İran parlamentindəki azərbaycanlı deputatlar niyə rəsmi Bakını hədəfə alır?

İran parlamentinin Qərbi Azərbaycan vilayəti Səlmas şəhərindən deputatı, parlamentin təhlükəsizlik komitəsinin üzvü Yaqub Rezazadə Azərbaycan əleyhinə növbəti dəfə sərt ritorikası ilə seçilən çıxış edib.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistana qarşı hərbi əməliyyatlar həyata keçirərsə, biz 24 saat ərzində on qat cavab verəcəyik. Əbəs yerə, əsgərlərinizi öldürməyin” – deyə o bildirib. Həm də indiyədək İran rəsmilərinin açıqlamalarında Zəngəzurun guya işğalına qarşı çıxış etdikləri bildirilirdisə, Y.Rezazadə burdan Azərbaycana hər hansı formada keçidin təmin edilməsini İrana qarşı qəsd hesab edir:

“Naxçıvanla əlaqə yaratmaq üçün erməni torpağından bu kanalın açılması bizim geosiyasi və siyasi sərhədlərimizin dəyişməsidir və biz heç bir halda bu dəyişikliyi qəbul etmirik. Əliyevə xəbərdar edirik ki, özünün sionist rejim kimi dost ölkələrinə arxayınlaşıb bu məsələni qaldırmasın. Hazırda Azərbaycan Respublikası ilə hərbi-siyasi nümayəndə heyətləri təmas və danışıqlar aparır, lakin mən ölkənin şimal-qərbində yaşayan xalqın nümayəndələrindən biri, eləcə də İran xalqının xidmətçisi kimi sizə tövsiyə edirəm: İlham Əliyev düşmənin və ya görünüşcə dostun çürük ipindən istifadə edib quyuya düşmə. Əks halda o, bu girdabdan çıxa bilməyəcək”.

Daha sonra Rezazadə ənənəvi İran təbliğatının tezislərini təkrarlayır: “Azərbaycanla Ermənistan arasında baş vermiş birinci müharibə zamanı Ali Rəhbər Qarabağın müsəlmanlara məxsus olmasını elan edib. Amma indi Azərbaycan Prezidenti Zəngəzur dəhlizinin yaradılması ilə bağlı başqa bir siyasət həyata keçirsə, nə İran, nə də Ermənistan buna imkan verməyəcək”.

Rezazadə iddia edib ki, Azərbaycan Türkiyəyə güvənərək belə addım atmaq istəyə bilər. Amma Türkiyə siyasətçilər məsələnin danışıqlar yolu ilə həlində maraqlıdır.

Yaqub Rezazadə kimdir?

Y.Rezazadə Qərbi Azərbaycan vilayətinin Urmiya şəhərində anadan olub. Coğrafiya üzrə doktorluq dərəcəsi və universitet müəllimliyi təcrübəsi var.

O, əvvəllər İran polisində yüksək vəzifələr tutub. 2 mart 2018-ci ildə keçirilən 11-ci parlament seçkilərində Səlmas seçki dairəsində 24.767 səslə uğur qazanıb.

Y.Rezazdə hələ II Qarabağ savaşından sonra Azərbaycan əleyhinə çıxışları ilə yadda qalmışdı.

O zaman iddia edirdi ki, İlham Əliyev Türkiyəni və sionist rejimini təxribata çəkərək Zəngəzur dəhlizi ilə bağlı öz mövqeyini səsləndirir. “Türkiyənin məqsədi regional işlərə qarışaraq Ermənistanın bir hissəsini Azərbaycanla birləşdirməkdir. Çalışrlar ki, “erməni dəhlizi”ndən Xəzər dənizinə və Qafqaza yol aça bilsinlər. Türkiyə enerji tədarükü və sərfəli ticarət üçün Xəzər regionuna daxil olmaq, həmçinin Türkmənistan və ətraf ölkələrlə əlaqələrini genişləndirmək istəyir. Ancaq Türkiyə bilməlidir ki, bu, mümkün deyil, çünki Naxçıvanla Azərbaycan arasında 44 km-ə yaxın məsafə Ermənistanın tərkib hissəsidir. İran qonşu dövlətlərin sərhədlərində hər hansı dəyişikliyi qəbul etmir. Cənab Ərdoğan bilir ki, ölkələri təxribat törətməklə, onlardan vasitə kimi istifadə etməklə İranın şimal sərhədlərindən öz arzuolunmaz məqsədlərinə nail olmaq mümkün deyil. Azərbaycan da Türkiyənin əlində oyuncaq olmamalıdır” (iscanews) – deyə o zaman bildirirdi.

Ötən ilin noyabrında isə Azərbaycanda açıq şəkildə dini çevrilişi təbliği edən “Qüdsə gedən yol Bakıdan keçir” kampaniyasının fəal iştirakçılarından biri kimi çıxış edirdi. Bu kampaniya çərçivəsində yayılan videolar İran rejiminin öz ərazisində yaranmış siyasi böhranın Azərbaycana ixrac etmək niyyətində ola biləcəyini təsdiqləyirdi(alrafidains). Y.Rezazadə parlamentdəki çıxışında Azərbaycan televizyalarındakı Cənubi Azərbaycanla bağlı verilişləri sərt tənqid edərək, ölkəmizi saxta Azərbaycan Respublikası adlandırır, İrana birləşdirilməli olduğunu deyirdi.

Niyə belə çıxışlar edir?

II Qarabağ savaşından sonra İranda türk-azəriəsilli siyasətçilərə qarşı total ləkələmə kampaniyası yürüdüldüyü, az qala hamısısının “etnik lobbi”, “qurdpərəst”, “Bakı və Ankara maraqlarının ifadəçiləri”, “pantürkist-panazərist “ yarlıqları ilə damğalandığı haqda bir neçə dəfə yazı ilə çıxış etmişik. Məsələn, İranın dövlət maraqlarının kifayət qədər sərt müdafiəçisi, Urmiyanın sabiq deputat Nadir Qazipur belə ana dili ilə bağlı bir-iki çıxışına görə arzuolunmazlar siyahısına salınır, hətta Urmiyanın qurumasında günahkar elan edilir, indi də Türkiyə və Azərbaycandan “idarəolunan” ekoloji kampaniyaya cavab verməməkdə suçlanır. Və ya mazandransəilli səfir Abbas Musəvi Bakının xüsusi tapşırığı ilə II Qarabağ savaşı ərəfəsi 4 azəri vilayətinin imamcümələri ilə birləşərək Azərbaycanın lobbiçiyini, “panazəri siyasəti” yürütməkdə təqsirləndirilir.

İfrat ksenofob-azərbaycanofob baxışları ilə tanınan “qafqazşünas” Akef Kazemi iddia edir ki, İran daxilində qurdpərəstlər(azərbaycanlı milli fəallar nəzərdə tutulur-C.Q.) yenidən canlanıb, İranın qərar qəbul etmə mərkəzlərində nüfuz sahibi olan bu “alçaq qurdpərəst” Bakı və Ankara lobbiləri II Qarabağ müharibəsində olduğu kimi, ölkədə konsensusun qarşısını almağa və üsyan planının həyata keçirilməsinə ümid edirlər.

Sırf etnik mıənsubiyyət üzərindən belə sıxışdırma, gözdən salma bir çox İran azərbaycanlısını öz sədaqətlərini sübut etmək üçün Azərbaycan Respublikasını hədəfə almağa məcbur edir. Mərkəzi Tehran mediası daha çox azərbaycanlı deputat, siyasətçi, jurnalsit, yazıçı, din xadiminin rəsmi Bakının ünvanına tənqidlərini tirajlayır, cənubi azərbaycanlıların rəsmi Bakıya qarşı olduqlarını nümayiş etdriməyə çalışır.

Odur ki, İranda müəyyən mövqeyi olan azərbaycanlıların bu kimi bəyanatlarını, görünür, müəyyən qədər anlayışla qarşılamaq lazım gələcək. Təbii ki, onların içərisində tuşlanan hədəflər üzrə bu və ya digər təmənna ilə xorla hürmə həvəsinə düşənlər, aldanışda olanlar, sadəcə hər hansı milli duyğudan məhrum olanlar da yetərincədir. Aralarında azərbaycanlıları türkləşmiş “ariyrahaye esli” sayan, Azərbaycandakı etnik azlıqları separatçıya çevirmək üçün kampaniya aparan, onu mənəvi avtoritet kimi qəbul edən paniranist irqçi KİV-lərdə ölkəmizin adının “Badikube Respublikası” yazdırılmasına çalışan gorbagor Cavad Təbatabi kimi ideoloji xəstələr və ya ordumuzun sirlərini Ermənistana ötürmüş Mənsur Həqiqətpur kimi milli satqınlar istisna edilməklə, digərlərinin belə çıxışları niyə etdiklərinin səbəblərinə baxmaq lazımdır. Bu çıxışlardan sonra orda milli -mədəni hüquqların əldə edilməsi üçün mübarizəyə töhfələri varsa, onlara dözümlü yanaşılmalıdır.Unutmayaq ki, hədəf şimali və cənubi azərbaycanlılar arasında mümkün qədər ədavət yaratmaq, mənəvi bağları daha çox qoprmaqdır. Düşmənin planına vasitəçi olmayaq!

Cəmaləddin Quliyev, siyasi ekspert

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir