Qadınlar və kişilərə bölünmə!? Toylarımızda yeni qadağa? YYSİB sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov: “Türkiyədəki qadağa sbsurd yanaşma sayılmalıdır!”

Bunu “Sherg.az”a YYSİB sədri, yazıçı-kulturoloq Aydın Xan ƏbilovTürkiyənin Bursa şəhərində yeni qadağanın qüvvəyə minməsindən danışarkən bildirib.

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri,  kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, Prezident təqaüdcüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov isə vurğulayıb ki, son vaxtlar Türkiyədə gedən proseslər nəinki qardaş ölkə, həmçinin türk dünyası və Azərbaycan üçün də önəmli, təsiredici hadisələr kimi qəbul edilə bilər:

“Türkiyədə xüsusən də, ərəbyönümlü dini kəsimin get-gedə güclənməsi və artıq digər xalqların, əsasən də, ərəbdillilərin dini ehkamlarının Türkiyəyə tətbiq edilməsi heç də arzuolunan deyil. Türk dünyası və cəmiyyəti qadağa ilə bağlı etirazını bildirməlidir. Vaxtilə Azərbaycanda da qadın və kişi toyları ayrı olub. Amma artıq dövr dəyişib. Bir çox tələblər, dəyərlər var ki mütləq deyil. Azərbaycanda və Türkiyədə nişan, xına, toy kimi ənənəvi mədəniyyət hadisələri müəyyən mənada mərasim şəklində birləşdirilib. Kreativ sənayenin bir hissəsinə çevrilmiş toy mərasimləri eyniləşdirilərək qadın, kişi uşaq olmaqla keçirilir. İslam dininə etiqad edən cəmiyyətlərin içində ən sivil, inkişaf etmiş ölkələrdən biri olan Türkiyədə 1-2 əsr geri qayıtmaq nə dünyada, nə də türk cəmiyyətində qəbul ediləndir. Həmçinin türk cəmiyyətinin böyük hissəsini təşkil edən intellektuallar bu kimi qadağalardan qıcıqlana bilər. 

Qonşu İranda baş verən “çadra inqilabı” kimi kütləvi etiraz formasına gətirib, çıxarar. İndiki müasir dövrdə toylarda kişiləri qadınlardan ayırmaq, cinsi ayrıseçkiliyə yol vermək nəyə lazımdır?! Azərbaycanda da əvvəllər müşahidə olunan ayrıseçkilik cəmiyyətimiz modernləşəndən sonra aradan qaldırıldı. Həyat yoldaşım rəhmətə gedəndə Bakıda Təzəpir məscidindəki mərasim evində qadın və kişilərdən ibarət məclis qurduq. Normal məclis keçirildi, heç bir etiraz, problem olmadı. Hələ söhbət 2016-dan gedir. Bu, həm də israfçılığın qarşısını alır. Hətta dilimizdə belə insanlar cinsə bölünmür. Azərbaycan və Türkiyədə o qədər demokratik bir cəmiyyət formalaşıb ki, cins məfhumu nəinki dildə, düşüncədə belə yoxdur”.

Qeyd edək ki, Türkiyənin Bursa şəhərində yeni qadağa qüvvəyə minib. Bu barədə “Son Dakika” məlumat yayıb. Bildirilib ki, Karaağız mahalında qadın və kişilərin toy, xına və əsgər yolasalma məclislərində birlikdə əylənməsi “dini cəhətdən uyğun deyil” deyərək qadağan edilib.

Sücayət Mehti

https://sherg.az/cemiyyet/231286

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir