Mədəniyyət nazirlikləri sistemində bu qədər korrupsiyanın mənbəyi nədir? Bakı və Naxçıvan nümunələri… YYSİB sədri Aydın Xan Əbilovdan sərt mövqe

Aydın Xan Əbilov: “İctimai nəzarət olmadığı, şəffaflıq təmin edilmədiyi üçün hər iki Mədəniyyət Nazirliyinə ayrılan milyardlarla vəsait keçmiş nazirlər və nazir müavinləri səviyyəsində talanıb”…
img

Dövlətin mədəniyyət siyasətini həyata keçirməli olan Mədəniyyət Nazirliyində keçmiş nazirlər, nazir müavinləri, dövlət xidmət rəhbəri səviyyəsində hansı işlərlə məşğul olunduğu çoxdan məlumdur. 

Mədəniyyət Nazirliyi sistemində baş verən korrupsiya halları ciddi müzakirə mövzusudur. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində baş verənlər bəs deyilmiş kimi, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyində də oxşar korrupsiya halları müşahidə edilib. Məlum olub ki, Muxtar Respublikanın Mədəniyyət Nazirliyində də nazir səviyyəsində korrupsiya cinayətləri baş verib.

Bu günlərdə Naxçıvan Muxtar Respublikasının (MR) mədəniyyət naziri vəzifəsindən azad edilən Natəvan Qədimova bir müddət əvvəl evində çalışdırdığı xidmətçiyə büdcədən maaş verməsi ilə gündəmə gəlib.

Qaynarinfo xəbər verir ki, həmin olayla bağlı yayılan məlumatda Natəvan Qədimovanın Naxçıvan MR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun yaxın çevrəsinə daxil olduğu iddia edilir.

Ötən ay isə mediada Natəvan Qədimovanın dəbdəbəli villaları ilə bağlı məlumat yayılıb. İddialara görə, o nazir vəzifəsinə təyinat alandan bir müddət sonra Naxçıvan şəhərində özünə dəbdəbəli villalar tikdirib. Həmçinin Bakıda özünə lüks mənzil alıb. Yayılan məlumatlarda Natəvan Qədimovanın Naxçıvanda obyektlərinin olduğu da vurğulanıb. Bildirilir ki, keçmiş nazirin Naxçıvan şəhərinin İstiqlal və Babək küçələrində mağazaları var.

Natəvan Qədimova nazir vəzifəsinə 2015-ci ildə təyin edilib. Həmin ilə qədər isə Mədəniyyət və Turizm Nazirliyində nazir müavini vəzifəsini tutub.

Naxçıvandakı mənbələr bildirir ki, Muxtar Respublikada yüksək vəzifələrdə əsasən Vasif Talıbova yaxın şəxslər təmsil olunub. Natəvan Qədimova da bu kateqoriyadandır.

Vasif Talıbov istefa verdikdən sonra onun vəzifədə olan yaxın ətrafının da işdən çıxarılmasına başlanılıb. Prosesin ləng getməsi Vasif Talıbova yaxın şəxslərin rəhbərlik etdiyi qurumlarda ciddi yoxlamaların aparılması ilə bağlıdır.

Kənardan Mədəniyyət Nazirliyi sistemi elə də varlı-karlı görsənmir, bəzən bu ən kasıb, maddi imkanları elə də geniş olmayan qurum təsiri bağışlayır. Nazirliyin özündə də hər zaman büdcə ilə bağlı giley-güzar edilir ki, bizə ayrılan pul kifayət etmir. Əslində isə, Mədəniyyət Nazirliyi büdcədən ən çox vəsait alan təşkilatdır, bu təbiidir, çünki onun strukturları çox genişdir. Mədəniyyət Nazirliyi kimi kənardan kasıb görsənən bir qurumda bu qədər rüşvət və korrupsiya halları necə yaranır? Mədəniyyət Nazirliyində dəfələrlə yoxlamalar aparılıb, keçmiş  mədəniyyət naziri vəzifəsini itirdi, iki nazir müavini vəzifəsindən kənarlaşdırıldı, biri həbs edildi, o biri isə istintaq müddətində bayırda qaldı. Dövlət hörmət edib Əbülfəs Qarayevi həbs etmədi, amma vəzifəsindən uzaqlaşdırıldı. Həbs edilən sabiq nazir müavini Rafiq Bayramov ulu öndər Heydər Əliyevin 100 iliyi ilə bağlı Prezidentin imzaladığı əfs sərəncamı ilə azadlığa çıxdı, amma  Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanov hələ də azadlığa çıxmayıb. Bütün bunlar hamısı korrupsiya hallarına görə yaşanan olaydır. Bu hadisənin müəyyən qədər oxşarı Naxçıvanda da baş verdi. Azərbaycanda və Naxçıvan MR-də kənardan kasıb görənən Mədəniyyət Nazirliyi sistemində bu qədər korrupsiya hardan yaranır? Necə olur ki, bu qədər vəsaiti asanlıqla talayırlar?

  • “Mətbuatda yazılanlara diqqət yetirsək görərik ki, Naxçıvanın sabiq mədəniyyət naziri də dövlət vəsaiti hesabına özünə yüksək şərait qurubmuş”

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri,  kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, yazıçı-kulturoloq Aydın Xan Əbilov “Azərbaycanda təhsil və səhiyyədən sonra geniş sahəni Mədəniyyət Nazirliyi və onun alt qurumları əhatə edir. Dəfələrlə Mədəniyyət Nazirliyində və onun alt qurumlarında baş verən korrupsiya və rüşvətxorluq halları ilə bağlı mətbuatda məlumatlar yayılıb. Bilirsiz ki, keçmiş nazir və nazir müavinləri, şöbə müdirləri, Dövlət Xidmətinin rəhbəri korrupsiyada suçlanaraq işdən çıxarılıb, bəziləri həbs olunub, bəzilərinin də işi hələ də prokurorluqdadır. Bütün bunlar bir daha sübut edir ki, mədəniyyət sektorunda korrupsiya halları olub. Mədəniyyət sektoru həm dövlətin qayğı və diqqəti ilə əhatə olunub, həm də ictimaiyyət bu sahəyə diqqət yetirir. Kənardan “kasıb, gəlirsiz” sahə kimi görsənsə də, əslində dövlət büdcəsindən mədəniyyət sektoruna, nazirlik sisteminə milyardlarla vəsait ayrılır. Bu vəsaitlər ona görə ayrılır ki, həm bu sektorda çalışanların əməkhaqları ödənilsin, həm mədəniyyət obyektləri saxlanılsın, həm də onlar əsaslı şəkildə təmir-bərpa edilsin. Demək istəyirəm ki, bu sahə hər zaman dövlətin diqqətindədir. Amma təəssüf ki, keçmişə boylananda görürük mədəniyyətin inkişafına ayrılan bu vəsait məqsədyönlü şəkildə xərclənməyib, ayrı-ayrı məmurların rifah halının yaxşılaşdırılmasına yönəldilib. Təəssüf ki, həm Bakıda, həm də Naxçıvanda Mədəniyyət Nazirliyinə ayrılan vəsait tam olaraq istiqamət üzrə xərclənməyib. Bu nazirliklərdə korrupsiya hallarının mövcud olması illərdir ki, müzakirə predmetidir. Yeni təyin edilən mədəniyyət  naziri bu məsələyə xüsusi diqqət yetirməlidir və korrupsiya hallarının baş verməməsi üçün tədbirlər görməlidir. Problemlər həddən artıq çoxdur.

Komanda dəyişir, nazirlər işdən çıxarılır, həbs edlənlər olur, amma problem köklü şəkildə həll edilmir. Bilirsiz ki, bu günlərdə həbsdə olan keçmiş nazir müavini əfvə düşdü.

Biz ictimaiyyət nümayəndələri olaraq bu sistemdə olan problemləri yaxşı görürük. Bu sahədə ciddi islahatlar aparılmalıdır. Naxçıvanda da oxşar problemlər yaşanır. Mətbuatda yazılanlara diqqət yetirsək görərik ki, Naxçıvanın sabiq mədəniyyət naziri də dövlət vəsaiti hesabına özünə yüksək şərait qurubmuş”.

A.X.Əbilovun fikrincə, hər iki Mədəniyyət Nazirliyində keçmişdə baş verən proseslər yenidən daxildə araşdırılmalıdır. Onun sözlərinə görə, bu gün sənət adamları, aktyorlar və s. arasında narazılıq çoxdur, onlar yaradıcı insanlara soyuq münasibətdən giley edirlər. Problemlərdən biri odur ki, nazirlik tərəfindən incəsənət adamlarına münasibət fərqlidir, bəzilərinə xüsusi münasibət bəslənilir, bəziləri isə kənarda qalır. O qeyd etdi ki, sənət adamlarına ögey münasibətə son qoyulmalı və onların haqları tapdanmamalıdır. Bu insanların qayğıya ehtiyacı olduğunu vurğulayan A.X.Əbilovun sözlərinə görə, yixarı instansiyalara siyahılar hazırlanıb göndərilərkən obyektivlik olmalıdır. Fəxri ad ala bilməyən sənət adamlarına ögey münasibətin illərdir davam etdiyini deyən müsahibimiz qeyd edir ki, yeni nazir bu giley-güzara son qoymalıdır və məmurların özbaşınalığına son qoymalıdır. Yerlərdəki incəsənət məktəblərində, musiqi müəssisələrində və başqa aidiyyəti təhsil ocaqlarında, teatrlarda və başqa sektorlarda baş verən korrupsiya, rüşvət hallarının qarşısının alınmalı olduğunu deyən müsahibimiz vurğuladı ki, bu köklü şəkildə həll edilməlidir. “Təəssüf ki, uzun illər mədəniyyət sahəsinə ayrılan vəsait keçmişdə  mədəniyyətə rəhbərlik edən şəxslər tərəfindən ciblərinə axıdılıb, bu pula özlərinə yüksək şərait qurublar. Onların başı korrupsiyadan ayılmayıb ki, mədəniyyət xadimlərinin qayğısına qalsınlar. Əlli iki yaşım var və ömrümün çox hissəsini mədəniyyətə həsr etmişəm. Amma indiyə qədər mənimlə maraqlanan olmayıb. Söhbət təkcə məndən getmir, onlarla insandan gedir ki, hansısa mədəniyyət məmurunun “qara siyahısına” düşüb. Mədəniyyət Nazirliyi sistemində mövcud olmuş korrupsiya halları ilə bağlı ilk növbədə nazirliyin nəzdində yaradılan ictimai şuranın mövqeyi olmalı idi. Amma biz bunu görmədik. Keçmiş nazirin dövründə bir oyuncaq seçki keçirildi və məmurlar öz istədikləri adamları şuraya seçdilər. Onlar Mədəniyyət Nazirliyinə, bu qurumun strukturlarına, mədəniyyət məmurlarına nəzarət etmədiklərinə, sözlərini deyə bilmədiklərinə görə bu məsələlər bir az da kəskinləşəcək. Hər dəfə də oxşar hadisələr baş verəcək, dövlətin pulları ciblərə axıdılacaq, korrupsiyaya görə məmurlar həbs ediləcək, yenə probelmlə pəncə-pəncəyə qalacağıq. Biz deyirik ki, niyə “Avroviziya”da yer tuta bilmirik, niyə “Oskar”, “Nobel” alanımız yoxdur. Əlbəttə, bu halın tam qarışısı alınmasa yaxşı heç nədən danışa bilmərik. Uzun illər hər iki Mədəniyyət Nazirliyində dövlətin pulu talanıb, amma ictimai şuranın üzvləri bir dəfə də olsun səslərini çıxarmayıblar. Bu gün ictimai şura lazımsız, təsirsiz bir təsisatdır. İctimai Şura ləğv edilib  ekspertlər şurası yaradılmalıdır, onlara qonorar ödənilməlidir ki, bu məsələdə nazirliyin məmurlarına nəzarət etsinlər, eyni zamanda da onların işlərini şəffaf şəkildə qurması üçün onlara dəstək olsunlar…İctimai nəzarət olmadığı, şəffaflıq təmin edilmədiyi üçün hər iki Mədəniyyət Nazirliyinə ayrılan milyardlarla vəsait keçmiş nazirlər və nazir müavinləri səviyyəsində talanıb. Onlar cəzalandırılıblar, amma bu əsas vermir ki, gələcəkdə bu problem olmayacaq. Ona görə də, ictimai nəzarət gücləndirilməlidir və ekspertlər şurası formalaşdırılmalıdır”-deyə A.X.Əbilov qeyd etdi.

İradə SARIYEVA,https://www.baki-xeber.com/sosial/166288.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir