“Zorakılıq halları ört-basdır edilməməlidir” – YYSİB sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov sərt tənqid etdi…
“Ümumiyyətlə, bütün dünyada hər hansı bir formada zorakılıq və təzyiq pislənilir. Buna məruz qalan insanlar cinslərə bölünmür. Əvvəlki dövrlərdə uşaq zorakılığı, ailədaxili şiddət və s. fərqləndirilirdi. Lakin indi BMT-nin müəyyən aktlarından sonra, xüsusilə də artıq orta cinsin bir varlıq olaraq qəbul edilməsindən sonra beynəlxalq təşkilatlar bu və digər formada zorakılığın bütün insanlara aid olduğu və onun yeni formalarının yarandığını elan etdilər. Azərbaycanda Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin son brifinqində məsul əməkdaşların bildirildiyi kimi dəstək xəttinə müraciət etmiş 34 kişinin zorakılığın müxtəlif növünə məruz qaldığı artıq təsdiqlənib”. Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.
Onun sözlərinə görə, sosial şəbəkələrdən, internetdən, xüsusilə də bir çox “Teleqram” səhifələrindən də göründüyü kimi bu, yalnız həyat yoldaşları, ataları, qaynana və ya qaynataları tərəfindən fiziki zorakılığa məruz qalan kişilərə aiddir: “Əslində, onların sayı həddindən artıq çoxdur. Monitorinqlər nəticəsində məlum olur ki, təhsil müəssisələrində oğlan tələbələr, hərbi hissələrdə zabitlər və əsgərlərin arasında olan münaqişələr də zorakılığın bir növü kimi qəbul edilməlidir. Eyni zamanda, ölkənin müxtəlif yerlərində zorakılığa məruz qalan cinsi azlıqların sayının həddindən artıq olmasını müşahidə edirik. Bu və digər dərəcədə iş yeri və xidmət sahəsində baş verən zorakılıqların da sayı getdikcə çoxalır. Təəssüf ki, bəzən bunlar açıqlanmır və üstündən ötəri keçilir. Məsələn, sərhəd qoşunlarında artıq neçənci dəfədir ki, əsgərin yoldaşı tərəfindən güllələnməsi və intihar faktları ilə rastlaşırıq. Onlar bunu gizlətmir və açıq şəkildə mətbuata bildirirlər. Bu, yaxşı haldır”.
Ekspert sözlərinə davam edərək bildirib ki, orta və ali məktəblərdə oğlan uşaqları cinsi orientasiyasına, fiziki zəifliyinə, fərqli dini məzhəbə qulluq edən valideyninə, əlilliyinə görə psixoloji-mənəvi ayrı-seçkiliyə məruz qalırlar: “Bunlar isə statistikada yoxdur. Əgər bizim gözümüzün qarşısında hansısa gənc müxtəlif səbəblərə görə zorakılıq və ya təzyiqə məruz qalırsa, cəmiyyət olaraq onu müdafiə etməliyik. Çox təəssüfləndirici haldır ki, son vaxtlar bu məsələlərdə dövlət qurumlarının nümayəndələri, siyasi partiyalar, deputatlar cəmiyyətə xoş olmayan mesajlar ötürürlər. Bu və ya digər dərəcədə bir çox yerində olmayan məmurlar onlara zorakılıqla bağlı müraciət etmiş kişi və ya qadınları statistikadan kənar qoymağa çalışırlar. Bunlar cinayət faktına aparıb çıxarır. Cinsiyyətindən asılı olmayaraq insanlara qarşı edilmiş zorakılığı hamılıqla pisləmək lazımdır”.
Ləman Sərraf,