“İndiki gənclər vorzakonları özlərinə kumir götürür” – VCA və YYSİB sədri yazıçı-kulturoloq Aydın Xan Əbilov

“Normal düşüncə sahibi insan imtahana silah, bıçaq və ya təsbehlə getməz. Ona görə də belə hallar mənə qəribə görünür. Əgər belə hal yaşanırsa və mediada bu tirajlanırsa, mövzu ətrafında ictimai müzakirə açmağa dəyər. Nəyə görə uşaqlarımız dövlət orqanlarına inanmır və hansısa əlisilahlı şəxslərdən özünü qorumağa çalışırlar. Doğrudur, nadir hallarda belə şeylər yaşansa da, bununla biz mübarizə aparmalıyıq”.

Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, mübarizə yolları sivil olmalıdır: “Sırf üzərindən bıçaq, təsbeh və s. tapılıb deyə uşağı imtahandan kənarlaşdırmaqla bütün həyatının üstündən xətt çəkmək də olmaz. Təhsil sistemi, tərbiyə və təlim təchizatları cəmiyyətdə hələ öz yerini tapmağa çalışan, amma səhv yolda olan uşaqların tərbiyəsi ilə xüsusi məşğul olmalıdır. Bununla əlaqədar, neomaarifləndirici işlər aparmalıyıq. Yeniyetmələrimiz ki silahlarla, kəsici alətlərlə əlimizdən çıxmaqdadır, o zaman biz onlara kömək olmalıyıq ki, belə hadisələr təkrarlanmasın. İmtahana bu kimi alətlərlə daxil olan abituriyentlərə nəzarətçilər sərt reaksiya verdikdə onlar bu alətlərdən istifadə də edə bilərlər”.

Aydın Xan Əbilov sözlərinə davam edərək bildirib ki, artıq KİV-də, sosial şəbəkələrdə yayımlanan xəbərlər ictimai şüura təsir edir: “Bu baxımdan Təhsil Nazirliyi, DİN, informasiya portalları və psixoloqların birgə konsepsiya xarakterli fəaliyyət planı olmalıdır ki, gənclərimizə kömək edə bilək və digər cəmiyyətlərdə baş verən mənfi hallarla rastlaşmayaq.

İllərdir biz deyirik ki, Azərbaycanda yeni nəslin tərbiyəsi, təhsili və onların mənəvi cəhətdən yetkinləşməsi üçün müəyyən boşluqlar buraxılıb. Bu boşluqlardan müxtəlif xarici ölkələrin qara qüvvələri çox yaxşı istifadə ediblər. Kinolar, kitablar, sosial şəbəkələr və s. vasitəsilə Azərbaycan gəncliyinə təsir göstərən böyük qüvvələr var. Onlar yalnız xaricdə deyil, həm də daxildədir. Mənəvi boşluqda qalan gənclər indiki dövrdə vorzakon, həbsxanada yatan, orada ad qazanan və ya brendləşdirilmiş insanları özlərinə kumir götürürlər. Vəziyyət o yerə çatıb ki, artıq gənclərimiz artıq ciblərində beşbarmaq, bıçaq, təsbeh və s. gəzdirir. Bu, problematik bir məsələyə çevrilib. Ona görə də birlik olub bu halların qarşısını almaq üçün əlimizdən gələni etməliyik”.

Müəllif: Ləman Əlizadə, https://sia.az/az/news/social/1047107.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir