İnsanlar niyə bahalı telefona meyil edir? – YYSİB sədri Aydın Xan Əbilov və ekspertlərin cavabı
Hər bir ölkədə olduğu kimi, Azərbaycanda da bahalı mobil telefonlara böyük məbləğdə vəsait ayıran, bunu prestij hesab edən insanlar var. Bəzən bu addımı atanlar arasında maddi vəziyyəti yaxşı olmayanlara, prestij üçün kredit yükünün altına girənlərə də rast gəlinir. Bəs, insanlar bahalı mobil telefonu niyə alırlar? Bunun psixoloji tərəfləri varmı?
“Uzun müddətdir ki, bütün dünyada minimalizm bir dəb halını alıb. İnsanlar minimal şeylərlə yeniliklər etməyə və bu yeniliklərlə digərlərini təəccübləndirməyə çalşırlar. Bildiyiniz kimi, dünyanın təbii sərvətləri tükənir. Bununla əlaqədar ekoloqlar, ictimai xadimlər, jurnalistlər, alimlər həyəcan təbili çalır. İnsan sayı artdıqca onun tələbatı da artır. Ona görə də insanlar minimalist düşüncə və yaşam tərzinə keçməlidir. Amma nədənsə biz Azərbaycanda bunun şahidi olmuruq. Ölkəmizdə mobil telefon, kompyuter, paltaryuyan maşınlar, avtomobillərlə bağlı düşüncələrə nəzər salsaq, görərik ki, cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq insanlar ayaqlarını yorğanına görə uzatmır. Bahalı və iri zallarda toylar keçirir, yüksək qiymətli maşınlar, mobil telefonlar, paltarlar alırlar”. Bu sözləri məsələ ilə bağlı SİA-nın sorğusuna cavab olaraq VCA və YYSİB sədri yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.
O bildirib ki, indi yeniyetmələr valideynlərini kredit almağa vadar edərək bahalı smartfonlar aldırırlar: “Bunu prestij kimi görürlər. Bütün dünyada belə hal gülünc görünür. İnsanların hər hansı bir aləti özlərinin xeyrinə istifadə etdikləri bir zamanda bizim millətin yersiz şəkildə sağa-sola pul xərcləyərək daha sonra maliyyə problemləri yaşayırlar. Bu, yalnız smartfonlar deyil, həmçinin geyimlər, ziynət əşyaları, avtomobillər və s. ilə də bağlıdır. Camaat nə deyər düşüncəsi ilə atılan addımlar nəticədə insan şəxsiyyəti və mənəviyyatının aşınmasına gətirib çıxarır. Düşünürəm ki, artıq belə şeyləri geridə qoymaq lazımdır”.
Mövzu ilə bağlı münasibət bildirən psixoloq Aytən Ələkbərova qeyd edib ki, həqiqətən də bu gün bahalı telefonlar və nömrələr gündəmdədir:
“Məsələn, bəzi biznes sahibləri belə bahalı telefonlar yaxud nömrələrdən reklam məqsədiylə, öz işlərini, məhsullarını ictimaiyyətlə bölüşmək üçün istifadə edirlər. Bu, diqqəti çəkmək və yaddaşda qalmaq məqsədi daşıyır. Əslində, bu, psixoloji olaraq normal davranışdır. Bəzi insanlar elə düşünür ki, yekəxanalıq etməkdən ötrü belə bahalı şeylərdən istifadə edirlər. Amma heç kim fikirləşmir ki, həmin adamlar həmin telefonun funksiyaları sayəsində nələr əldə edə bilir. Bu psixoloji düşüncə ilə insanlar bahalı mobil telefonlara üstünlük verirlər”.
Ləman Əlizadə,
https://sia.az/az/news/social/1055463.html

