“Nooldu, Paşinyan” ritmləri dünyanı bürüdü – dilimizi bilməyənlər də oxuyur… – YYSİB sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov və ekspertlərin fikirləri

Ali Baş Komandan 27 sentyabr 2020-ci il tarixində xalqın gözlədiyi əmri verdi və “Qarabağ Azərbaycandır, nida” ifadəsi ilə oğullarımızı bir olub torpaqlarımız uğrunda mübarizəyə qalxmağa səslədi. 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin azadlığı ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə və xalqımızın qürur mənbəyinə çevrildi.

Vətən müharibəmiz, hər şeydən əlavə, Azərbaycan dilinin frazeoloji ehtiyatlarını da xeyli zənginləşdirdi. Psixoloji-emosional atmosferin maksimum qatılaşdığı həmin günlərdə dövlət başçımızın hər bir maraqlı ifadəsi dərhal qanadlanaraq dillərə düşürdü. Dillər əzbəri olan ifadələrdən biri də “Nooldu, Paşinyan?” idi.

Vətən müharibəsi dövrünün ən məşhur ifadəsi, sözsüz ki, budur. Bu sözlər geniş xalq yaradıcılığına rəvac verdi, onun əsasında mahnılar yazıldı, meyxanalar qoşuldu, internetin “Youtube”dan “TikTok”a qədər bütün künc-bucağı bu səslə əks-səda verdi: “Nooldu, Paşinyan?!”

İlham Əliyev bu meqapopulyar, hətta əfsanəvi ifadəni ilk dəfə oktyabrın 26-da xalqa müraciət zamanı işlətmişdi: “Bəs, Cəbrayıla yol çəkirdin, Paşinyan? Nə oldu? Hanı bu yol? Bəs, Şuşada parlament binası tikirdin? Nə oldu o? Cəhənnəmə getdi!”.

Qeyd etdiyimiz kimi, Prezident İlham Əliyev “Bəs Cəbrayıla yol çəkirdin Paşinyan, nə oldu?” çıxışından sonra bu ifadə dillər əzbəri oldu. Kiçikdən-böyüyə hər kəs Ali Baş Komandanın bu ifadəsini təkrarladı. Hətta bu ifadəyə mahnı da qoşuldu. Elçin Göyçaylı və Oruc Aminin ifa etdiyi “Noldu Paşinyan” mahnısı kimliyindən, vəzifəsindən asılı olmayaraq hər kəsin marağına səbəb oldu. Mahnının sözləri, ifa tərzi və musiqi ahəngliyi hər kəsin onu sevməsinə səbəb oldu. Dilimizi bilməyənlər, mahnının sözlərini başa düşməyən şəxslər belə adıçəkilən musiqini eşidən  qol qaldırıb oynayır. Bu günlərdə məşhur italyan tiktoker milyonçusu Alessandro Karuzonun videosu gündəm olub. Belə ki, o, Elçin Göyçaylı və Oruc Aminin repertuarından olan “Noldu Paşinyan” mahnısının sədaları altında rəqs edib. Video qısa zamanda sosial şəbəkələrdə böyük maraqla qarşılanıb və xeyli sayda bəyənmə toplayıb.

  • Aydın Xan Əbilov: “Vətənpərvərlik janrında yaranan bu mahnı hər kəsin marağına səbəb oldu, bu mahnının sevilməsinin bir səbəbi də…”

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yenimedia.net saytının və  kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, yazıçı-kulturoloq Aydın Xan Əbilov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, 44 günlük Vətən müharibəsi dövründə Prezident İlham Əliyevin çıxışlarında bəzi ifadələr, fikirlər trendə çevrildi: “Siyasi xadim İlham Əliyev müharibə zamanı rəqibinə necə hərbə-zorba gəlməyi çox yaxşı bilirdi. Məlumdur ki, həmin ərəfədə ölkəmizdə real müharibə ilə yanaşı, virtual müharibə də yaşanırdı. İnformasiya savaşı psixoloji gərginliyə səbəb olurdu. İkinci Qarabağ müharibəsi zamanı hərbçilərimizin və Prezident İlham Əliyevin dəqiq  siyasəti sayəsində Azərbaycan qalıb oldu. Azərbaycanın qalıb olması yaradıcı şəxslərə ilham verirdi. Onlar Prezident İlham Əliyevin “Nə oldu Paşinyan” ifadəsindən ilhamnaraq mahnı bəstələdilər. Bu mahnı olduqca uğurlu oldu. Vətənpərvərlik janrında yaranan bu mahnı hər kəsin marağına səbəb oldu. Bu mahnının sevilməsinin bir səbəbi də onun meyxana janrında olmasıdır”.

A.Əbilovun sözlərinə görə, adıçəkilən mahnı müxtəlif seriallarda, reklamda səsləndirilir: “Həmçinin, TikTok platformasında da bu mahnı böyük marağa səbəb olub. İtaliyalı dizayner bu mahnının sədaları altında rəqs edərək video çəkib TikTok platformasında paylaşıb. Həmin video da böyük marağa səbəb olub”.

  • Xəyalə Rəis: “Mahnının bir qədər də ritmik notlarda olması, oynaqlığı həm də ona şərait yaradır ki, onun sözlərini başa düşməyən əcnəbilər belə eşidəndə oynamaq istəyir”

Sənətşünas, medianews.az saytının baş redaktoru Xəyalə Rəis “Bakı-Xəbər” ə açıqlamasında bunları qeyd etdi: “Bu məsələdən danışarkən öncə ifadənin özünə diqqət çəkmək lazımdır. Bilirsiniz ki, “Noldu, Paşinyan” ifadəsinin müəllifi Ali Baş Komandan İlham Əliyevdir. 44 günlük Vətən müharibəsi dövründə cənab İlham Əliyev xalqa müraciətində belə bir ifadə işlətdi – “Noldu, Paşinyan, bəs Cəbrayıla yol çəkirdin?”. Sonradan bu sözlər o qədər məşhurlaşdı ki, hətta azyaşlı uşaqlar belə onu əzbərləmişdi. Dünyada da geniş rezonans doğurdu.  Ona görə də “Noldu, Paşinyan” mahnısının bu qədər məşhurlaşması normal haldır. Əgər Prezident bu ifadəni işlətməsəydi, bəlkə də bayağı bir mahnı kimi yadda qalar, o qədər də reaksiya olmazdı. Amma ideya və bəstə tam yerinə düşdüyü üçün mahnının müəlliflərini ürəkdən təbrik etmək olar. Çünki zamanın və insanların nəbzini anındaca tuta biliblər. Mahnının bir qədər də ritmik notlarda olması, oynaqlığı həm də ona şərait yaradır ki, onun sözlərini başa düşməyən əcnəbilər belə eşidəndə oynamaq istəyir. Bütün hallarda, böyük zəfərimizdən sonra, necəliyindən asılı olmayaraq, məşhurlaşan, qələbəmizi dünyaya car çəkən bütün mahnılar, ifadələr, sözlər bizim uğurumuzdur.

Günel CƏLİLOVA

https://www.baki-xeber.com/sosial/170849.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir