YYSİB sədri Aydın Xan Əbilov: “Bəh-bəhlə toy olur, lakin qız evi kasıbdırsa, lazımi qədər cehiz gətirməyəndə oğlan evi bunu bəhanə edir”

“Azərbaycanda mental dəyərlərdən irəli gələn belə bir fikir var ki, oğlan evi toyun xərclərini çəkməlidir, yaxud qarışılıqlı razılaşma şəklində qız, oğlan toyu, nişan, xınayaxdı xərci müştərək çəkilməlidir. Bəzi islahatlardan sonra toylar birləşdirildi, ya da oğlan evi öz xərcini, qız evi də öz xərcini ayrıca çəkdi və toya öz adamlarını çağırıb atılan nəmərə görə qismən xərclərini ödəyə bildilər. Amma bizdə daşınar və daşınmaz mülkiyyətə, var-dövlətə, xüsusən qızın qətirdiyi cehizə görə böyük problemlər yaşanır. Bəh-bəhlə toy olur, lakin qız evi kasıbdırsa, lazımi qədər cehiz gətirməyəndə oğlan evi bunu bəhanə edir, qalmaqallar başlayır. Əvvəl-axır bu nikah boşanma ilə nəticələnir. Yaxud əksinə, oğlan evi bahalı zinət əşyaları, qızıl komplekt, şubalar, paltarlar gətirməyəndə qız evi qalmaqal yaratmağa başlayır. Münaqişələr iki gəncin həyatında böyük psixoloji gərginliyə, ya da boşanmaya səbəb olur”.

Bu sözləri Pravda.az-a müsahibəsində

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, tanınmış yazıçı kulturoloq Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, cəmiyyətdəki bu gərginlik illərdir, davam edir: “Nə qız, nə də oğlan tərəfi böyük qır-qızıla, cehizə o qədər də əhəmiyyət verməməlidir. Əksinə, hər iki tərəf toyda yığılan pullarla övladları üçün ev almalıdır, ya da kiçik də olsa, iş yeri qurmalıdır ki, gənc ailə özünü iqtisadi baxımdan dolandıra bilsin. Bizdə isə cehizə 30-40 min pul verilir. Sabah boşanma olanda həmin cehizi aparmağa yerin də olmur. 10 minə apardığın mebeli geri qaytaranda heç adama min manat da vermirlər. Brilliantlarla bəzədilmiş bahalı zinət əşyaları alınır, amma ayrılanda zinət əşyaları “lom” kimi yenidən qram-qram satılır. Bəzən 15 minə aldığınız hansısa zinət əşyasını 1000-2000 manata da sata bilmirsiniz. Ekonomik düşüncə tərzi olmadan atdığımız addım əvvəl-axır gənclərimizin həyatında böyük problemlər yaradır. Ona görə də dövlətin qərarı ilə artıq nikah üçün həm sağlamlıq kağızı istənilir, eyni zamanda məcburi qaydada olmasa da, hər iki tərəfin tələbi ilə nikah müqaviləsi deyilən sənəd imzalanır. Bu sənəddə də birgəyaşayış, toydan əvvəl və sonra qazanılan var-dövlətlə bağlı bəndlər qoyulur ki, kimin nəyə haqqı daha çox çatacaq, yaxud hüquqlar nə qədərdir? Təəssüf ki, vətəndaşlar buna fikir vermirlər. İndi boşanmaların böyük əksəriyyəti sosial məsələlərlə yanaşı, həm də iqtisadi bölügünün olmaması, eyni zamanda qız tərəfindən cehiz gətirilməməsi, oğlan evi söz versə də, evlənəndən sonra təzə evə köçə bilməməsindən qaynaqlanır. Başa düşə bilmirəm, valideynlərimiz öz övladlarının xeyrini, xoşbəxtliyini istəyirlər, yoxsa kənardan baxıb “təmtəraqlı böyük bir şadlıq evində min nəfərlik toy etdim”, “mənim uşağım dörd otağın dördünü də bəzəyib, cehiz gətirib”, yaxud “oğlum qız üçün çox bahalı zinət əşyaları aparıb” deyərək başqalarına bunları nümayiş etdirmək istəyirlər? Yoxsa onları övladlarının taleyi maraqlandırır? Nə qədər ki bu məsələlərə önəm verməyəcəyik, insani münasibətlər, sevgi-məhəbbət, gələcək ailənin, iki tərəfin də xoşbəxtliyinə yox, məhz maddi amillərə üstünlük verəcəyik, bu cür problemlər yaşanacaq. Azərbaycan cəmiyyəti istər qardaş Türkiyədə, istərsə də digər ölkələrdə olduğu kimi artıq toyu, ailə qurmağı yalnız ekonomik hadisə kimi qəbul etməsin. Evliliyə yalnız varlanmaq, başqalarına göstərmək üçün yox, həm də iki nəfərin xoşbəxtliyinin bünövrəsi kimi baxsınlar. Gənclərimiz ailə quran zaman özlərini xoşbəxt hiss edirlərsə, qalan şeylər ikinci-üçüncü dərəcəlidir. Cavanlarımızı tənbəlləşdirmək olmaz. Qoy evlənəndən sonra kirayələrdə qalsınlar, işləsinlər, cəmiyyəti inkişaf etdirsinlər, eyni zamanda özlərinin də ailələrini kiçik dövlət modeli kimi inkişaf etdirsinlər, varlansınlar, xeyrini isə həm özləri, həm də gələcəkdə dünyaya gətirdikləri uşaqlar görsünlər. Bizdə isə əksinədir. Ata-ana hər şeyi sona qədər edir, toyda da, toydan sonra da gənclərin həyatına müdaxilə edir. Demək olar, rəsmi nikahların yarısı boşanma ilə nəticələnir. Bu məsələləri bir qədər ciddi düşünməliyik, sağlam fikir ortaya qoymalıyıq. Fikrimcə, hər iki tərəf evlənərkən yalnız var-dövlət, cehizin, qızılın bahasını gətirmək haqqında yox, xoşbəxt olmaq haqqında düşünməlidir. Belə olan halda, məncə, problem də öz həllini tapacaq”. 

Aytəkin Qardaşova

https://pravda.az/news/112373

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir