YYSİB sədri, yazıçı-kulturoloq, Aydın Xan Əbilov Dil və Ədəbiyyat Forumundan hansı təəssüratla ayrıldı?!.
“Forumda deputat və akademiklərin orta nəsil və gənc nəsil yazarlara qarşı qıcıqlı bir təzyiqini gördük”
“Bəzi sabiq sovet təfəkkürlü adamların ütülü çıxışları, hikkəli-hikkəli yaradıcılıqlarını, şəxsi mənafelərini qabartması forumun mahiyyətini, məqsədini bir qədər kölgədə qoydu”
Azərbaycanda ilk dəfə keçirilən Dili və Ədəbiyyatı Forumu hədəfləndiyi kimi böyük nəticələrlə bitmədi, daha çox qalmaqallarla yaddaşlarda qaldı.
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, Prezident təqaudcüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilovla həm bu məsələni, həm də ədəbiyyat problemlərini müzakirə etdik.
– Azərbaycan dili və ədəbiyyatı forumu keçirildi və bu forumu necə qiymətləndirmək olar?
– Ən başdan onu vurğulayım ki, miqyasından asılı olmayaraq, Azərbaycan dilinin və ədəbiyyatının inkişafına təkan verəcək istənilən tədbir biz kulturoloqların diqqətindədir. Biz onu ədəbiyyatımızı, mədəniyyətimizi qabağa aparan, kulturoloji, estetik düşüncəmizi inkişaf etdirən bir hadisə kimi dəyərləndiririk. Fikir versəniz görərsiniz ki, Azərbaycanda ədəbiyyatla, mədəniyyətlə və onun müxtəlif istiqamətləri ilə əlaqədar dövlət səviyyəsində çox mühüm işlər görülür. Bu hadisələrin əsas mahiyyəti Azərbaycanın svilizasiyanın beşiyi, mərkəzi olduğunu dünyaya tanıtmaqdır.
– Hansı hadisəyə çevrilən tədbirləri nəzərdə tutursuz?
– Şuşada “Vaqif” Poeziya günlərinin keçirilməsi ənənəsinin bərpası çox böyük hadisədir, oradan dünyaya ədəbiyyatımızla, milli düşüncəmizlə əlaqədar diqqətçən mesajlar ötürülür. “Vaqif” Poeziya günləri də, Azərbaycan Yazıçılar Birliyinin son qurultayı da, ədəbiyyatla əlqədar çoxsaylı təqimatların keçirilməsi, kitab nəşrləri, görüşlər və sair əslində bu foruma hazırlıq xarakteri daşıyırdı. Bəli, ölkə Prezidenti 44 günlük müharibədə qazandığımız möhtəşəm qələbədən sonra təkcə Qarabağın quruculuğu ilə məşğul olmur, eyni zamanda başqa sahələrə də diqqət ayırır, ədəbiyyat və dil sahəsində də yeni keyfiyyətləri özündə birləşdirən proseslərə start verib. Dövlət başçısının rəhbərliyi altında Şuşada keçirilən tədbirləri xatırlayaq, Bakıda keçirilən humanitar tədbirləri xatırlayaq. Bu halda görəcəyik ki, İlham Əliyev yalnız ölkə vətəndşlarını deyil, dünyada yaşayan 55 milyon azərbaycanlını düşünüb tarixi, ədəbi proseslərin güclənməsinə təkan verir. Deyim ki, Azərbaycan dili və ədəbiyyatı Forumu bir qədər fərqli idi.
– Fərqli cəhəti nə idi? Bu forum lazımı şəkildə təşkil edilməmişdimi ki, daha çox qalmaqalla yadda qaldı?
– Biz əslində onun fərqli olacağını gözləyirdik. O forumun bəzi texniki qüsurlarını, çatışmazlıqlarını bağışlamaq olar. Çünki ilk dəfə idi ki, belə bir möhtəşəm tədbir keçirilirdi, bu sahədə təcrübə yox idi. Mədəniyyət və incəsənətlə bağlı konkret elmi tədbirlər, simpoziumlar keçirilir. Amma AYB-nin qurultayını çıxmaq şərti ilə ədəbiyyatçıları bir yerə yığıb elm adamlarının, onları tənqid edən şəxslərin iştirakı ilə belə bir tədbir keçirilməsi təcrübəsi Azərbaycanda yox idi. İlk tədbirlər olduğu üçün müəyyən qüsurlar vardı. Forum çox böyük idi və yüzlərlə şair, yazıçı, tənqidçi, alim, media işçisi onun işində iştirak edirdi. Uşaq ədəbiyyatı nümayəndələri, kitabxanaçılar və nəşriyyat işçiləri də bu tədbirə qatılmışdı. Nədənsə, orada klassik şair və yazıçıların əsərlərindən başqa kitab sərgilənmirdi. Biz istərdik ki, orada iştirak edən yazıçı və şairlərin əsərləri sərgilənsin. Bu forumun texniki dəstəyini Heydər Əliyev Fondu həyata keçirsə də, təşkilati məsələlər Mədəniyyət Nazirliyi və Elm və Təhsil Nazirliyinə aid idi. Başqa forumlara nisbətən bu bir qədər demokratik idi. Forum geniş toplantı deməkdir, orada müzakirələr, beyin davaları olur, onu normal qarşılamaq lazımdır. Amma Azərbaycan cəmiyyəti həmişə ədəbiyyat adamlarına həssas münasibət göstərib. Panel iclaslarında çıxış edən adamların çoxu, təəssüf ki, ancaq özündən, öz jurnalının, kitabının problemindən danışırdı, biri dedi ssenarimə film çəkilmir. Bu da təbii, qəribə qarşılandı. Forumda deputat və akademiklərin orta nəsil və gənc nəsil yazarlara qarşı qıcıqlı bir təzyiqini gördük. Orada ədəbiyyatçılar və filoloqlar, xüsusən də mənim kimi mədəniyyət hadisələrinin analitik analizini, təhlilini aparan mütəxəssisləri qıcıqlandıran fikirlər oldu.
– Məsələn, nə baş verdi ki, siz qıcıqlandınız?
– Dilçiliklə bağlı bir fikir bildirildi ki, Azərbaycan dilinin lüğət tərkibindən 20 minə yaxın söz çıxarılıb. Onlara kim icazə, səlahiyyət verib ki, o qədər sözü çıxarıb? Söz millətin özünün estetik düşüncə xəzinəsidir və il ərzində dilə 60 min söz daxil olur, bir o qədər də söz çıxır, milyonlarla da lüğət tərkibi var. Azərbaycanda yüz minə yaxın lüğət tərkibi vardı, o da hansısa “ağıllı filoloq alimin”, hansısa hikkəli tərcümə mərkəzinin “mütəxəssisin” sözü, yaxud məmurun göstərişi ilə çıxarılırsa, bu qətiyyən qəbuledilən deyil. Söhbət Azərbaycan dilinin inkişafından gedir. Forumda Azərbaycan dilinin vəziyyəti ilə bağlı polemikalar oldu, orada da söz davası oldu.
– Yeri gəlmişkən, iştirakçılar arasında yumruq davasına çıxan, yaxud çıxmaq istəyənlər barədə çox danışılır. Şair Qəşəm Nəcəfzadə və akademik Nizami Cəfərov arasında davadan çox danışıldı. Siz orada nə gördünüz?
– Söz davası çox oldu, amma sözün açığı, orda yumruq davasına çıxanlar görmədim. Bütün günü eyni zalda oturub, eyni fikirləri eyni şəxslərin dilindən eşitmək çox çətindir. Çölə çıxırdıq, ayrı-ayrı şair və yazıçılar, alimlərlə fərdi qaydada polemikalar aparırdıq, bu daha effektiv idi. Çox səmərəli müzakirələr idi. Onu da deyim ki, forum məruzəçilərinin çoxunun şablon fikirləri mənim kimi qeyri-adi düşüncəli insan üçün maraqlı deyildi. Yeri gəlmişkən, o qədər yazıçı və şairin o foruma dəvət edilməsinin mənasını anlaya bilmədim, bu qədər dəvətliyə qətiyyən ehtiyac yox idi. Azərbaycanda şair və yazıçıların sayı çox olsa da, oxucu yoxdur, o boyda forumda oxucu görmədik, hamı şair-yazıçı idi.
– Ədəbiyyatın, dilin problemi belə forumlarla həll edilə bilərmi?
– Belə forumların müsbət nəticələri olur. Ədəbiyyatla, dillə, onların inkişafı ilə bağlı forumların təşkili dünyada çox populyardır, eyni zamanda aktualdır. Rusiyada, Gürcüstanda, Avropa ölkələrində bu tipli tədbirlər tez-tez təşkil olunur. Amma onların iştirakçıları o qədər də çox adam olmur. Xaricdə formaların panel iclaslarında çox çılğın müzakirələr keçirilir, hətta başqa ölkələrdən mütəxəssislər cəlb edirlər. Amma biz bunu keçirilən forumda görmədik.
– Uşaq ədəbiyyatı, dərsliklər ciddi problemlər sırasındadır. Elm və təhsil naziri dərsliklərin məzmuna görə çox tənqid edilir, forumda da onun barəsində tənqid səsləndirilib. Bu barədə nə deyərdiz?
– Forumun bir hissəsi uşaq ədəbiyyatına həsr olunmuşdu. Bu maraqlı bir təcrübə idi. Amma əvvəlcədən buna hazırlıq olsaydı, Mədəniyyət Nazirliyi xüsusi işçi qrupu yaratsaydı və nazirliyin yanındakı ictimai şura üzvləri ədəbiyyat, elm, mədəniyyət adamlarını, uşaq ədəbiyyatı nümayəndələrini əvvəlcədən maraqlı diskussiya üçün hazırlasaydı bu daha səmərə verərdi. Amma bəzi Sovet təfəkkürlü adamların ütülü çıxışları, hikkəli-hikkəli yaradıcılıqlarını, şəxsi mənafelərini qabartması forumun mahiyyətini, məqsədini bir qədər kölgədə qoydu. Halbuki, forumda səsləndirilən fikirlər, təkliflər çox aktual və vacib məsələləri əhatə edirdi. Uşaq ədəbiyyatı, uşaq kitablarının çapı, uşaq ədəbiyyatının dil və üslubu, tərcümə məsələləri, Azərbaycan dili və ədəbiyyat dərsliklərinin səviyyəsi, orada verilən əsərlərin səviyyəsi xüsusi olaraq polemikaya səbəb oldu. Razılaşaq ki, uşaq ədəbiyyatının, sinifdənxaric oxunun, bədii ədəbiyyatın, dərsliyin nəşri ilə bağlı çox ciddi problem yaşayırıq. Kitabların tirajı, yayımı, müəlliflərin qonorar ala bilməməsi çox ciddi problemlər sırasındadır.
– Forumda diqqətçəkən hadisələr əsasən nələr oldu?
– Forum keçirildi və tarixə çevrildi. Orada dillə, ədəbiyyatla bağlı çox aktual və gərəkli fikirlər, təkliflər səsləndirildi. Xalq yazıçısı Çingiz Abdullayevin çox dəyərli təklifləri oldu. Amma nədənsə, onun təklifi deyil, hansısa sözü rus aksenti ilə deməsi müzakirə olundu. “AYB sədrinin birinci müavini Azərbaycan dilini bilmir” kimi çox mənasız polemika açıldı. Mən bunun əleyhinəyəm…Bu adamlar Nizamini də fars dilində yazdığına görə qınayırdılar. Taqor ingils dilində yazıb deyə hind xalqı ondan imtina etmir ki…
İradə SARIYEVA