Ailələrdəki problem bəzən inqilabi dəyişiklərə aparıb çıxara bilər – VCA və YYSİB sədri Aydın Xan Əbilov
Azərbaycanda insan hüquqları, xüsusilə də qadın hüquqlarının müdafiəsi istiqamətində sistemli siyasət həyata keçirilir. Bu, qanunvericilikdə də əksini tapıb. Məişət zorakılığına məruz qalanların tibbi, sosial, hüquqi və psixoloji reabilitasiyası mühüm məsələlərdən biridir. Ailədaxili zorakılığı anlamaq və onun barəsində danışmaq bəzən çox çətin olur. Daim zorakılığa məruz qalmaq qorxusu, zorakılıq içində həyat zəif və həssas ailə üzvlərinin fiziki-psixoloji sağlamlığı üçün mənfi nəticələrə gətirib çıxara bilər. Cəmiyyət özü də bu sahədə fəallıq göstərməli, zorakılıq hallarının baş verməməsi üçün qüvvələrini birləşdirməlidir. Qadın zorakılığı ilə mübarizədə maarifləndirmənin vacib əhəmiyyəti vardır.
Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən tanınmış kulturoloq Aydın Xan Əbilov deyib ki, son illər dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycanda da xoşa gəlməyən, cəmiyyət tərəfindən ictimai qınağa səbəb olan, dövlət qanunları ilə ciddi cəzalandırılan bir sıra cinayət hadisələri baş verir.
“Bu hadisələrdə ya qadınların adları hallanır, ya qadınlara qarşı şiddət və cinayət əməlləri görürük, ya da qadınların özləri də bu hadisələrdə iştirak edirlər. Qınanılası və tənqid ediləsi məsələdir. İnanıram ki, Azərbaycan cəmiyyəti tezliklə bu mərhələni də keçə biləcək. Bir tərəfdən qadın hüquqlarından, gender bərabərliyindən danışırıq, amma digər tərəfdən bu hüquqları tələb edən şəxslərə qarşı, yumşaq desək, kobud etirazlar da edirik. Qadının sərbəst geyinməsi, restorana getməsi, sərbəst münasibətlər istəyi, boşanmaqla bağlı iddia qaldırması, kişi ilə bərabər ev işlərində, ailəyə baxmaqda, uşaqların tərbiyələndirilməsində, əmanət və daşınar, daşınmaz əmlakın bölgüsündə, aliment məsələsində də eynihüquqlu olması arzuediləndir. Amma bunlar hər iki tərəfdən ifrat dərəcədə tələb olunanda həm qadın, həm də kişi üçün problemlər yaradır. Nəticədə ailə daxilində münaqişələrin kəskinləşməsi, qadın qətllərinin, qadına qarşı şiddətin artması, ailə və demoqrafiya məsələlərinin ortaya çıxmasına səbəb olur. Bəzən bu problemlər o qədər kəskin olur ki, hətta dövlət orqanları, xarici beynəlxalq təşkilatlar belə öz analizlərində, analitik məlumatlarında kəskin tənqidi fikirlər söyləyirlər. Xanımlarımızın son vaxtlar bu və digər dərəcədə cinayətdə adlarının hallanması ilə yanaşı, xanımlara qarşı şiddət, boşanmış qadınların yenidən ailə qurmasına dözə bilməyən qısqanclıq edən ərləri tərəfindən bıçaqlanması kimi hallar artıq Azərbaycan cəmiyyətində adiləşməyə başlayıb. Halbuki bizdə qadınlara, analara, nənələrə, bacılara, gəlinlərə qarşı olan hörmət, izzət, sevgi dünyanın çox az xalqlarında olub, indi də belədir. Amma həyat davam edir. Müsbət tərəflərlə yanaşı, həyatın mənfi tərəfləri də var. Bunlardan biri də qadınlara qarşı kəskin münasibət, bəzi hallarda qadınların buna rəvac verməsi, digər hallarda köhnə mental dəyərlərin hələ də bəzi kəsimlərin beynində daşlaşması, dünya, zəmanə ilə ayaqlaşmamasıdır. Qadın zorakılığı, ailədaxili şiddət, sözsüz ki, ailələrdə böyük problem yaradır. Ailələrdə problem olanda bu, cəmiyyət və dövlətin özündə də müəyyən kəskin problemlərə və bəzən inqilabi dəyişiklərə aparıb çıxara bilər. Qonşu İranda çadralıların inqilabını, yaxud Azərbaycanın bağlı olduğu bir çox ölkələri yada salaq”.
Aydın Xan Əbilov qadınlarla bağlı məsələdə liberal çağırışlarla yanaşı, onlara olan münasibəti də dəyişməyin tərəfdarıdır: “İstənilən cəmiyyətdə liberal, radikal təkliflər, formatların oturuşması tələbi üsyanlar, inqilablara aparıb çıxara bilir. Bu üsyanlardan, inqilablardan indiyə qədər çox az xalqlar xeyir götürə bilib. Əlbəttə, Azərbaycanda bu qədər kəskin münasibət yoxdur. Amma qadınlara qarşı bəzi mənfi hallar, münasibətlər, kişilərin cəmiyyətdəki dominantlığı heç özləri də bilmədən xanımlarımızı hansısa dəyişikliyə aparıb çıxara bilər. Onlar müxtəlif xarici qüvvələrin təsiri altına düşə bilərlər. Artıq Azərbaycanda gender bərabərliyinin aşırı təzahürlərini, feminizmin çox eybəcər formada, səviyyəsiz təbliğini görürük. Bunların olmaması üçün cəmiyyətdə, ölkəmizdə dövlət orqanları, ictimai təşkilatlar, kütləvi informasiya vasitələri tərəfindən tanınmış adamların, analitik təfəkkür sahiblərinin iştirakı ilə debatlar, müzakirələr açılamalı, bununla yanaşı maarifçilik, neomarifçilik, təbliğat məsələləri gücləndirilməlidir. Əlbəttə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, eyni zamanda ictimai təşkilatlar bu məsələdə qabağa düşməlidirlər. Qadına, anaya olan basqı, şiddət, təzyiq həm cəmiyyətə olan basqı, şiddət, təzyiq kimi, həm də dövlətimizin milli maraqlarına təhdid kimi qəbul edilməlidir. Düşünürəm, bir çox hallarda qadınlara, kişilərə qarşı hansısa cinayət hadisəsi zamanı qadınlarla əlaqədar məsələlər daha da vüsət almasın deyə cəza mexanizmi çox şiddətli, kəskin olmalıdır. Kişilərə keçə bilmədiyimizi bəzi məsələlərdə qadınlara keçməliyik. Qadınlara qarşı törədilən cinayət hadisələri zamanı verilən cəza iki-üç dəfə daha ağır olmalıdır. Əks halda, sadəcə, maarifçiliklə məsələnin həlli mümkün deyil. Azərbaycan xanımı çox şeyə qadirdir. Bunu 44 günlük müharibədə də, 30 illik qaçqın və məcburi köçkün həyatı dövründə də, Sovet dövründə və bundan əvvəlki dövrlərdə də gördük. Azərbaycan xanımlarının cəmiyyətin, məmləkətin inkişafındakı xidmətlərini əla bilirik. Hazırda da kişilər xaricə getsələr də, Rusiyaya səpələnsələr də, xanımlarımız heç yerə getmədilər. Sona qədər Azərbaycanın inkişafında, müstəqilliyinin bərpa edilməsində, yeni nəslin tərbiyəsində, kişilərin atıb getdiyi ocaqların işığının sönməməsindəki rolunu nəzərə alıb, xanımlara olan münasibətimizi daha da inkişaf etdirməliyik. Onlara qarşı təhdid, şiddət, kobud hərəkət görən kimi bunu kəskin pisləməli, ictimai qınağa tuş gətirməli, çox ciddi cəzalarla belə halları aradan qaldırmağa çalışmalıyıq”.
Aytəkin Qardaşova,