“Bekar” mövzular o qədər müzakirə olunur ki, sanki hər kəs öhdəlik götürüb… Bahadır Əliyev yazır
“Dahi beyinlər ideyaları müzakirə edirlər, normal beyinlər hadisələri müzakirə edirlər, cılız beyinlər isə insanları müzakirə edirlər.”
Eleanor Ruzvelt
ABŞ-nin keçmiş prezidenti Franklin Delano Ruzveltin həyat yoldaşı xanım Eleanor Ruzveltin dediyi bu sözlər mənə son günlər iki məqamı xatırlatdı. Birinci məqam ustad aktyor Rasim Balayevlə bağlı gündəmi zəbt eləyən “bekar” müzakirlər, ikinci məqam isə gündəmi zəbt edə bilməyən – rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin İlon Maskla görüşünün əhəmiyyətinə varmayan cəmiyyətin münasibəti.
Məncə, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin “Tesla” şirkətinin rəhbəri İlon Maskla görüşünün əhəmiyyəti daha çox gündəm olmalı idi… amma təəssüf ki, o görüşün gələcəkdə ölkəmiz üçün hansı dividentlər gətirə biləcəyi haqda təhlillər aparıb bir kəlmə belə yazılmadı, yaxud da yaza bilmədilər.
Yalnız “Copy paste jurnalistikası” ilə məşğul olub xəbəri dədə malına çevirməklə paylaşdılar (daha çox FB sosial şəbəkəsində aktiv insanları və media mənsublarını nəzərdə tuturam). Çünki cəmiyyətimizdə əksər insanlar hökümətin, iqtisadiyyatın və bütövlükdə cəmiyyətin rəqəmsallaşmaya transfer etməsinin o qədər də fərqində deyillər. Hər gün yenilənən texnologiyaların həyatımızda rolunun vacibliyini müzakirə etmək,müasir dövrün tələbləri səviyyəsində təhsil almaq, işləmək və nəticə etibarı ilə ölkə Prezidenti cənab İlham Əliyevin gələcəyə baxışının əsas strateji istiqamətlərindən biri olan “yaradıcı və innovativ cəmiyyət”in qurulması işində fayda vermək əvəzinə, başqlarını müzakirə etmək kimi səmərəsiz müzakirələrə vaxt sərf edildi. “Bekar” mövzular o qədər müzakirə olunur ki, sanki hər kəs öhdəlik götürüb.
Məsələn, Rasim Balayevin ifadə etdiyi sözləri konteksdən çıxarmaqla,haqqında çoxlu subyektiv fikrlər, tənqidlər, müzakirələr, mübahisələr, hətta müqayisələr ola bilər və bu heç nəyi dəyişmir. Və bütün polemikaların ümumi məcmusu cəmiyyəti irəli aparan mövzular, müzakirələr deyil, ola da bilməz.
Amma cəmiyyət olaraq “Starlink” peyk internet xidmətinin bu il ölkəmizdə planlaşdırılan fəaliyyəti, ölkəmizə məxsus peyklərin orbitə buraxılması, eləcə də bu ilin oktyabr ayında Bakının ev sahibliyi edəcəyi Beynəlxalq Astronavtika Konqresi və digər faydalı mövzular ətrafında müzakirələr aparılsaydı, cəmiyyətimiz üçün daha faydalı olardı deyə düşünürəm. Bu, həm də inkişafimiz üçün çox vacibdir, nəinki dedi-qodu üçün fürsət axtaran insanların yersiz müzakirəsi.
Bahadur Əliyev
Teleadio İB- nin SƏTƏM və Keyfiyyətə nəzarət üzrə mütəxəssisi