“İndi də bina evlərinin haram olması fətvasını verirlər…” – YYSİB sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilovdan sərt mövqe

İranın tanınmış din xadimlərindən olan Ayətullah Cəfər Sübhani deyib ki, bina evlərinin tikilməsi və orda yaşamaq şəriət qaydalarına ziddir, haramdır. O bildirib ki, İran vətəndaşları üçün villalar, həyət evləri inşa edilməlidir. Din xadimin bu fikirləri Azərbaycan ictimaiyyətində də birmənalı qarşılanmayıb. 

Bununla bağlı Pravda.az-a fikirlərini bölüşən tanınmış kulturoloq Aydın Xan Əbilov deyib ki, qonşu İranda, o cümlədən Türkiyədə çox mənasız, fırıldaqçı, “din elmi” adı altında savadsız kütlənin, ərəb dilini, İslam mədəniyyətini, sivilizasiyasını, elmini, ədəbiyyatını bilməyən şəxslərin başını qatmaq üçün ağızlarına gələn hər şeyi deyirlər.

Onun sözlərinə görə, bir çox ölkələrdə olduğu kimi, İranda da müxtəlif din xadimləri verdikləri fətvalarla bəzən müsəlman cəmiyyətində və dünyada gülünc obyektinə çevrilirlər: “Vaxtilə hansısa yazıçının ən kəskin fikirlərinə, yazısına görə ona ölüm hökmü verirdilər, indi isə bina evlərinin haram olması fətvasını verirlər. İnsan olmaq, sivil olmaq, təmiz, saf yaşamaq lazımdır. Planetin tükənən resurslarını məhv etməmək, yaşıllığı, ağaclığı kəsməmək lazımdır, nəinki bina, yaxud həyət evində yaşamaq. Bir alimin bina evində yaşamasını haram sayırsınız, halbuki bu alim nə içir, nə pislik edir, nə rüşvət alır, nə də xalqın qanını içir. Belə olan halda, hər hansı fırıldaqçının, narkomanın, şərab içənin həyət evində yaşamasını necə elan edə bilərsiniz? Bu nə məntiq, bu nə düşüncə tərzidir? Ümumiyyətlə, nəinki İranda, Türkiyənin özündə, Səudiyyə Ərəbistanında, başqa ərəb ölkələrində, təzəlikcə Avropa ölkələrində yaşayan İslam camiyəsinə aid inanclı insanların dini rəhbərləri sayılan, amma savadında şübhələrimiz olan şəxslərin müxtəlif bəyanatları, fətvaları bir daha sübut edir ki, İslam cəmiyyəti artıq savadsız, mənasız mollalara, din adı altında ruhaniyyətlə pul qazanan, siyasətə xidmət edən insanlara deyil, alimlərinə, intellektuallarına dəyər, qiymət verməlidir, alimin sözünü əsas götürməlidir. Hansısa din xadiminin gecə yatıb, səhər durub ağlına, ağzına gələni dilə gətirməsinə fikir vermək lazım deyil. Əksinə, təcrübələrlə, elmi kitablarla, analizlərlə dünyanı heyrətləndirən İslam alimlərinə, qeyri-islami alimlərə fikir vermək lazımdır”. 

A.Əbilovun sözlərinə görə, İslam sivilizasiyasının böhranı onda başlayıb ki, xüsusən Azərbaycan və türkdilli məkanlarda olan mollalar, din xadimləri İslam elmini, ərəb dilini, o cümlədən dünya elmini, ədəbiyyatını, mədəniyyətini özlərinə yaxın buraxmayıb, oxumayıblar: “Savadsız kütlənin savadsızlığından istifadə edib, ağızlarına, ağıllarına gələni danışmağa başladılar. Bu da bizdə İslam cəmiyyətlərinin inkişafında böyük problemlər yaratdı. Orta əsrlərdən etibarən İslam sivilizasiyası öz böhran mərhələsinə qədəm qoydu, indiyə qədər də bu böhrandan çıxa bilmir. Dönə-dönə bununla əlaqədar müxtəlif vaxtlarda fikirlər səslənməsinə, mübahisələr olmasına, addımlar atılmasına baxmayaraq, İslam dünyasının görkəmli elm və təhsil xadimləri söylədikləri müstəqil fikirlərə görə cəzalandırıldılar. Digərləri də onlardan ibrət dərsi götürüb, susqunluğu üstün tutdular, gizli elmlərə baş qoşmağa başladılar…”

Aytəkin Qardaşova,https://pravda.az/news/118048

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir