Aydın Xan Əbilov: “Televiziyalarda evlilik proqramlarının çoxalması yaxşı haldır, çünki… ”

Aparıcı Kamran Həsənli TV Müsavat-ın efirində “Kamranla 1″ verilişində televiziya kanallarını tənqid edib.  Musavat.com xəbər verir ki, Kamran Həsənli 44 günlük savaşda şəhid olan Azərbaycan oğullarının təbliğinin aparılması gərəkdiyini deyib və bildirib ki, kanallar orta yaşlı insanları evləndirməyə xidmət etməməlidir.

Bu aktual məsələ ilə bağlı Yeni Müsavat qəzeti/saytı Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, yazıçı-kulturoloq Aydın Xan Əbilov və ekspertlərin münasibətini öyrənib.

Aydin Xan Əbilov:

“20-ci əsrin ortalarında dünyada gedən proseslər hələ indi gəlib bizə çatıb.

Məlum olduğu kimi, ötən əsrin 60-70-ci illərində ailə institutları, təsisatları artıq dağılmağa başlamışdı. Həmin vaxt dünyada maraqlı bir mərhələ, dalğa keçirdi, belə ki, tələbə hərəkatları, hippler hərəkatı başlamışdı və onun təsirindən qaynaqlanaraq, dünyada klassik mühafizəkar ailə dəyərləri dağılırdı. Bu, keçmiş SSRİ-də də başlamışdı. Artıq insanlar dövlətin bir kərpici olan möhkəm ailə dəyərlərinə deyil,  əskinə, liberal düşüncəli şəxslərə, fərdlərin azadlığını özündə ehtiva edən yeni model  ailə münasibətlərinə, o cümlədən ictimai nikah, qeyri-rəsmi nikah, dini kəbinə (istər xristian, İslam, istərsə də bütpərəstlikdə) üstünlük verirdilər. Hətta Avropanın bir çox ölkələrində nəinki qadın, kişi, hətta kişi-kişi, qadın-qadın, yəni eynicinsli nikahlar ortaya çıxmağa başladı. BMT indi artıq bu cür orta cinsi qəbul edir və bir sıra ölkələr eynicinsli nikahları da qəbul etməyə başlayıb. Buna görə də bir sıra sivil cəmiyyətlərdə buna qarşı formatlar yaranmağa başladı. Həmin formatlardan biri də ailə, tanışlıq, dostluq mərkəzlərinin, Karneqi klublarının yaradılması, eyni zamanda radio-televiziya, kütləvi informasiya vasitələrində tanışlıq şoularıdır.

İnternet və sosial şəbəkələrin geniş yayıldığı, televiziyaların inkişaf etdiyi 21-ci əsrdə bu tendensiya bizim ölkəyə çox gec gəlib çatdı. Çünki bizdə ailə dəyərləri hələ də qorunub saxlanılırdı, boşanmaya qarşı həm qanunda, həm də cəmiyyətin özündə kəskin fikirlərin, ictimai qınağın olması ona gətirib çıxartmışdı ki, ailələr rəsmi nikaha girəndən sonra dağılmağa meylli olmurdu. Hətta ailədaxili münaqişələr olsa belə, onu kənara çıxarmırdılar.

21-ci əsrin əvvəllərindən etibarən artıq televiziyalarda evlilik proqramlarının, saytların, elanların çoxaldığını müşahidə etməyə başladıq. Bu, normal haldır ondan və ondan qorxmaq lazım deyil ki, daha çox yaşlı nəsil bu məsələdə qabağa düşür. Bunun səbəbi isə ondan ibarətdir ki, gənclərin evlənməklə bağlı şansları daha böyükdür, onların problemləri daha azdır, həm də onların arxasında cəmiyyət, toplum, ailələri durur. Yaşlı insanların isə bu şansları çox azdır. Ümumiyyətlə, yaşlı insanlara qarşı çox qəddarıq. İstər pensiya yaşında olan qadınların, kişilərin boşandıqdan sonra yenidən evlənməsi hətta ailə üzvləri tərəfindən aqressiya ilə qarşılanır. Çünki burada ailə üzvləri özləri maddi maraq güdür, ata-ananın, nənə-babanın pensiyasını əldən buraxmamaq, evinə, mülkünə şərik çıxmaq istəyirlər. Bu hallar ona gətirib çıxartdı ki, əri ölmüş 30 yaşlı dul qadın belə ağbirçək sayılır və yaxud 40-50 yaşlı kişinin arvadı vəfat edəndə o, artıq pensiyaçı, ağsaqqal hesab olunur. O, hətta velosiped sürə, dostları ilə əylənə bilməz və sairə. Bu dəhşətli düşüncəyə qarşı əlbəttə ki, bir partlayış olmalı idi və bu partlayışı evlilik proqramlarında görürük. Bir daha qeyd edirəm ki, bu məsələni normal qarşılamalıyıq. İnsan tək yaşamaq istəmir, özlərinə dayaq, “qulaq dostu” axtarırlar. Biz bunun mənfi tərəflərini deyil, yalnız müsbət tərəflərini götürməliyik. Bu həm də cəmiyyətdə olan psixoloji gərginliyin  qarşısını ala biləcək variantlardan biridir”.

Xalidə GƏRAY

https://musavat.com/news/efirde-arvad-axtaranlara-destek-verenler-ve-tenqid-edenler_963775.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir