“Sevilənlər, sevənlər” rubrikası yenidən izləyicilərinin görüşünə gəlir: YYSİB sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının pandemiya ilə əlaqədar karantin rejimi şəraitində “Sevilənlər, sevənlər” rubrikası altında keçirdiyi canlı yayımlar 2021-ci ildə də davam etdirdi.

4 mart 2021-ci il tarixində Respublika Gənclər Kitabxanasının “İnstagram” üzərindən təşkil etdiyi canlı yayımın növbəti qonağı yazıçı, kulturoloq Aydın Xan Əbilovolub.

Müsahibə xarakteri daşıyan canlı yayımda qonaq istifadəçiləri maraqlandıran sualları cavablandırıb, ədəbiyyat, jurnalistika, mütaliə və s. mövzular ətrafında maraqlı fikirlər söyləyib.

Canlı yayımın aparıcısı Günay Həsənova ilk növbədə qonağı Respublika Gənclər Kitabxanasının direktoru Oruc Quliyev və bütün kollektiv adından salamlayaraq canlı yayıma razılıq verdiyinə görə təşəkkür edib.

Yazıçı ilk növbədə kitabxana ilə bağlı uşaqlıq xatirələrindən, mütaliəyə hədsiz həvəsindən söhbət açıb. Sonra qonaq müasir dövrdə ənənəvi mütaliənin virtual mütaliəyə keçidindən, pdf formatında və audio versiyada olan kitabların daha geniş kütlə tərəfindən qəbul olunmasından danışıb.

Canlı yayımda ənənəvi jurnalistikanın hazırkı vəziyyəti, televiziya məkanı, sosial şəbəkələr, xəbər portalları, virtual platformalarda müxbir fəaliyyəti və s. bu kimi mövzular da müzakirə edilib. Aydınxan Əbilov “kulturologiya” termini haqqında danışıb, bu sahənin fəlsəfədən sonra ikinci geniş elm olduğunu, insandan yüksək intellekt, geniş erudisiya tələb etdiyini söyləyib, kulturologiya ilə sənətşünaslıq arasında olan fərqdən danışıb. Qonaq Azərbaycanımızın hərbi sahədə qazandığı qələbə mövzusuna və Şuşa şəhərinin İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsinə dair olan fikirləri ilə bölüşüb. Bu il “Qarabağ bülbülləri” ansamblının 50 illik yubileyi ilə əlaqədar olaraq Gənclər Fondu ilə həyata keçirəcəkləri layihələr-kitab-audio kitabın hazırlanması və “Yaralı səs” adlı filmin çəkilişindən bəhs edib.

Sonda Aydın Xan Əbilov Mədəniyyət Nazirliyinin tabeliyində olan bütün kitabxanaların əməkdaşlarına uğurlar arzulayıb, Gənclər Kitabxanasına isə canlı yayımın təşkilinə görə minnətdarlığını bildirib.

Yazıçı, kulturoloq Aydın Xan Əbilov ilə olan canlı yayıma aşağıdakı keçid vasitəsilə baxa bilərsiniz:

https://www.instagram.com/p/CMASXQwiw4r/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir