Narkomaniyanın qarşısını almaq üçün siqaret və enerji içkilərinin satışı qadağan edilməlidir” – YYSİB sədri Aydın Xan Əbilov dan ictimai irad
Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Prezident təqaudcüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.
“Son 20 ildə pis vərdişlərin, xoşagəlməz halların gənclər arasında yayılması bütün dünyada müşahidə edilir. Sosioloqlar, cəmiyyətşünaslar və kulturoloqların bu məsələyə xüsusi yanaşmaları var. Onların araşdırmaları bir neçə yerə bölünməklə, hadisələrin, bu cür mənfi halların daha da genişlənməməsi üçün təsnifatı aparılıb. Bizim də apardığımız monitorinqlər, araşdırma və analizlər göstərir ki, radio və televiziyanın inkişafı, kino sisteminin genişlənməsi, narkotikanın və bu kimi pis vərdişlərin bu və ya digər sənət növünə gətirilməsi narkotikdən istifadə hallarının kütləviləşməsinə səbəb oldu”.
Onun sözlərinə görə, gənclər, yeniyetmələr özlərini həm ailədə, həm də cəmiyyətdə sübut etmək üçün qeyri-adi formatlar axtarırlar: “Bu isə çox zaman onların pis vərdişlərinin formalaşmasına gətirib çıxarır.
Narkotik maddələrdən geniş istifadənin bir səbəbi də bu maddələrin satışını təşkil edən şəxslərin marağında olmasıdır. Azərbaycan əhalisinin 60, digər hesablamalara görə isə 70 faizi gənc və cavandır. Yəni 35 yaşa qədər olan şəxslər çoxluq təşkil edir. Oturuşmuş insanları narkotikə cəlb etmək çox çətindir.
Əvvəl narkomaniyaya qurşanan insanların sosial durumunu araşdırdıqda burada daha çox varlı və ziyalı təbəqənin insanların övladlarının qurşandığını görürdük. İndi isə sintetik narkotik maddələrin ucuzlaşması ilə narkotik maddələr həm daha geniş kütlə, həm də daha azyaşlı, yeniyətmələr arasında yayılmağa başladı. Aptekdə narkotik tərkibli dərmanların reseptsiz satışı qadağan edilir. Hətta reseptin özünün belə elektronlaşdırılması planlaşdırılır. Amma narkotik tərkibli elə dərmanlar var ki, onların ikisini birləşdirib uyuşdurucu maddə düzəltmək mümkün olur. Uşaqlar isə internet üzərindən bunun reseptini belə əldə edə bilirlər. Əvvəl yüngül otlardan istifadə edilirdisə, indi bunu kimyəvi dərmanlar əvəzləyir. Bu da narko tacirlərə sərf edir.
Bu cür narkotik satışı ilə məşğul olan şəbəkələrə qarşı sərt tədbirlər planı hazırlanmalıdır. Hətta televiziyada verlişlərin birində məktəb ətrafında yeniyetmələrə pulsuz şəkildə narkotik maddə paylayan şəxslərin bir neçə xəbərdarlıqdan sonra, tabe olmadıqları təqdirdə polis tərəfindən yerindəcə güllələnməsinin daha məqsədəuyğun olacağını da müzakirə etdik. Çünki yalnız bu şəkildə narkotik maddə satan şəbəkələri məhv edə, kökünü kəsə bilərik. Təbii ki, qanunvericiliklə addımlar atmaq lazımdır, amma daha radikal qərarlar verilməzsə, narkotik “uşaqlaması”nın qarşısını ala bilməyəcəyik.
Orta məktəblərdə yalnız narkotik maddələr deyil, həm də enerji içkiləri, bəzi hallarda süni şirinləşdirici, qazlı içkilərin də satışına qadağa qoymaq lazımdır. Ümumilikdə isə orta məktəbin ətrafında siqaret və enerji içkilərinin satışı qadağan edilməlidir. Çünki onlar ilkin narkotik maddələr hesab olunur. Bunlardan ləzzət alan uşaqlar, daha sonra dozanı artırmaq üçün narkotik maddələrə keçirlər. Bu məsələ ilə yalnız DİN deyil, cəmiyyətin bütün təbəqələri məşğul olmalı, mübarizə aparmalıdır. Çünki məktəblərdə sürətlə yayılan narkotika əvvəl-axır bizim evimizə də gəlib, çıxacaq”.
Hazirladı: Səbinə Hüseynli