edir.
Hərbi-strateji və geosiyasi sahələrdə xüsusi təcrübələrə malik olan şəxslər yaxşı başa düşür ki, HƏMAS və “İslami Cihad”-ın İsrailə uğurlu taktiki hücum əməliyyatı və ölkənin cənub ərazilərinə sızma planları məhz Tehran tərəfindən tərtib edilib.
Hətta sosial mediada yayılan məlumatlara görə, Malaziyada yerləşən xüsusi bir düşərgədə HƏMAS və İslami Cihad”-ın silahlı dəstələrinə İran hərbçiləri tərəfindən xüsusi təlimlər keçirilib və bu təlimlərdə onları hücum əməliyyatına hazırlayıblar.
Tehran İsrail-Fələstin regionunda müharibə yaratmaqla iki əsas məqsəd güdür. Birincisi, İran İslam Respublikasının hərbi-siyasi və dini rəhbərləri İsrailin Suriyada İranın hərbi bazalarına, strateji obyektlərinə hücumlarına qarşılıqlı ağır cavabı verəcəyi ilə bağlı bayanatlar səsləndiridi. İran hakimiyyəti bu müharibəni İsraildən bir növ qisas almaq üçün planlayıb.
İkincisi, Tehranda hesab edirlər ki, regiondakı müharibə İsrail ilə bəzi ərəb ölkələri – Səudiyyə Ərəbistan, Bəhreyn, BƏƏ, İordaniya və Misir arasında normal münasibətlərin korlanmasına gətirib çıxaracaq. Bu da İslam Respubilikasına qarşı İsrail-Ərəb cəbhəsinin formalaşasının qarşısına alacaq. Müharibənin davam edəcəyi təqdirdə İranın öz məqsədlərinə nail olacağına şübhə yoxdur.
Fələstin-İsrail müharibəsi Rusiyanın da maraqlarına xidmət edir
Hazırda Ukrayna və Cənubi Qafqaz üzərində Rusiya ilə ABŞ arasında ciddi rəqabət gedir. Hər iki region həm Rusiyanın, həm Avropa İttifaqının, həm də ABŞ-ın Avrasiya ilə bağlı geostrategiya siyasətində xüsusi əhəmiyyətə malikdir. Belə ki, Moskva Ukrayna və Cənubi Qafqaz üzərində nəzarəti əldən verməməyə cəhd edir. Vaşinqton isə regiona daxil olmaq və orada möhkəmlənmək üçün səylərini artırır.
Bir ildən artıqdır davam edən Ukrayna müharibəsində rus ordusunun uğursuzluğu və Moskvanın hədəflərinə nail ola bilməməsi Rusiyanın hərbi-siyasi elitasını məyus edib. Eləcə də Qərbin Azərbaycanla Ermənistan arasında sülh prosesində fəallaşması, habelə Ermənistanın daxilində təsir imkanlarını artırması Kremli ciddi narahat edib.
Bütün bunları nəzərə alarkən, Yaxın Şərqdə yeni müharibənin başlaması və onun təsir dalğasının bütöv regiona sıçraması, daha doğrusu, regionu qan gölünə çevrilməsi Rusiyanın da maraqlarına xidmət edir. Bunun baş verəcəyi təqdirdə ABŞ və Avropa İttifaqının əsas diqqətini Ukrayna və Cənubi Qafqazdan birbaşa Yaxın Şərqə yönəldəcək. Ukrayna və Cənubi Qafqaz Vaşinqton üçün ikinci və ya üçüncü dərəcəli məsələyə cevriləcək.
Əlbəttə ki, bu, Rusiyaya Ukrayna və Cənubi Qafqazdakı siyasi prosesləri özünün xeyrinə dəyişməsinə münasib imkanlar yaradacaq. Moskva bu fürsərtdən istifadə etməklə Azərbaycanla Ermənistan arasında sülh prosesinə vasitəçiliyi əlinə almağa və Ermənistanın daxilində yaranmış vəziyyəti öz xeyrinə dəyişməyə çalışacaq.
Hətta Moskva Ukraynada da bəzi hədəflərinə nail ola bilər. Çünki həm Ukraynaya, həm də İsrailə silah tədarük etmək ABŞ və Avropa İttifaqı üçün xeyli çətinliklər yaradacaq.
Fələstin-İsrail qarşıdurması Çinin də xeyrinədir
Bildirək ki, bu il Hindistanın payxatı Dehlidə G20-nin sammiti keçirilib. Tədbirdə ABŞ tərəfində yeni beynəlxalq dəhliz layihəsi təklif olunub.
Yeni layihəyə əsasən, Hindistandan daşınacaq tranzit yüklər dəniz yolu ilə BƏƏ-dən Səudiyyə Ərəbistana, oradan da İordaniya və İsrailə, sonrə isə İsrailin Hayfa limanından keçərək Aralıq dənizi ilə Avropaya aparılacaq.
ABŞ tərəfindən təklif olunan və İsrailin də dəstəklədiyi bu beynəlxalq dəhliz yolu Hindistan, Yaxın Şərqi, Avropanı bir-biri ilə birləşdirir.
Yeni layihə faktiki olaraq Çinin bütün Avrasiyanı əhatə edən “Bir kəmər, bir yol” layihəsinə alternativdir. Bu, hətta Çin ilə Avropa arasında qısa yol olan “Orta Dəhliz” layihəsini də kölgə salır. Yəni, Vaşinqton öz layihəsi ilə Çinin Avrasiyada nəqliyyat və iqtisadi layihələrini fiaskoya uğratmaq niyyətindədir.
Bu da Çin rəhbərliyini narahat etməyə bilməz və rəsmi Pekini Tehran və Moskva ilə birgə addım atmağa vadar edir. Şübhəsiz ki, İsrail və HƏMAS arasında müharibənin davam etməsi Çinin xeyrinə olacaq. Fələstin məsələsində həssas mövqe sərgiləyən Səudiyyə Ərəbistan, BƏƏ və digər ərəb ölkələri İsrail ilə münasibətlərə yenidən baxacaq. Bu, ABŞ-ın yeni dəhliz layihəsinin həyata keçməsini şübhə altına qoyur.
Qeyd edək ki, Yaxın Şərqdə cəryan edəcək hadisələr Cənubi Qafqazdakı siyasi proseslərə təsirsiz ötüşməyəcək. Bir müddətdən sonra biz bunun şahid olacağıq.
Yunis Abdullayev
Cebhe.info

