AYB-də “Ədəbiyyat qəzeti”min baş redaktoru Azər Turanın 60 illik yubileyi keçirildi

Sentyabrın 21-də AYB-nin Natəvan klubunda “Ədəbiyyat qəzeti”nin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turanın 60 illik yubileyi qeyd olundu.

Tədbiri Mətbuat Şurasının sədri, AYB-nin sədr müavini Rəşad Məcid açdı. Bildirdi ki, Azər Turan yaşına görə ədəbiyyatşünas alim, naşir kimi çox böyük işlərə, ilklərə imza atıb. Onun Əli bəy Hüseynzadə, Hüseyn Cavid, Xalid Səid Xocayev və bu sıradan olan bir çox görkəmli şəxsiyyətlərlə bağlı araşdırmaları misilsizdir.

Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar yubilyarı təbrik edərək bildirdi ki, A.Turanın 60 illiyilə bağlı keçirilən tədbir çox əlamətdar bir vaxta təsadüf edir. Azərbaycan Prezidenti, dövlətimiz xalqımız, vətənimiz üçün misilsiz əhəmiyyəti olan yeni bir qələbəyə imza atıb. İşğalçı erməni ordusuna qarşı keçirilən antiterror əməliyyatı nəticəsində torpaqlarımız separatçı tör-töküntülərdən azad edilib. Bu qələbə Azərin ad gününə, bütövlükdə xalqımıza ən gözəl hədiyyədir. Azərin genetik kökləri, ailə bağları təmizdi. O, türkçülüyün, türk ədəbiyyatının gözəl təbliğatçısıdır.

AMEA-nın prezidenti, Millət vəkili İsa Həbibbəyli çıxış edərək dedi: “Azər Turanı təbrik edirəm. Onun ad günü, Anar müəllimin də qeyd etdiyi kimi, çox şərəfli bir vaxta təsadüf edir. Burada həm də qanunauyğunluq var. Çünki Azərin ümumi təfəkkürü Türk dünyası birliyi düşüncəsinə hesablanıb. Azər Turançılıq ideyasına Azərbaycançılıq bağlılığı gətirən görkəmli şəxsiyyətlərimizdəndir. Onun düşüncəsində Turan idealları, istəkləri qovuşur. XX əsrin əvvəllərində Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlunun gördükləri işi Azər Turan XXI əsrdə ləyaqətlə davam etdirir. Azər Turan elmlə bədiyyatı bir araya gətirə bilən tədqiqatçıdır. Onun elmi-nəzəri, ədəbi baxışları bizim üçün çox önəmlidir…” Daha sonra Azər Turanın modernizmlə bağlı yazdığı məqalələrə də geniş vurğu salan İsa Həbibbəyli bu yazıları ədəbiyyatşünaslığımızın ən dəyərli mətnləri sırasında dəyərləndirdi.

Xalq yazıçısı, AYB-nin birinci katibi Çingiz Abdullayev də Azər Turanı yubileyi münasibətilə təbrik etdi. Bildirdi ki, Azərin atası, görkəmli ədəbiyyatşünas alim İmamverdi Əbilovla yaxın əlaqələri olub. Tez-tez məktublaşıblar. Azər belə bir ziyalının ailəsində dünyaya göz açıb, ziyalılıq məktəbi keçib.

Xalq şairi, AYB-nin Ağsaqqallar Şurasının sədri Nəriman Həsənzadə tədbirdə səmimi ürək sözlərini dilə gətirdi, yubilyara həsr etdiyi şeirini oxudu.

Akademik Kamal Abdulla dedi: “Bu tədbirdə Azəri yaxşı tanıyan, onu sevən görkəmli insanlar iştirak edir. Onun barəsində layiq olduğu xoş sözlər deyilir, ciddi yaradıcılığından qədirbilənliklə söz açılır. Azər eyni zamanda görkəmli naşirdir. O, “Ədəbiyyat qəzeti”ni elə bir mərhələyə gətirdi ki, özümüzdən asılı olmayaraq, biz o qəzeti axtarıb oxumağa başladıq. Azər “Ədəbiyyat qəzeti”nin ədəbi cameəmizin tələblərinə uyğun şəkildə fəaliyyətini təmin etdi, onu ehtiyacımız olan  bir qəzetə çevirdi…”

Atatürk Mərkəzinin rəhbəri, akademik, millət vəkili Nizami Cəfərov çıxışında A.Turanın bənzərsiz elmi-ədəbi yaradıcılığının ümumi mənzərəsindən söz açdı. Bildirdi ki, Azərin bütün elmi araşdırmalarında, yazılarında mənzərələr elə bil bir səhnədə görünür. Azər sanki mövzunu səhnəyə gətirir; biz onu görürük, hiss edirik. Ona görə də Azərin modelləşdirmələri yadda qalır.

Professor, Əməkdar elm xadimi Qəzənfər Paşayev də yubilyarın ədəbiyyatşünaslıq sahəsində müstəsna yeri olduğunu qeyd etdi. Vurğuladı ki, Azərin atası, ədəbiyyatşünas alim İmamverdi Əbilov ucqar rayonlarımızdan biri olan Neftçalanı ədəbiyyat mərkəzinə çevirə bilmişdi. Orada qaynar ədəbi mühit yaratmışdı: “Biz onunla tez-tez görüşərdik, ziyarətinə gedərdik. Xalq şairləri Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə, Vaqif Səmədoğlu, Qabil,  xalq yazıçıları Süleyman Rəhimov, Mehdi Hüseyn, eləcə də Azərbaycanın çox görkəmli ziyalıları İmamverdi müəllimlə sıx ünsiyyətdə olmuşlar. Qabil onun evini bülbül yuvası deyə tərənnüm edirdi. Yazırdı ki:

Bu ev bülbül yuvasıdır, dəyməyin,

Bəd niyətlə qapısını döyməyin.

İmamverdi bir təvazö heykəli,

Qarşısında özünüzü öyməyin.

Mən Azərdə də o təvazökarlığı gördüm. Azər həm yaxşı naşir, həm də alim kimi yetişib. Yaxşı, istedadlı bir kollektivə başçılıq edir. Elnarə Akimova, Adil Cəmil, Sərvaz Hüseynoğlu kimi öz sözü, dəsti-xətti olan qələm adamları ilə bir arada bəlkə də sovetlər məkanının ən gözəl ədəbiyyat qəzetini araya-ərsəyə gətirir…”

Tanınmış yazıçı, AYB-nin nəsr sektorunun rəhbəri Səyyad Aran çıxış edərək dedi: “AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu “Ədəbiyyat qəzeti”ndə çap etdirdiyi məqaləsində qeyd etdiyi kimi, Azər Turanın fədakarlığı ədəbi cameədə yeni bir termini – Azərturançılıq məfkurəsini oluşdurdu. Bu, vacib bir mənəvi ehtiyacdır. Azər Turan deyəndə adamın gözləri önünə ilk olaraq Əli bəy Hüseynzadə, Hüseyn Cavid gəlir. Onun elmi-bədii təqdimatları sıradan deyil, olduqca ciddi, peşəkar tədqiqatçının təqdimatlarıdır. Azər Turan tədqiq edilməli, öyrənilməli alimlərdəndir”.

Ədəbiyyatşünas alim, filologiya elmləri doktoru Elnarə Akimova çıxış edərək dedi: “Bu gün tarixi bir gündür. Ölkə həyatında, Qarabağla bağlı mühüm işlər reallaşır və bu işlər yalnız son otuz ilin deyil, iki yüz illik bir ağrının, parçalanmanın üzərindən xətt çəkir. Azər müəllimin də yubileyinin belə bir şərəfli günə təsadüf etməsi simvolik çalar kəsb edir. Onun haqqında yazdığım “Uzun, incə bir yolda” kitabının da qəribə tarixi oldu. Kitabı tamamladığım ərəfədə pandemiya başladı. Sonra 44 günlük müharibə dönəmi, tarixi Zəfər günümüz gəldi. Şuşada tarixi Vaqif Günlərində iştirak etdik. Yəni kitab bu tarixi hadisələrə şahidlik etdi. Maraqlıdı ki, bu gün də Yevlaxda sülh görüşü, danışıqları keçirilir. Növbəti qələbə günüdür. Azər müəllim özü də humanist, sülhsevər insandır, məfkurə yolçusudur, ulusunu sevən, onun ağrıları ilə yaşamağı bacaran qələm adamıdır”.

Akademik, Folklor İnstitutunun direktoru Muxtar İmanov çıxışında qeyd etdi ki, Azərin publisist, dramaturq, araşdırıcı qələmi daim vəhdətdədir. O, yalnız ideoloji hədəfləri yox, bədii cəhətləri də bir araya gətirə bilir, vacib mübahisələrə ayaq verir və aydınlaşdırır. Azər Turanın məqalələrində elə mühüm ədəbi-estetik məsələlər qaldırılır ki, biz çox ciddi arqumentlərlə əsaslandırılmış bu məqamlara laqeyd qala bilmirik, istər-istəməz onlar barədə düşünməyə, araşdırmağa başlayırıq.

AMEA Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli Azər Turanın elmi məfkurəvi tədqiqatlarının əhəmiyyətindən söz açdı. Bildirdi ki, Azər Turanın Hüseyn Cavid, Əli bəy Hüseynzadə haqqında yazdığı əsərləri çox ciddi tədqiqatlardır. Azərin daxilində başqa bir “mən” var. Onun gördüyü işlər 60 yaşın hüdudlarını aşır, daha müdrik, daha uzun ömür yolunun göstəriciləri kimi mənalanır. Daha sonra akademik qalib Azərbaycan oğullarına həsr etdiyi yeni şeirini oxudu.

Görkəmli türkoloq, professor Tofiq Məlikli yubilyarı təbrik edərək bildirdi ki, Natəvan klubunda çox tədbirlər keçirilib. Adətən pafoslu, şəxsiyyətyönümlü çıxışlar edilir. Bu günsə birmənalı şəkildə yaradıcılıq məsələləri barədə danışıldı. Çünki Azərin yaradıcılığı, elmi araşdırmaları buna imkan verir.

AYB-nin katibi İlqar Fəhmi A.Turanın hələ “Yeni Azərbaycan” qəzetinin ədəbiyyat əlavəsinə məsul olduğu illərdə başladığı yolu uğurla davam etdirdiyini vurğuladı.

Dilçilik İnstitunun  direktoru, professor Nadir Məmmədli Azər Turanın böyük türkoloq alim Xalid Səid Xocayev irsinin araşdırılması, onun “Divani lüğət-it türk”ün tərcüməsi üzərindəki işinin aşkar edilməsi üçün ardıcıl iş aparmasını və əldə edilməsinə nail olmasını yüksək dəyərləndirdi. Qeyd etdi ki, bu, əsl vətəndaş, alim düşüncəsinin, çabasının nail olduğu qeyrət işidi.

Sonda Azər Turan tədbirin təşkilinə görə AYB rəhbərliyinə və iştirakçılara minnətdarlığını bildirdi. Qeyd etdi ki, bizim mənsub olduğumuz ədəbi nəsil 30 il əvvəl ədəbiyyata gələndə Azərbaycan ərazi bütövlüyünü itirmiş, xalqımız 20 Yanvar faciəsini yaşamış, Xocalı soyqırımı baş vermişdi. O illərin gəncliyindən heç kəs nikbin olmağı tələb edə bilməzdi. Şükürlər olsun ki, 30 ildən sonra biz 60 yaşımızı ərazi bütövlüyü təmin olunmuş, Qarabağda Zəfər bayrağı dalğalanan bir Azərbaycanda qeyd edirik. Bunun üçün qəhrəman əsgərimizə, ən başlıcası isə ölkəmizin rəhbərinə – Ali Baş Komandana şükran borcluyuq.

Bu əziz gündə atam İmamverdi Əbilovu və Turan Cavidi də böyük ehtiramla yad edirəm. Çıxışımı Mövlananın məşhur kəlamı ilə tamamlayıram: “Üç sözdən artıq deyil, bütün ömrüm bu üç söz: “xamdım, bişdim, yandım”.

Sərvaz Hüseynoğlu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir