“Artıq smart cihazlar insanı idarə etməyə başlayıb“ – VCA və YYSİB sədri, yazıçı-kulturoloq münasibət bildirdi
“Son illərin texnoloji yenilikləri durmadan cəmiyyətin ictimai şüuruna ciddi təsirlər göstərməyə başlayıb. Təbii ki, bu təsirlərin çoxluğunu müsbət təsirlər təşkil edir. Lakin mənfi təsirləri də göz ardı etməyimiz düzgün olmaz”. Bu sözləri SİA-ya açıqlamasında yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.
Onun sözlərinə görə, süni intellektin inkişafı əvvəl-axır insan cəmiyyətinin dəyişməsinə və yeni yaşam tərzinə aparıb, çıxarmalı idi: “Hansı ki, biz artıq bunu görürük. Bu yaxınlarda ABŞ-da süni intellektin çərçivəyə alınması ilə bağlı müraciət qəbul edərək, süni intellektin sürətli inkişafının insan gələcəyinə təsiri ilə bağlı yeni çağırış və müzakirələr səsləndirdilər. Doğurdan da, süni intellekt o qədər sürətli inkişaf edir ki, artıq ağıllı smart cihazlar insanı idarə etməyə başlayıb. Bu isə cəmiyyətdə etik problemlərə yol açır.
Əlbəttə, hər bir yeniliyin müsbətlərlə yanaşı mənfiləri də mövcuddur. Düşünürəm ki, süni intellektin insan beyninə çatmasına hələ bir müddət var. Lakin bu istiqamətdə ciddi araşdırmalar davam etdirilir. Lakin bu araşdırmaların nəticələrinin nə dərəcədə etik olması ilə bağlı debatlara ehtiyac var”.
Müəllif: Səbinə Hüseynli, https://sia.az/az/news/social/1046200.html

