“Bu gün bəzi qadınlar məşuqları ilə birləşərək ərlərinin pulunu alır, onu döyür, öldürür”: YYSİB sədri Aydın Xan Əbilovdan kəskin mövqe
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinq keçirilib. Brifinqdə bildirilib ki, Azərbaycanda kişilərin zorakılığa məruz qalması halları çoxalıb. Onlar zorakılığa məruz qaldıqları barədə aidiyyəti qurumlara müraciət ediblər.
Bəs, Azərbaycanda kişilərə qarşı zorakılığın artması nədən qaynaqlarır?
AZXEBER.COM mövzu ilə bağlı Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilovun da münasibətini öyrənib.
Onun sözlərinə görə, bütün dünyada hər formada zorakılıq, təzyiq pislənilir. Buna məruz qalan insanlar cinslərə bölünmür:
“Əvvəlki dövrlərdə uşaq zorakılığı, ailədaxili zorakılıq, qadınlara, yaşlılara, kişilərə, cinsi azlığın nümayəndələrinə psixoloji, fizioloji zorakılıq fərqləndirilirdi.
Cinsi azlıq nümayəndələrin hüquqlarının talanmasından sonra beynəlxalq insan hüquqları təşkilatları zorakılığın bütün insanlara aid olduğunu elan etdilər. İnternetdə nifrət aşılanması, zorakılıq, qısnamalar pislənməyə başlanıldı. Azərbaycanda da kişilərin zorakılığa məruz qaldığı halların artdığı təsdiqlənib.
Bura qaynanaları, qaynataları tərəfindən fiziki təzyiqlərə, zorakılığa məruz qalan kişilər aiddir. Əslində, bunların sayı həddindən artıq çoxdur. Bizim araşdırmamız, mənə edilən müraciətlərə əsasən deyə bilərəm ki, kişilərə qarşı zorakılıq yalnız bununla kifayətlənmir”.

Aydın Xan Əbilov qeyd edib ki, orta məktəblərdə, universitetlərdə, hərbi hissələrdə hərbiçilər və zabitlər arasında olan münaqişə də zorakılığın bir forması kimi qəbul edilməlidir:
“İş yerlərində, xidmət sahəsində də kişilərə qarşı zorakılığın sayı çoxalır. Ali və orta məktəblərdə oğlan uşaqları cinsi orientasiyasına, fiziki zəifliyinə, əlilliyinə, dini insancına görə ayrıseçkiliyə məruz qalırlar. Azərbaycanda kişilər həyat yoldaşları tərəfindən baltalanır, öldürülür, zəhərlənir.
Onlar öz məşuqları ilə birləşərək həyat yoldaşlarının pulunu, var-dövlətini yağmalamaq üçün onları öldürürlər. Polisə isə itkin düşmələri haqqında müraciətlər edirlər”.
Yazıçı-kulturoloq cəmiyyətin bu hallar qarşısında səssiz qalmamasının vacib olduğunu vurğulayır:
Sual vermək lazımdır ki, qonşuları, qohumları, imkanlı şəxslər tərəfindən döyülən, müdriyyət tərəfindən söyülmüş oğlan uşaqlarını və digər vətəndaşlarımızın hüquqlarını necə qoruyuruq? Biz bu vəziyyətdə hansı sivil dəyərlərdən dəm vururuq? Gözümüzün qarşısında geyiminə görə təzyiqə məruz qalan hansı gənci müdafiə etmişik? Təəssüf edici haldır ki, son vaxtlar bu məsələlərdə ictimaiyyət nümayəndələri, siyasi partiyalar, deputatlar belə nifrət dolu çıxışları ilə cəmiyyətə heç də yaxşı mesajlar ötürmürlər. Biz maksimum çalışmalıyıq ki, gənclərimiz, vətəndaşlarımız dünyada olan sivil formatlı insan münasibətlərə üstünlük versinlər”.
Şəbnəm Zahir