“Azərbaycan ailələrinə sonsuzluq pandemiyadan çox təsir edib” – YYSİB sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilovdan həyəcanlı fikirlər
“Son illər dünyada, o cümlədən, Azərbaycanda sonsuz ailələrin sayı elə sonsuza qədər artır. Bir çox inkişaf etmiş ölkələr bununla əlaqədar çoxdan dövlət proqramları qəbul ediblər. Bu və digər formada sonsuzluğun aradan qaldırılması və yaranmaması üçün ailə mərkəzləri, beyin mərkəzləri araşdırmalar aparır, akademik kitablar, məqalələr yazılır. Təəssüflər olsun ki, Azərbaycanda son illər bununla əlaqədar heç bir ciddi tədqiqat aparılmayıb”.
Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.
Onun sözlərinə görə, Azərbaycan ailələrinin böyük əksəriyyəti şaiyələrə, türkəçarəyə daha çox inanır, nəinki rəsmi səhiyyə nailiyyətlərinə: “Ona görə də azərbaycanlı ailələrə sonsuzluq pandemiyadan daha çox təsir edib. Son dövrlərdə gənclərin qida rasionuna nəzarət etməmələri, yarımfabrikatlar istehlak etmələri, oturaq həyat tərzi keçirmələri, soyuq havada modaya uyaraq mini yubka, cırıq şalvar geyinmələri, energetik və spirtli içkilərdən kifayət qədər çox istifadə edilməsi, eləcə də ekoloji mühitin pozulması cavan ailələrə öz mənfi təsirini göstərir. Bütün bunlar da sonsuzluğa aparır.
Dövlət qurumlarının bu baxımdan zəifliyi və TƏBİB-in bu yöndə apardığı araşdırmaların azlığı ona gətirib çıxartdı ki, artıq müxtəlik klinikalar, xəstəxanalar və ailə mərkəzləri süni mayalanma ilə bağlı həm xidmət göstərməyə, həm də ekspert rəyləri ilə cəmiyyətdə çıxış etməyə başladılar”.
Ekspert sözlərinə davam edərək bildirib ki, son zamanlar süni mayalanma ilə yanaşı, gənc anaların təbii doğuş etmək istəməmələri, əməliyyatla dünyaya gəlmiş uşaqların hərtərəfli inkişafı üçün zədələnmənin baş verməsi, əlillərdən ibarət uşaq ordusunun cəmiyyətdə böyük bir problemə çevrilməsinin şahidi oluruq: “Süni mayalanma ilə bağlı dünyanın bir çox ölkələrində həm tibbi, həm etik, həm də ictimai diskussiyalar var idi. Lakin sonda artıq cəmiyyət və dövlətlər qəbul etdi ki, süni mayalanma tibbin ən son nailiyyətlərindən biridir və ondan qorxmaq lazım deyil. Əksinə onu cəmiyyətin etik, milli və mənəci dəyərlərinə uyğunlaşdırıb ailələrin dağılmasının ən böyük səbəblərindən biri olan uşaqsızlığı aradan qaldırmaq lazımdır. Ona görə də süni mayalanmaya normal baxmaq lazımdır. Hesab edirəm ki, süni mayalanma ilə bağlı dövlət proqramı olmalıdır. Hətta bu yöndə İcbari Tibbi Sığorta tərəfindən ödənişsiz süni mayalanma xüsusi bir istiqamət olaraq inkişaf etdirilməlidir”.
Ləman Sərraf