Qarabağda vurulmuş İran sərnişin təyyarəsi – Araşdırma

1994-cü il martın 17-də Dağlıq Qarabağdakı terror birləşmələri tərəfindən Xankəndi üzərində İranın “Lockheed C-130 Hercules” təyyarəsi vurulub. O vaxt medianın yazdığına görə, təyyarədə 13 nəfər heyət, eləcə də İranın Moskva səfirliyi əməkdaşlarının 19 nəfər ailə üzvü (9-u uşaq olmaqla) olub. Novruz bayramını qeyd etmək üçün ölkələrinə gedən təyyarədəki şəxslərin hamısı həlak olub.

İlkin versiyaya görə, təyyarə Rusiya, Gürcüstan və Ermənistan üzərindən uçaraq İranın hava məkanına daxil olmalı imiş. Amma nədənsə marşrutdan çıxaraq Gürcüstandan Ermənistana deyil, Azərbaycan ərazisinə dönüb. Azərbaycan ərazisində isə (Qarabağ bölgəsində) aktiv hərbi əməliyyatlar gedirdi. Azərbaycanın Qarabağ bölgəsində terrorçu birləşmələrin nəzarətində olan ərazilərdə isə hərbi-diplomatik qaydalar gözlənilmirdi. Bu səbəbdən terror birləşmələri nəzarət etdikləri hava məkanına daxil olan təyyarənin Azərbaycana məxsus olduğunu zənn edərək, dəqiqləşdirmədən atəş açmışdılar. Bəlli olub ki, İrana məxsus “Lockheed C-130 Hercules” sərnişin təyyarəsi “Osa” ZRK tipli raketlə məhv edilib.

Sonradan məlum olur ki, pilot dispetçerə idarəetmədə problemlər olması barədə xəbərdarlıq siqnalı göndərib. Lakin dəhşətli terror hadisəsi törətmiş birləşmələr səhv etdiklərini anlasalar da, bu mesajı əldə dəstəvuz edərək, təyyarənin yerə çırpılması nəticəsində qəzaya uğradığını iddia ediblər.

“Qafqazinfo” xəbər verir ki, “Faktyoxla Lab.” hadisə ilə bağlı həm Ermənistan, həm də İran mediasını araşdıraraq məsələyə aydınlıq gətirməyə cəhd edib.

Araşdırmanı təqdim edirik:

Əvvəlcə Ermənistan mediasında gedən xəbərləri incələdik.

Ermənsitan mediasında 1or.am saytının “Tarixdə bu gün” adlı rubrikasında bu barədə yalnız bu xəbər qeyd olunur: “1994 — Stepanakert şəhəri yaxınlığında İran diplomatlarının ailələrini Moskvadan Tehrana aparan İranın C-130 hərbi-nəqliyyat təyyarəsi Ermənistan silahlı qüvvələri tərəfindən vurulub, 19 sərnişin və 13 ekipaj üzvü həlak olub.

Ermənistan mediasında “İranın C-130 təyyarəsinin qəzaya uğraması” başlığı altında məqalə (icmal) verilib. Həmin məlumatda qeyd olunur ki, İranın “Lockheed C-130 Hercules” təyyarəsi Ermənistan silahlı qüvvələri tərəfindən vurulub. 1994-cü il martın 17-də daha çox Ballıca kimi tanınan Xankəndindən 10 kilometr aralıda yerləşən “Aygistan” qəsəbəsində “C-130” sərnişin təyyarəsinin vurulması baş verib. Təyyarədə İranın Moskvadakı səfirliyinin əməkdaşlarının ailə üzvləri olub. (Human Rights Watch/Helsinki, Christopher Panico, Jemera Rone. Azerbaijan: Seven years of conflict in Nagorno-Karabakh. Human Rights Watch, 1994. ISBN 1564321428, 9781564321428, p. 108 )

Bu məlumatı “The Independent” qəzetinin 19 mart 1994-cü il və 29 mart 1994-cü il tarixli saylarında çıxan məqalələrində, “Коммерсантъ”-ın isə 01.04.1994-cü il tarixli № 58 (526) sayında əks etdiriblər.

Mənbələrdə də təyyarənin marşrutundan çıxaraq Dağlıq Qarabağ hava məkanına daxil olması və ekipajın mexaniki nasazlıqlar barədə “yerli” operatora xəbər verməsi haqda qeydlər var. Bütün mənbələr bildirir ki, xəbərdarlıq göndərilməsinə baxmayaraq (yerli radioqəbuledicilər terrorçu birləşmələrin nəzarətində olub) bir müddət sonra təyyarə qəzaya uğrayıb.

Hadisə ilə bağlı keçirilən mətbuat konfransında Ermənistan xarici işlər nazirinin müavini Jirayr Liparityan bildirib ki, təyyarə Rusiya, Gürcüstan və Ermənistanın hava məkanlarından keçərək İrana çatmalı idi. Lakin təyyarə öz marşrutundan təxminən 100 kilometr yayınaraq Gürcüstan hava məkanından Ermənistana deyil, Azərbaycan ərazisinə, daha sonra isə müharibə zonasında – Dağlıq Qarabağda peyda olub. Bu barədə “Los Angeles Times”-ın 19 mart 1994-cü il tarixli buraxılışında yayılan xəbərdə qeyd olunub. (32 Die as Iranian Plane Strays, Crashes in Karabakh War Zone)

İranın Moskvadakı səfirliyi təyyarə qəzası nəticəsində 19 sərnişinin, o cümlədən 9-u uşaq və 13-ü ekipaj üzvü olmaqla hamısının həlak olduğunu açıqlayıb. Həlak olan İran vətəndaşlarının nəşləri Ermənistana aparılıb, İrəvanın Zvartnots Beynəlxalq Hava Limanından Tehrana göndərilib. Dəfn mərasimində Ermənistan Respublikasının vitse-prezidenti Qaqik Arutyunyan və baş nazirin müavini Vigen Çiteçyan iştirak ediblər.

Faciənin səbəblərini öyrənmək üçün İran Hərbi Hava Qüvvələrində xüsusi komitə yaradılıb. Komitənin sədri Abdat Aminian Ermənistan Respublikasının vitse-prezidenti Qaqik Arutyunyanın təyyarənin uçuş zamanı idarəetmə sistemlərinin nasazlığı səbəbindən idarəetməni itirməsi və qəzaya uğraması ilə bağlı versiyasını təkzib edib. İran Xarici İşlər Nazirliyinin nümayəndəsi bəyan edib ki, “təyyarə hələ dəqiqləşdirilməmiş səbəblərdən marşrutdan yayınaraq, sonradan yerə çırpılıb. (Mənbə: ИТАР-ТАСС, March 22, 1994. Remains of Iranians killed in Thursday crash sent to Iran).

Təyyarənin Ermənistan silahlı qüvvələri tərəfindən atılan iki raketlə vurulduğunu bildirən Aminian qeyd edib ki, Ermənistan tərəfi təyyarənin qəzaya uğramasına görə məsuliyyəti öz üzərindən atıb. Aminian onu da bildirib ki, Ermənistan qoşunları İran təyyarəsini Azərbaycan təyyarəsi olaraq qəbul edib və təyyarənin kimə məxsus olduğunu öyrənmək üçün ekipajla əlaqə saxlamağa belə cəhd göstərməyiblər. (Mənbə: ИТАР-ТАСС, March 31, 1994. Iranian C-130 plane was downed by two missiles)

İran Xarici İşlər Nazirliyinin yaydığı rəsmi açıqlamada İran Hərbi Hava Qüvvələrinə məxsus C-130 tipli təyyarənin məhv edilməsində bütün günahın Ermənistan silahlı qüvvələrinin üzərinə atıldığı bildirilir. Bəyanatda deyilirdi ki, “İran məhkəməyə müraciət etmək və təyyarə qəzasının qurbanları üçün təzminat almaq hüququnu özündə saxlayır, həmçinin Ermənistan rəhbərliyini hərbi təyyarənin vurulmasına görə məsuliyyət daşıyanları müəyyənləşdirib cəzalandırmağa çağırır”. (Mənbələr: Associated Press, March 28, 1994. Iran Says Armenian Forces Downed Airplane Killing 32. BBC, March 30, 1994. Foreign Ministry says Armenian troops shot down Iranian passenger aircraft).

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi təyyarənin qəzaya uğradığı gün aparılan radio danışıqların səs yazılarını İran tərəfinə təqdim edib. Səs yazısında belə bir cümlə eşidilir: “Biz indicə Azərbaycan hərbi təyyarəsini vurduq”. (Mənbə: Независимая газета, March 26, 1994. „We Just Downed Azeri Military Plane.“ Azeri Intelligence Holds Stepanakert Radioed Such A Message To Yerevan On Day Of Iranian C-130 Disaster). Azərbaycan kəşfiyyatı hesab edir ki, hərbi təyyarə “Osa” tipli zenit-raket kompleksinin atəşi ilə vurulub.

Bəzi rusiyalı ekspertlər İran təyyarəsinin kəşfiyyat missiyasını yerinə yetirmək üçün öz marşrutundan kənara çıxdığını güman edirlər. (mənbə: The Christian Science Monitor, March 22, 1994. Wendy Sloane. Crashed Iranian jet may have been spying). Lakin İran Xarici İşlər Nazirliyi bu fərziyyəni təkzib edib. (Mənbə: ИТАР-ТАСС, March 22, 1994. Iran rejects its crashed C-130 was spying).

İran prezidenti Əli Əkbər Haşimi Rəfsəncani Ermənistanın vitse-prezidenti Qaqik Arutyunyanla Tehranda görüşü zamanı hərbi təyyarənin vurulmasında iştirak edənlərin hamısının cəzalandırılmasını tələb edib. (Mənbə: Associated Press, May 04, 1994. Iran Calls On Armenia To Expedite Plane Crash Investigation).

Tehranı tərk etməzdən əvvəl Arutyunyan İran təyyarəsinin “səhvən” məhv edildiyini etiraf edib, lakin günahkarların adlarını qeyd etməyib. (Mənbə: ИТАР-ТАСС, May 5, 1994. Iranian plane was shot down over Karabakh «by mistake»)

Human Rights Watch bəyan edirdi: “Müharibə qaydalarına görə, Qarabağdakı erməni hərbi birləşmələri atəş açmazdan əvvəl təyyarənin şəxsi tərkibini yoxlamağa borclu idi. Əgər onlar təyyarənin identifikasiya alətlərindən istifadə etməyiblərsə, bu, humanitar hüququn kobud şəkildə pozulması hesab olunur”. (Mənbə: Human Rights Watch/Helsinki, Christopher Panico, Jemera Rone. Azerbaijan: Seven years of conflict in Nagorno-Karabakh. Human Rights Watch, 1994. ISBN 1564321428, 9781564321428, p. 108)

Bir daha xatırladırıq ki, bu informasiyalar təyyarə vurulduğu dövrdə Ermənistan, habelə tanınmış beynəlxalq medianın yaydığı məlumatlara istinadən hazırlanıb.

İndi isə İran mediasının yazdıqlarına diqqət edək.

Araşdırma nəticəsində bəlli oldu ki, Qarabağ səmasında, daha dəqiq desək, Azərbaycanın Xankəndi şəhərinin erməni terrorçularının nəzarəti altında olduğu vaxt (17 mart 1994-cü il tarixində) İranın Rusiyada fəaliyyət göstərən diplomatlarının və ailə üzvlərini daşıyan C-130 hərbi-nəqliyyat təyyarəsinin işğalçı Ermənistan qoşunları tərəfindən vurulması bu ölkədə ən çox senzuraya məruz qalan məsələlərdən biridir. Belə ki, ötən illər ərzində demək olar ki, bu mövzu barədə heç bir mətbuat orqanına yazmaq, danışmaq və günahkarların cəzalandırılmasını tələb etmək icazəsi verilməmişdir. Kəskin senzuranın tətbiq olunduğu bu mövzu haqqında İran rəsmi və yarım-rəsmi mətbuatında məsələ ilə bağlı yalnız 1-2 yazıya rast gəlmək mümkündür.

Buna baxmayaraq, uzun illərin sükutdan sonra ermənilərin vurduğu İran təyyarəsi barədə 1 avqust 2017-ci ildə İran rejiminə yaxın təbrizli kinomatoqraf Möhsün Hadinin Qarabağ müharibəsi ilə bağlı Azərbaycan dilində çəkdiyi “Arazın dayaz günü” adlı 70 dəqiqəlik sənədli filmin təqdimatı zamanı yenidən söz açılıb.

Filmin təqdimatı ilə bağlı müəllifin mətbuata verdiyi açıqlamanın “İran İslam İnqilabı Keşikçiləri Korpusu”na (Sepah-red.) yaxın “Fars” xəbər agentliyi və rəsmi İSNA xəbər agentliyində dərc edilmiş məqalələr bir çox saxtakarlıqların üzərinə işıq salır. Əlbəttə, çoxları düşünə bilər ki, bu film ermənilərin azərbaycanlıların başına gətirdikləri müsibətlərdən bəhs edir. Lakin bu belə deyil. Film ermənilərin azərbaycanlıların başına gətirdikləri müsibətlərdən daha çox, İranın guya müharibə zamanı Azərbaycana hansısa yardımlar göstərməsinə dair saxta məlumatlara həsr edilmişdir. Bununla da molla rejiminin təbliğatçıları Azərbaycan xalqının düşüncəsində özlərinə dəstəkçilər tapmaq məqsədi güdmüşlər. Filmin təqdimatından da məlum olmuşdur ki, İran burada da öz xislətini biruzə verir. Belə ki, filmdə təyyarənin ermənilər tərəfindən vurulmasının ört-basdır edilməsi üçün onu ermənilərin deyil, yalnız münaqişə tərəflərindən birinin vurduğunu bildirilmişlər. Buna baxmayaraq, müəllif Möhsün Hadinin filmin çəkilişi ilə bağlı verdiyi müsahibədə səsləndirdiyi fikirlər İranda ermənilərin törətdiyi bu terror aktının hansı səviyyədə ört-basdır edildiyindən xəbər verir. Belə ki, müəllif  uzun illər Qarabağ müharibəsində İran vətəndaşlarının da “şəhid olduğu”nu eşitdiyini bildirib. Lakin faktiki olaraq ilk dəfə Tehranda yerləşən “Əli Əkbər ziyarətgahı”nda basdırılmış şəxsləri ziyarət edərkən 2 ana və 2 övladının məzarlarının üzərində onların Qarabağda həlak olduğunun yazıldığını görür. Bundan sonra M.Hadi bu şəxslərin həlak olması ilə bağlı ətraflı məlumat almaq üçün İranda “şəhidlər”in məlumatlarının saxlandığı “Şəhid Fondu”na müraciət etsə də, fonddan ona yalnız həlak olmuş şəxslərin adları və “təyyarə qəzası”nda ölmələri barədə məlumat verilib. Yəni bu, onu göstərir ki, rəsmi qurumlar tərəfindən də məsələ saxtalaşdırılıb və təyyarənin ermənilər tərəfindən vurulması deyil, qəzaya uğraması qeyd edilib.

Müəllif, həmçinin təyyarənin hava şəraiti ilə əlaqədar uçuş trayektoriyasını itirərək Qarabağa daxil olması və “müharibənin qurbanı” olmasına dair dezinformasiyaları təkrarlamış, bununla belə İranda bu məsələnin ört-basdır edildiyini, ölkə əhalisinin böyük əksəriyyətinin bu hadisədən məlumatlı olmadığını bildirib.

İran hökumətinin saxtakarlıq və mövzunu unutmağa yönəlmiş addımlarına rəğmən, hadisənin növbəti ildönümü zamanı, 18 mart 2019-cu ildə “Fars” xəbər agentliyinin Şərqi Azərbaycan redaksiyası “Arazın dayaz günü” sənədli filmi barədə qısa məlumata yer verməklə xəbər hazırlamışdır. Lakin burada jurnalistlər haşiyəyə çıxaraq hadisə barədə məlumat vermiş, təyyarənin Ermənistan ordusu tərəfindən vurulduğunu, bunun səbəbinin isə indiyə qədər məlum olmadığını qeyd etmişlər. Məqalədə, həmçinin hadisə barədə baş verdiyi ilk günlərdə yalnız rəsmi “İslam Respublikası” qəzetinin bir neçə xəbər dərc etdiyi, bundan sonra hadisə barədə heç bir məlumatın verilmədiyi bildirilir.  

15 oktyabr 2020-ci ildə, Vətən müharibəsinin qızğın günlərində İranın Xarici İşlər Nazirliyinə bağlı nüfuzlu “İran diplomatiyası” portalında Azərbaycana qarşı qərəzli dezinformasiyaların tirajlandığı məqalədə də mövzuya rast gəlmək mümkündür. Məqalədə 1994-cü ildə İran təyyarəsinin təcavüzkar erməni ordusu tərəfindən vurulması etiraf edilir. Lakin bu fikir ermənilərin terrorunu pisləmək üçün verilməyib. Məqalənin ruhunda Vətən müharibəsinin İrana guya təhdid yaratdığı aşılanır, ondan əvvəlki cümlədə də konkret zərər kimi birinci Qarabağ müharibəsində ermənilərin faktiki olaraq təyyarəni vurması İrana dəyən zərər kimi qeyd olunur. Əslində bu, Vətən müharibəsinin dayandırılmasına hesablanmış fikirlərdir.

Anti-Azərbaycan şəbəkəsinə daxil olan İranın “Azəriha” saytında dərc edilmiş məqalədə isə təyyarənin ermənilər tərəfindən vurulması ümumiyyətlə inkar edilmiş, onun Rusiya və Azərbaycan tərəfindən vurulmasına dair spekulyasiyalar tirajlanmışdır.

Hadisədən qısa müddət sonra isə nə İran rəsmiləri, nə də ölkə mətbuatı bu mövzunu bir daha dilə gətirməmişdir. Halbuki, 1998-ci ildə Taliban tərəfindən Məzari-Şərifdə yerləşən konsulluğunda çalışan 10 diplomat və 1 jurnalisti öldürülən İran buna reaksiya olaraq Əfqanıstanla sərhəddə 10 minlərlə hərbi qüvvə və texnika cəmləşdirərək əzələ nümayiş etdirmiş, Talibanla müharibəyə qərar vermişdir. Hücum qərarı son anda Əli Xamenei tərəfindən ləğv edilmişdir. Lakin həmişə ikili standartlara üstünlük verən İranın 1994-cü ildə ermənilərin törətdiyi terror nəticəsində diplomatlarının ailə üzvləri və azyaşlı uşaqlarının həlak olmasına nəinki bu qəbildən reaksiya vermədiyinin, əksinə bu hadisəni unutdurmağa çalışmasının və Ermənistana daha da güclü dəstək verməsinin şahidi olmuşuq. Yəni, bu terrora heç bir reaksiya verməyən İran, Vətən müharibəsi nəticəsində torpaqlarını azad etmiş Azərbaycana əzələ nümayiş etdirməyə cəhd etmiş, müharibədən sonra işğalçı terrorçuların deyil, Azərbaycanın sərhədlərində bir neçə hərbi təlim keçirmiş və bu gün də provokasiyalarına davam etməkdədir.

17 mart 1994-cü ildə Azərbaycanın Qarabağ bölgəsində İrana məxsus sərnişin təyayrəsinin erməni terror qruplaşmaları tərəfindən vurulması faktı doğrudur.

Ermənistan mediası bu hadisədə birbaşa günahkar Petrosyan hökumətini görsə də, İran hökuməti bunu inkar edir və məqsədli şəkildə unutdurulmasına çalışılır. 

Hadisə baş verən ilk günlərdə İran rəsmi olaraq Ermənistanı günahkar bilib, müvafiq şəxslərin cəzalandırılmasını istəmiş və kompensasiya tələb etmiş olsa da, sonradan öz məkrli maraqları naminə məsələyə ali səviyyədə göz yummaq qərarı verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir