Cavanşir Məmmədov əsəbləsdi: “Sizinlə o dünyadan danışıram, necəsiniz? O gün olsun, siz də gələsiniz mənim yanıma”

Taninmis sənətkar, Azərbaycanın Əməkdar artisti Cavanşir Məmmədov bəzi xəbər saytlarında “Cavanşir Məmmədov  toyda çıxış edərkən qəfil öldü” başlığı ilə xəbərlərin yayılmasına münasibət bildirib.

Tanınmış müğənni müsahibəsində bu cür xəbər yayan saytları tənqid edib.

“Hansı sayt yazıb? Verək məhkəməyə, pulunu alaq. Zəng edirlər, deyirlər ki, “Cavanşir müəllim, sizsiniz? Necəsiniz? Bağışlayın, səhv düşdük, elə-belə narahat etdik”. Jurnalist belə deməlidir. Sabah televiziyada çıxışım var, “Bizimləsən” verilişində hamınızı “yuyub-sərəcəyəm”. Bu xəbəri qoyan saytlara iradı elə siz bildirməlisiniz. Sizinlə o dünyadan danışıram, yaxşıyam, siz necəsiniz? O gün olsun, siz də gələsiniz mənim yanıma. Siz heç dərk edirsiniz ki, nə deyirsiniz? Siz böyük bir sənətkarla danışırsınız. Deyin ki, Cavanşir müəllim, məlumat səhvdir, çox şad olduq, sizinlə danışdıq. Mənə yox, o sayta zəng edib desinlər ki, ayıb olsun, utanın, yerə girin. Heç o xəbərdə yazılıb ki, “müğənni Cavanşir Məmmədov, yaxud Əməkdar artist rəhmətə gedib?” Qələt edib elə başlıq qoyublar. Gedin bunu hara deyirsiniz, deyin. Özünüzü yığışdırın, bilin kimlə danışırsınız, necə danışırsınız. 53 ilin sənətkarıyam mən, heç sizin 53 yaşınız yoxdur. Sabah hamısını televiziyada deyəcəyəm, eşidərsiniz. Telefonda gülə-gülə mənimlə dilxoşluq da edirlər. Allah mənə can sağlığı nə qədər verib, özü bilər. O sayta deyin ki, utanın, millətimizə düşmən yaranmısınız. Belə jurnalist olmaz. Gör nə gündəsiniz… Mənə yox, bunu yazan saytlara zəng edib boş başlarına başa salın ki, elə başlıq qoymaq olmaz. İstinadən hamısı yazıblar, nənə babadan… Min dənə Məmmədov Cavanşir var, niyə xəbəri mənə aid edirlər? Oxucu bilmir, siz başa salın. Oxucunun biri mən. Sabah efirdə deyəcəyəm ki, Allah eləsin, o xəbəri yazan elə özü o dünyaya getsin, mən də o dünyadan ona salam deyirəm, amma oturmuşam burda. Deyəcəyəm ki, heç bir saytı oxumayın, hamısı yalan, şişirtmə yazırlar. İstəyirlər ki, tamaşaçı oxusun, bir-iki manat saytlarına pul getsin. Ona görə də camaat saytları oxumur…”, – müğənni bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir