“Bu hərəkətə cəhd edənlər ağır cinayət məsuliyyətinə cəlb olunmalıdır” – Ekspert, YYSİB sədri Aydın Xan Əbilovdan sərt ictimai-hüquqi təpki
“Son vaxtlar Azərbaycanda yol qaydalarını, nizam-intizamı pozan sürücülərin sayının getdikcə artdığını müşahidə edirik. Praktika göstərir ki, bir insanın etdiyi qayda pozuntusu sanki xəstəlik kimi digərlərinə də yayılır. Sanki hər kəs qanunsuzluğun nüsxəsini çıxarmağa çalışır”.
Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.
Onun sözlərinə görə, indi belə bir tendensiya yaşanır: “Çünki onlar cəzasızlıq sindromu yaşayırlar. Əgər insanlar bir neçə dəfə qayda pozuntusu edib qanuna arxa çevirirsə, onlar mütləq cəzalandırılmalıdır ki, başqalarına da örnək olsun. Bu, sadəcə inzibati cəza olmamalıdır. İkinci dəfə təkrarlanan hadisəyə görə daha ağır cinayət məsuliyyətinə cəlb olunmalıdır. Sürücülük vəsiqəsi alınmalı, geri qaytarıldıqda isə ciddi imtahan olunmalıdır. İnsanlar cəzanın ağırlığından qorxub bir daha belə hadisələr törətməzlər”.
Ekspert sözlərinə davam edərək bildirib ki, bu hallar daha çox ictimai nəqliyyatın bir qolu olan taksilərdə baş verir: “Belə mənfi hallar insanlara, xüsusən də gənclərə təsir göstərir. Onlarda belə bir fikir formalaşır ki, başqası edirsə, mən niyə etməyim ki?! Bunun qarşısını almaq üçün ictimai qınaq, maarifləndirmə işləri olmalıdır”.
Ləman Əlizadə, https://sia.az/az/news/social/1056982.html