“İnsanlar möhkəm iradəyə sahib şəxslər olaraq böyüdülməlidirlər”. YYSİB sədri Aydın Xan Əbilov ağ ölümdən kəskin danışdı

“Tarixən yüngül həyat tərzinə səbəb insanda real həyatın ağırlıqlarını unutdura biləcək müvəqqəti olaraq zövqverici vasitələrdən istifadə hər zaman olub. Keçmişdə bu yalnız təbii otlar, müəyyən mənada psixoloji, mənəvi həzz verən təbii narkotik tərkibli bitkilərdən istifadə edilirdisə, indi artıq bu öz formatını da dəyişib. Sintetik, yarımsintetik, hətta musiqi, rəng, mobil tətbiqlər və internetdə saytların beyinə, psixologiyaya təsir edə biləcək formatda texnologiyalardan istifadə etməklə də insanlar həzz almağa çalışırlar”. Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Prezident təqaudcüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.
Onun sözləriə görə, bu məsələ hər zaman sosioloq, psixoloq, həkim və tədqiqatçıları düşündürən məsələlərdən biri olub: “Çünki insanlar nəticələrinin pis olacağını bildikləri halda özlərini bu odun içərisinə atırlar. Təbii ki, artıq bu prosesin qarşısını almaq mümkün deyil. İlk növbədə insanlar tərbiyə olunduqları dövrdə möhkəm iradəyə sahib şəxslər olaraq böyüdülməlidirlər.

Keçmişdə, diktatorların hakimiyyətdə olduğu dövrdə narkotikdən istifadə demək olar ki, minimuma endirilmişdi. Çünki ondan istifad edən şəxslər cəzalandırılır və cəmiyyətdən təcrid edilirdilər. Amma müasir dövrdə liberal dəyərlər üstün götürülür və fərdin sərbəstliyi ön plana çıxarılıb. Xüsusən də narkotik və xüsusi narkotik vasitələri yaymaqla milyardlar qazanan şəbəkələrin yaranmasına səbəb olub. Hansı ki, bəzi dövlətlər buna göz yumur, bəziləri isə bununla mübarizə apara bilmirlər. Kolumbiya və Əfqanıstan təcrübəsi də bunu bir daha sübut edir. Bir çox araşdırmaçılar deyirlər ki, zamanında təhsil alıb, elmlə məşğul olan, peşəkarlaşmış insanlar narkotikin verdiyi zövqün bir hissəsini aldıqlarına görə narkotikə qurşanmırlar. Amma bu da mübahisəli məsələdir. Çünki dünyanın ən məşhur insanlarının narkotikdən istifadə etdiyinin şahidi olmuşuq.

Keçmişdə ot və digər narkotik vasitələrdən uşaqları yatırtmaq üçün südün içərisinə qatıb verirdilər. Lakin bu onların narkoman olduqları anlamına gəlmir. Cəmiyyət onları elə formalaşdırırdı ki, xoşagəlməz əməldən əl çəkməli olurdular. Lakin təəssüflər olsun ki, bu müasir dövrdə belə deyil. Hətta dövrümüzdə bəzi ağır dərmanlar var ki, onlar da narkotik tərkiblidir. KİV mütləq şəkildə narkomaniyanın dəhşətli bəla olması ilə bağlı daim cəmiyyəti məlumatlandırma, videoçarxlar vasitəsilə bu əməldən yayındırmağa çalışmalıdır”.

https://sia.az/az/news/social/1068987.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir